Dərc edilib: 22-02-2017

https://www.nuh.az/9696-.html

Baş redaktor birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi

22.02.2017 18:42:33

Hadisə

Peyman Sadıqov: Həyatım təhlükə altındadır


Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov təhqirlərə və təzyiqlərə məruz qalması ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:


Hörmətli Mehriban xanım! Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğı əvəzolunmazdır. Bu gün Sizə ünvanlanan bütün məktublar müsbət nəticə verməklə yanaşı, həmin an öz həllini tapır və layiqincə ölkə vətəndaşlarına köməklik göstərilir. Xüsusilə mətbuat işçilərinin problemlərinin həllində göstərdiyiniz yüksək köməklik  təqdirə layiqdir və bütün jurnalistlər tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu gün ölkəmizdə azad söz və azad mətbuat var. Xüsusilə vurğulamaq istəyirəm ki, ölkə başçısı cənab İlham Əliyevin  Azərbaycan mətbuatına göstərdiyi qayğı və diqqət göz önündədir. Ulu öndər, dahi insan Heydər Əliyevin belə bir kəlamı var. “Mən o jurnalistə minnətdar olaram ki, mənim bilmədiyim, eşitmədiyim faktları, nöqsanları mənə doğru-düzgün çatdırsın”.  Biz  də bu gün ölkəmizdə olan söz azadlığını üstün tutaraq, haqq-ədalət uğrunda mübarizəmizi aparırıq, qanuni şəkildə peşə fəaliyyətimizi yerinə yetiririk. Həmişə dövlətimizin və dövlət başçımızın bütün uğurlu xarici və daxili siyasətini dəstəkləmişik. Bu bizim birbaşa vətəndaş olaraq borcumuzdur. Lakin buna baxmayaraq məmur özbaşınalığını, onların törətdiyi haqqsızlığı və bir çox nöqsanları qələmə aldığımız an ciddi qarşıdurmalarla, iradlarla, hətta təhdid və hədələrlə üzləşirik. Əgər hər hansı bir mövzumuz, haqqında dərc etdiyimiz şəxs narazıdırsa, qaranlıq məsələyə aydınlıq gətirmək istəyirsə, öz mövqeyini bildirə bilər, bu təbii haldır. Qayda-qanunlara uyğun olaraq biz qarşı tərəfi də dinləməyə hazırıq. Və hər mövqe bildirən şəxsə də qarşı yüksək dəyər veririk. Mən şəxsən bunu belə qiymətləndirirəm. 


Baş redaktor birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etdi

 

Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsəm  də buna son dərəcədə məcburam. Çünki həyatım təhlükə altındadır. Belə ki, Politika.az saytında "SOS: Ölkədə xərçəng yayan nitrit maddəsi "Lider" kolbasalarına qatılır? - İttihamlar"  başlığı altında məqalə dərc olunmuşdu. Həmin yazını ölkə mətbuatının bir neçə xəbər portalı dərc etməklə yanaşı, rəhbəri olduğum Xalqxeber.Az xəbər portalı da istinadla xəbəri dərc etmişdi. Həmin yazı dərc olunandan sonra redaksiyanın əlaqə telefonuna qeyd etdiyim ( 055-385-97-74 ) nömrəsindən zəng gələrək, özünü Ağagülov Cavanşir kimi təqdim edən şəxs mənə hədə-qorxu gələrək təhqir etməyə başlamışdır. Dərc olunan yazıya münasibət bildirmək əvəzinə ağır söyüşlər işlədən Cavanaşir adlı şəxs məni təhqirlərə, təzyiqlərə məruz qoymuşdur. Mən ona yazının Politika.az saytına istinadən dərc olunduğunu nə qədər anlatmağa çalışsam da o, mənə söyüşlər söyməkdə davam etmiş və məni ölümlə hədələmişdir. Dünən axşam saatlarında mənə yenidən zəng edərək, "Əgər sən mənə saytında xəbəri dərc edən işçini tapıb verməsən, mən səndən əl çəkməyəcəm və səni cəzalandıracam" deyə kəskin şəkildə danışmışdır. Sonda mənə bildirdi ki, sənin ofisin harda yerləşir, mən də öz növbəmdə ona qeyd etdim ki, Azərbaycan Nəşriyyatında otururq. Cavanşır Ağagülov mənə bildirdi ki, səni pis günə qoyum səndə bax və səni yaşamağa peşman edəcəm. Durmadan ağır söyüşlər işlədən Cavanşir müəllim məni ölümlə hədələməkdən belə çəkinmədi. Mən onunla dəfələrlə nəzakətli və etika ilə danışmağa çalışsamda o, öz növbəsində hədə-qorxu gələrək ağır söyüşlər işlətməyə davam edirdi. 

Hörmətli Mehriban xanım!

İş adamının mənə necə hədə-qorxu gələrək, ağır söyüşlər işlətməsi və ölümlə hədələməsi ilə bağlı səs yazıları hamsı qeydə alınıb. Həmin səs yazılarını Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa təqdim etməyə hazıram. 
Çox xahiş edirəm mənim həyat təhlükəsizliyimi təminat altına alın və mənə hədə-qorxu gələrək, ağır söyüşlər söyən "Lider RM" şirkətinin sahibi Ağagülov Cavanşir barasində ciddi şəkildə ölçü götürülməsi ilə bağlı xüsusi tapşırıq verəsiniz. İnanıram ki, ölkə vətəndaşlarına xüsusilə mətbuat işçilərinə göstərdiyiniz diqqət və qayğını məndən əsirgəməyəcəksiniz.
Şəxsiyyətinizə daim artan dərin ehtiram hissləri ilə.

Xalqxeber.Az xəbər portalının baş redaktoru 
Peyman Sadıqov

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib