4 saylı Şirvan “MERO”-su yol qəzalarındakı ucuz ölümlərə səbəb olur
Azərbaycanın regionlarındakı «avtoşkola»ların himayəçisi kimdir və niyə bu məktəblərdəki biabırçılığa son verilmir?
Bu yaxınlarda ölkənin aparıcı televiziyalarında 2016-cı ildə Respublikanın yollarında baş verən avtoqəzalarda həlak olanların və ağır xəsarət alanların sayı açıqlandı.
Bu məqsədlə bəzi rayonlarımızda fəaliyyət göstərən sürücülük məktəblərində tədrisin hansı vəziyyətdə olması ilə bağlı jurnalist araşdırması aparmağı qərara aldıq. Araşdırmanın nəticəsini oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik. Bu məqsədlə Şirvan şəhərində, Salyan, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında yerləşən sürücülük məktəblərinin müəllim və kursantları ilə görüşüb söhbət etmək üçün yuxarıda adları çəkilən məktəblərdə olduq. Amma…
***
…Amma bu məktəblərdən dərin təəssüf və kədər içində ayrıldıq, başa düşdük ki, nə üçün ölkəmizin müasir tələblərə cavab verən avtomobil yollarında bu qədər qəzalar olur…
***
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin tabeliyində “Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı” MMC adlı bir qurum var. Bu MMC-nin tərkibində fəaliyyət göstərən bu məktəblərin adlarının olub, əslində isə özlərinin mövcud olmamasının şahidi olduq. General Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətin tabeliyindəki bu MMC sözün əsil mənasında bizdə MMC deyil EOSOC, yəni, «evdə otur sürücü ol!» Cəmiyyəti təəssüratı yaratdı. Araşdırma apardığımız məktəblərin bir neçəsi aşağıdakı rayonlarda yerləşir: 3-ü Salyanda, 2-si Şirvanda, 2-si Sabirabadda, 1-i Saatlıda, 1-i isə Hacıqabulda.
İlkin olaraq Salyan rayonundakı məktəblərdə olduq. Olduq deyəndə ki, hər üç məktəbin qapısından qıfıllar asılmışdı. Məktəblərin bağlı olmasının səbəbini kimsədən öyrənə bilmədik. Məktəblərin həyətində sovet dönəmindən qalma bir neçə sökülüb dağılmış və istifadəyə yararsız bir-iki yük maşınlarının skeletləri var idi. Ancaq bizdə olan məlumata görə, bu maşınlar guya işlək vəziyyətdədir. Onlara hər gün yanacaq və sürtgü yağları yazılaraq silinir. Ona görə ki, guya bu maşınlarla kursantlara təlim keçirilir. Hər məktəbdə, yəni Faiq Misgərli və soyadını öyrənə bilmədiyimiz Nazim adlı müəllimin rəhbərlik etdiyi məktəblərin hər birində bir neçə təlim üçün nəzərdə tutulmuş minik avtomobili var.Bəs necə olur ki, qapısı qıfıllı bu məktəbləri “uğurla” bitirən yüzlərcə gənc Şirvan «MERO»da “müvəffəqiyyətlə” imtahan verib sürücülük vəsiqəsi alır?Ancaq bu avtomobillər Nazim və Faiq müəllimin şəxsi xidmətindədir, məktəbə təlim üçün ayrılan yanacaq və sürtgü yağlarını da onlar şəxsi özləri üçün istifadə edirlər.
Gündüz Soltanovun rəhbərlik etdiyi məktəb isə ümumiyyətlə, yox səviyyəsində idi. Nədənsə bu məktəbin “kursantları” da eyni imtahan bölməsində uğurla imtahan verərək, vəsiqə alırlar.Şirvan şəhərində gördüklərimizdən utandıq…
Yuxarıda adları çəkilən rayonlarda araşdırmamızı başa çatdırandan sonra ümid edirdik ki, Şirvan şəhərində uzun illərdən bəri fəaliyyət göstərən, şanlı keçmişi olan və ölkəmizə uzun illər şərəflə xidmət edən, hal-hazırda İlham Hüseynovun rəhbərlik etdiyi məktəb arzularımızı doğruldacaq. Ancaq əfsuslar olsun ki, arzumuz gözümüzdə qaldı. Məktəb suyu sovrulmuş dəyirmana bənzəyirdi. Məktəbin yerində uçuq-sökük, köhnə bir mərtəbəli binadan başqa heç nə yox idi. Məktəbin həyətində yaşlı bir adam çox hüznlü bir şəkildə köhnə binaya baxırdı. Ona yaxınlaşıb məktəbdə kimsənin olub-olmadığını soruşdum. Cavab verdi ki, məktəb bağlanıb. İlham müəllim isə gününü çayxanalarda domino oynamaqla keçirir.
Bəli, bax indi başa düşdüm ki, ölkəmizdə bu qədər qəzalar hansı səbəbdən baş verir. Yaxud da ki, belə sürücülük məktəblərini “bitirən” gənclərimizə hərbi texnikanı etibar etmək olarmı? Sonda üzümü “Hərbi vətənpərvərlik və Mütəxəssis hazırlığı” MMC-nin rəhbərliyinə üz tutaraq soruşmaq istəyirik: cənablar, axı biz kimi aldadırıq? Xalqı, yoxsa özümüzü, dövləti?