1974-cü il noyabrın 23-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnev ABŞ-nin 38-ci prezidenti Cerald Ford ilə Vladivostokda strateji silahların məhdudlaşdırılmasını müzakirə etmək üçün görüşüb. İki günlük Rusiya-Amerika sammiti bu şəhərdə baş tutub.
SSRİ və ABŞ ilk dəfə 1972-ci ildə strateji silahların səhdudlaşdırılmasıına dair sazişi (SALT I) imzalayıblar. “SALT II” müqaviləsi döyüş başlıqlarının, buraxılış qurğularının və digər ölümcül avadanlıqların sayının daha da azaldılmasını özündə ehtiva edib ki, bunun da yaradılması və saxlanması həm SSRİ-yə, həm də ABŞ-yə böyük vəsaitə başa gəlib.
O zaman Vladivostok əcnəbilər üçün bağlı olub, çünki burada Sakit okean donanmasının bazası və Hind okeanında fəaliyyət göstərən Rusiya hərbi dəniz qüvvələrinin 8-ci “Hindistan” eskadrilyası yerləşib. Ford sammitin orada keçirilməsini təklif edib. O, əvvəllər Alyaskada olub və Yaponiyaya planlaşdırılan səfəri üçün həmin ərazi daha əlverişli hesab edilib.
Bütün Primorye Brejnev və Fordun gəlişinə hazırlaşıb. Səfərdən bir ay əvvəl Vladivostokun yollarını və küçələrini asfaltlamaq üçün bir milyon rubldan çox pul xərclənib. O zamanlar bu, böyük məbləğ olub. Qonağın hərəkət edəcəyi marşrut boyunca qəzalı vəziyyətdə olan binalar sökülərək 700-dən çox ailə yeni mənzillərə köçürülüb. İki dövlət başçısının gəlişi üçün şəhər əsaslı şəkildə təmizlənib və qırmızı bayraqlar asılıb.
Brejnev və Fordun təyyarələri Ussuriyskdən on kilometr şimalda yerləşən Vozdvijenka hərbi aerodromunda qəbul edilib. Amerika prezidenti “Boeing 707” ilə gəlib. Brejnev onu hava limanında qarşılayıb və liderlər Vladivostoka qatarla gediblər. Məhz buna görə də Vozdvijenka aerodromunun yanında tələsik şəkildə dəmir yolu platforması tikilib.
SSRİ-nin ABŞ-dakı səfiri Aleksandr Dobrınin həmin günü belə xatırlayıb: “Maşınla hava limanına qədər getdilər. Mənzərə sürreal idi - ağaclardan demək olar ki, heç bir bina olmayan geniş bir qar sahəsi (onlar anqarlarla birlikdə yerin altında basdırılmışdılar). Gecə ərzində təmizlənmiş bir uçuş-enmə zolağı istisna olmaqla, hər şeyin üzəri dərin qarla örtülmüşdü. Ford təyyarədən enəndə, Cek Londonun Alyaska haqqında hekayələrində olduğu kimi, ətrafdakı ağ sükut onu aydın şəkildə heyrətə gətirdi”.
Hava limanında Brejnev və Ford futbol oynamaq haqqında bir neçə yumoristik ifadələr mübadiləsi aparıblar və ilk dəfə əl sıxıblar. Qatar hərəkət etməyə başlayanda Brejnev Fordu içərisinə müəyyən qədər konyak əlavə edilən çayı içmək üçün vaqona dəvət edib. Diplomatların sözlərinə görə, Brejnev Ussuriyskdən Vladivostoka gedərkən beyin damarlarının spazmı keçirib. Həkimlərin səyi sayəsində qatarda onun sağlamlığı bərpa olunub, lakin Brejnevə Fordla danışıqları təxirə salmaq məsləhət görülüb. Brejnev isə qəti şəkildə imtina edib və baş verənlər barədə heç kimə məlumat verilməməsini təkid edib.
Danışıqlar noyabrın 23-də saat 18:00-da başlamalı olub. Təxminən iki saat söhbət etməyi, bundan sonra dincəlməyi planlaşdırıblar. Sonda danışıqlar qısa fasilələrlə gecə yarısına qədər davam edib. Müzakirələr zamanı Amerika nümayəndə heyəti nəzarət olunmadan danışıq üçün bayıra çıxıb.
“Belə fasilələrin birində Brejnev gəlib mənə taxta üzərində çəkilmiş portretimi təqdim etdi. Bu, mənə çox bənzəməsə də, heyrətamiz bir iş idi; rəssam hansısa rus jurnalında bir rəsm üzərində işləmişdi”, - Ford xatırlayıb. Amerikalılar zarafat edib ki, Forda Frenk Sinatranın portreti verilib.
Danışıqlar çətin keçsə də, uğurla başa çatıb. Brejnev və Ford qarşılıqlı güzəştə gedərək bütün əsas məsələlərdə razılığa gələ biliblər. Nəticədə “SALT II” strateji silahların məhdudlaşdırılmasına dair ilkin saziş imzalanıb. Sovet tərəfi papaqsız gələn xarici qonaqlara xəz papaqlar hədiyyə edib. Cerald Ford və onu müşayiət edən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer papaqlardan məmnun qalıb və mütəmadi istifadə ediblər. Brejnevin hədiyyəsi olan papaq Miçiqandakı Ford muzeyində saxlanılır. Amerika prezidentinin səfəri zamanı çəkilmiş bir çox fotoşəkildə Ford Alyaskadan gətirdiyi canavar kürkündən hazırlanan pencək geyinib. Amerika prezidenti səfər zamanı zarafat edib: “Mən canavar dərisi geymiş qoyunam”.
Tərcüməçi Viktor Suxodrev həmin hadisəni belə xatırlayıb: “Səfər zamanı Ford Brejnevin çox heyran qaldığı dəbdəbəli xəz kürkü geyinərək bayıra çıxdı. Bir görüşdən əvvəl Leonid İliç hətta onu sığallayır və bunun hansı xəz olduğunu soruşur. Ford cavab verir ki, üç növ xəzdən istifadə olunub: canavar, gəlincik və qunduz. Belə ki, o, ayrılarkən, Ford, təyyarəyə qalxmazdan əvvəl kürkü çıxardı və Brejnevə verdi: “Qoy bu, bizim görüşümüzü xatırlatsın”. Brejnev güldü və hədiyyəni qəbul etdi”.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün