Dərc edilib: 09-03-2017

https://www.nuh.az/9860-.html

Dəhşətli qəzada ölənlərin sayı 5-ə çatdı; 17 yaralı - VİDEO - YENİLƏNDİ

09.03.2017 12:53:59

Cəmiyyət

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.

Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.

Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.  

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Universitetdən APA-ya verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb.

***

Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Qaynar" bakipost-a istinadən xəbər verir ki, şosenin Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobus dəmir məhəccərə çırpılıb. Nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun  törətdiyi qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, 3 nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandır.

O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.

Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova AzVision.az-a bildirib ki, ölənlərdən ikisi onların tələbəsidir.

Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib. Bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib.

Hal-hazırda Sumqayıt Dövlət Universitetinin rektoru, prorektorlar və dekanlar hadisə yerinə gəliblər.

İlkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb.

Hadisə şahidlərinin bakipost.az-a göndərdiyi videonu təqdim edirik.

 

  NUH.az

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib