Əliyevlə Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdi - Fotolar

Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdiblər.
Sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı olub.
***
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.
Hörmətli mərasim iştirakçıları.
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə iştirak edirik.
Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına çox önəmli töhfə vermişdir.
Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.
Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak edirik.
Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə yeni uğurlar diləyirəm. Sağ olun.
-Əziz Qardaşım Prezident İlham Əliyev.
Hörmətli nazirlər, hörmətli qonaqlar.
Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.
Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş gəldiniz!” deyirəm.
Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra onlarla birlikdə Türkiyə və Azərbaycan üçün ayrıca xatirə şəkillərimizi çəkdirəcəyik.
Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında Azərbaycan xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.
Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.
Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.
6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvanla elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik.
Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə, istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.
İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan, ailəm adından və millətim adından təşəkkürümü bildirirəm.
***
Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz kəmərini işə saldılar.
Sonda xatirə fotosu çəkdirildi.








- Rusiyanın miqrantlardan depozit tələbi - Məqsəd nədir? - Açıqlama
4 iyun 2025 01:11
- Qalmaqallı məktəblə bağlı yeni faktlar - Direktor sənədləri saxtalaşdırıb - FOTO+VİDEO
3 iyun 2025 20:46
- Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı
3 iyun 2025 16:05
- Azərbaycanlı deputat ÖLKƏDƏN QAÇDI
3 iyun 2025 13:44
- Məmmədyarov: Minsk qrupunun ləğvi çətin məsələdir, çünki...
2 iyun 2025 23:54
- NAR uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
2 iyun 2025 21:22
- İlham Əliyev dünya çempionatının qaliblərini qəbul etdi YENİLƏNİB
2 iyun 2025 17:51
- Rusiya-Ukrayna danışıqları BAŞA ÇATDI
2 iyun 2025 17:27
- Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
2 iyun 2025 14:21
- 32 yaşlı müəllim vəfat etdi
2 iyun 2025 11:31
- Rusiyanın miqrantlardan depozit tələbi - Məqsəd nədir? - Açıqlama
04 iyun 01:10
- Cənubi Koreyada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
04 iyun 00:59
- Qırğızıstanın sabiq prezidenti 11,5 il azadlıqdan məhrum edildi
04 iyun 00:12
- Metro 3 ayda nə qədər qazanıb?
03 iyun 23:34
- Bakıda fantastik məbləğə şokolad satılır - VİDEO
03 iyun 22:25
- Mədət Quliyev istefa verdi - VİDEO
03 iyun 21:17
- Atatürkün dərslikdə yazdırdığı bu cümlə ABŞ-ın təsiri ilə çıxarılmışdı - Foto
03 iyun 21:03
- Qalmaqallı məktəblə bağlı yeni faktlar - Direktor sənədləri saxtalaşdırıb - FOTO+VİDEO
03 iyun 20:07
- Sənədsiz evlərdə yaşayanlara SEVİNDİRİCİ XƏBƏR - İyunun 15-dən...
03 iyun 19:35
- Prezidentdən yeni təyinatlar (SİYAHI)
03 iyun 18:47
- Həbsdə olan Adəm Məmmədovun ifadəsi alınıb
03 iyun 18:24
- Oğlunun dəbdəbəli həyatı baş nazirin istefasına SƏBƏB OLDU - FOTO
03 iyun 18:10
- Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı
03 iyun 16:05
- Təhsilə ayrılan vəsait ÜDM-in 3,5 fazi, elmə ayrilan vəsait isə 0,16 faizi qədərdir - Əli Məsimli
03 iyun 15:52
- ƏHALİYƏ ŞAD XƏBƏR: Elektrik və qaz 3 dəfə ucuz ola bilər
03 iyun 15:39
- SSRİ-dən maaş alan Estoniya prezidenti - Stalin onu aldadıb və dəlixanaya yerləşdirib
03 iyun 13:57
- Azərbaycanlı deputat ÖLKƏDƏN QAÇDI
03 iyun 13:44
- Xarici jurnalistlərə 135 MİN xərcləyəcək
03 iyun 11:49
- Güclü külək Bakıda 16 ağacı aşırdı
03 iyun 11:35
- Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başladı
03 iyun 11:23
- İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
03 iyun 11:10
- Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?
03 iyun 10:09
- Şəmkirdə baş həkimi öldürmək istədilər - ŞOK faktlar
03 iyun 09:48
- Hindistanlı bloger Ərdoğandan niyə ÜZR İSTƏDİ ? - Video
03 iyun 09:35
- İranın Azərbaycandakı YENİ SƏFİRİ odur
03 iyun 09:21
- 2 il sonra üstü açılan qətlin....: Taksi sürücüsü bu qadını niyə öldürüb ? VİDEO
03 iyun 08:56
- Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?
03 iyun 01:53
- Alimlər insanların nə zaman 1000 il yaşaya biləcəyini açıqladı
03 iyun 01:29
- Ağır qəza: İki məktəblini maşın vurdu
03 iyun 01:17
- Qaçqınkom -çörəkpulu-nun ləğvi iddiasına münasibət bildirdi
03 iyun 00:19