Dərc edilib: 15-03-2017

https://www.nuh.az/9958-.html

Deputatdan 5 qızın ölümünə görə “Azəriqaz”a - İttiham

15.03.2017 20:23:55

Hadisə

Xırdalanda 2-si tələbə olmaqla, 5 qızın dəm qazından boğularaq həyatını itirməsinə etirazlarla yanaşı, bu faciənin günahkarlarının ünvanına ittihamlar da davam etməkdədir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Elmira Axundova "Haqqın.az”a açıqlamasında "Azəriqaz”ın insanların həyatına və sağlamlığına məsuliyyətsiz yanaşmasından hiddətləndiyini bildirib: 

"Dəm qazı nəticəsində baş verən silsilə ölümləri durdurmaq lazımdır. "Azəriqaz müəyyən ödəniş qarşılığında qaz sayğacları quraşdırdığı mənzillərdə Karbon Oksidin səviyyəsini göstərən xüsusi cihazlar da quraşdıra bilər. Hələ ki, təhlükəsizlik tələblərində Karbon Oksidin təhlükəli həddə çatdığına dair xəbərdarlıq edən qurğularla bağlı bənd yoxdur. Ancaq bu müddəanı mütləq "Azəriqaz”la abonent arasında bağlanan müqaviləyə daxil etmək lazımdır.”

Deputat həmçinin, "Azəriqaz”ı əhaliyə verilən mavi yanacağı xəbərdarlıq etmədən kəsməkdə və eyni qaydada, heç bir məlumat verilmədən yenidən mənzillərə verməkdə günahlandırıb:

”Mənim ata evim "Azdrama”nın arxasında – Mustafa Sübhi küçəsində yerləşir. Orada tikinti işləri gedir. "Azəriqaz” heç bir məlumat vermədən tikintiyə yaxın əraziyə təbii qazın verilməsini dayandırır, sonra da heç bir xəbərdarlıq etmədən bərpa edir. Bu isə insanların həyatı üçün ciddi təhlükə yaradır”.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib