Vardanyan 30 gün vaxt istədi
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs rus dilində tərcüməçi, habelə müdafiə üçün vəkillərlə təmin olunub.
Məhkəmə hazırlıq iclasında zərərçəkmişlərin, onların hüquqi varislərinin bir hissəsi və onların müdafiəçiləri də iştirak ediblər.
Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilinin vəsatətlərinə baxılıb.
Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət işinin materialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinə səmərəli hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsini məhkəmədən xahiş edib.
“Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq istəyirəm”, - deyə o əlavə edib.
R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə tanış olmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilən şəxsin öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquq ədəbiyyatlarına çıxış imkanı yaradılmasını xahiş edib.
Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət bildirib.

Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaət prinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bu günə qədər iş materialları ilə t
anış olmaq üçün kifayət qədər vaxt verildiyini, o cümlədən ötən prosesdə təqsirləndirilən şəxsin vəsatəti əsasında istintaq materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının müddətinin lüzumsuz uzadılmasına qarşı çıxıb.
Daha sonra dövlət ittihamını müdafiə edən digər prokuror çıxış edərək vurğulayıb ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmayıb, ittiham aktı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilib, məhkəmə aidiyyəti qaydalarına riayət olunub.
Nəticədə prokuror təsirləndirilən şəxsin ittiham olunduğu maddələr üzrə məhkəməyə verilməsini və məhkəmə baxışının təyin edilməsini, habelə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.
R.Vardanyanın vəkili isə cinayət işinin hazırkı mərhələdə baxışa verilməsinə etiraz edib, əlavə vaxt verilməsi üçün hazırlıq iclasının təxirə salınmasını xahiş edib.
Sonra məhkəmə vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub.
Qərara əsasən, R.Vardanyanın cinayət işi materialları ilə tanış olmaq üçün əlavə vaxt verilməsi ilə bağlı və digər vəsatətləri təmin edilməyib.
Hakim qeyd edib ki, ibtidai istintaq yekunlaşdıqdan sonra təqsirləndirilən şəxsə iş materialları ilə tanış olmaq üçün vaxt verilib, daha sonra isə məhkəmə hazırlıq iclasının ilkin mərhələsində təqsirləndirilən şəxsə iş materialları ilə daha ətraflı tanış olmaq üçün əlavə vaxt verilib. Məhkəmə həmin müddətləri yetərli hesab etdiyindən vəsatəti təmin etməyib. Habelə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirini dəyişmədən saxlayıb.
Cinayət işi məhkəmə baxışına verilib və məhkəmənin növbəti iclası fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Daha sonra Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsin bir qismi, habelə onların nümayəndələri iştirak ediblər.
Əvvəlcə təqsirləndirilən şəxslərin - Bako Saakyanın, Erik Qazaryanın, Araik Harutyunyanın, Melikset Paşayanın, Arkadi Qukasyanın, Levon Mnatsakanyanın, Vasili Beglaryanın, Davit Allahverdiyanın vəkilləri çıxış edərək, yeni vəsatətlər təqdim ediblər.
Müdafiəçilər verilmiş ittihamların bir qisminin təqsirləndirilən şəxslərə aid olmadığını bildirərək, cinayət təqibinə həmin hissələrdə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.
Təqsirləndirilən şəxslər vəkillərinin vəsatətlərini müdafiə ediblər.
A.Harutyunyanın vəkili vəsatət verərək, sübut siyahısına əlavə olunması üçün məhkəməyə sənəd təqdim edib.
İttiham tərəfi həmin sənədin sübutlar siyahısına əlavə edilməsinə etiraz etməyib, lakin qeyd olunan sənədin mötəbərliyinin məhkəmə istintaqının gedişində tədqiq olunacağını bildirib.
Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə hissəvi xitam verilməsinə dair vəsatətlərin təmin olunmamasını xahiş edib.
Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri də çıxış edərək, ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.
Prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində iştirak edən Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək, vəsatətlərin təmin olunmamasını xahiş edib.
.jpeg)
Sonra prokuror çıxış edərək cinayət işi üzrə məhkəmə aidiyyəti qaydalarına riayət olunduğunu, prosessual sənədlərin tərtibatında səhvə yol verilmədiyini, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin edildiyini, onların barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını bildirib və məhkəmə baxışının təyin olunmasını təklif edib.
Məhkəmə verilən vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə tərkibi müdafiə tərəfinin ötən məhkəmə prosesində və hazırkı iclasda qaldırdığı vəsatətlər barədə qərarı elan edib.
Qərara əsasən, müdafiə tərəfinin bəzi təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması və cinayət işinə bəzi epizodlarda hissəvi xitam verilməsi ilə bağlı vəsatətləri təmin etməyib.
A.Haruyunyanın təqdim etdiyi sənəd iş materiallarına əlavə olunub.
Həmçinin məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin olunub.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.








- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
