Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
Oğlunun hədiyyəsini qolundan çıxarmayan Salatın Əsgərova necə öldürüldü?
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Salatın Əsgərovanın doğum günüdür.
Kulis.az Günel Eyvazlının "Sonunu düşünən qəhrəman olmaz!" yazısını təqdim edir.
İnsanın adı, soyadı onun ömür bələdçisidir. Təsadüfi deyil ki, dastanlarımızda bu məqama xüsusi həssaslıqla yanaşılır. Salatın isə soyadında olduğu kimi Əsgər idi. Vətəninin əli qələmli əsgəri. Azərbaycanın çaxnaşma dövrlərində cəbhədən, qızğın döyüşlərdən çox uzaqda yaşamağımıza baxmayaraq, şəhərdə uzun-uzadı çörək növbələrində, günlərlə işığa, qaza həsrət zamanlarda ömür sürdüyümüz vaxt, səngərdə düşmənlə üz-üzə oğullar dayanırdı. Onların gününü, güzəranını, yaxından müşahidə etmək, cəbhədə gedən olayları təsvir etmək üçün azsaylı insanlar cəsarət nümayiş etdirib cəbhə bölgəsinə yollanırdı.
Deyilənə görə, "Molodyoj Azerbaydjana" redaksiyasında iclaslar zamanı "kim könüllü reportajlar hazırlamaq üçün cəbhəyə yollana bilər?" sualını verincə, çoxu baxışını yerə diksə də, Salatın mərd-mərdanə "Mən gedəcəm" - deyirdi. Əminliklə ifadə edirdi fikirlərini. Evində onun yolunu gözləyən azyaşlı oğlunun olmasına baxmayaraq getmək istəyirdi.

Salatın haqqında müsahibələri, döyüş hekayələrini ələk-vələk etdikcə onu qadın kimi də yaxından tanımaq istəyirdim. Həyatda olan, yaşayan dost-tanışlarının olmasına baxmayaraq, cürət edib, "cəsarətli, dönməz, mərd qadın olmasıyla bərabər, Salatın xoşbəxt qadın idimi?" sualını soruşa bilmədim. Düşündüm, adama deyərlər ki, onun jurnalistika xətti ilə tanış ol bəs edər, qadınlığına, analığına, xoşbəxtliyinə toxunma. Yaralanmış ailənin keçmiş dərdini təzələməmək üçün soruşa bilmədim. Amma qadın psixologiyası ilə bilirəm ki, insan uçurum ilə üz-üzə dayandıqda, anlamaz biri ilə ömür sürdükdə, məngənə arasında sıxıldıqda daha çox qaçmaq istəyir, daha çox cürət nümayiş etdirir, övladının, yaxınlarının olmasına baxmayaraq özünüsübut üçün istənilən ekstremal vəziyyətlər önündə cəsarət nümayiş etdirə bilir. Tanımadığı yollardan, aid olmadığı məkanlardan keçmək istəyində bulunur. "Mən bacardım, mən bacaracağam, məndə alınacaq", - deyir.
İyirmi doqquz yaşlı gənc xanımı təsəvvür edir. O, asudə zamanlarını sevimli, bircəcik oğlu Ceyhunla keçirirdi. Günlərin birində jurnalistika sevgisindən irəli gələrək oğluna oyuncaq deyil, diktofon alır. Getdikləri məkanlarda oğlundan insanlara yaxınlaşaraq müsahibə almağı xahiş edir. Sanki onu növbəti həyata, anasız həyata alışdırmağa, yeni peşəyə sahiblənməyə səsləyir.
Belə müsahibə oyunlarının birində masada əyləşmiş xanımlar balaca Ceyhununa bilərzik hədiyyə edirlər. O isə bu bilərziyi anasına bağışlayır. Öldüyü günə qədər oğlunun hədiyyəsini qolundan çıxarmır, Salatın.
İlk dəfə idi ki, yazını yazdıqdan sonra rahatlığa qovuşmamışdım. Məsələn, Əzizə Cəfərzadə haqqında ürəkaçıqlığıyla, Şükriyyə xanım haqqında qürurla, Sara Aşurbəyli haqqında inamla yazmışdım. Amma Salatın Əsgərova haqqında məhdud mənbələr arasında axtarışlar edincə, güllələnmiş avtomobil, içindəki hərbiçi və jurnalistin erməni terrorçuları tərəfindən vəhşicəsinə öldürülməsi səhnəsi haqqında oxuduqca, həmin dərmə-deşik avtomobilin videogörüntülərinə baxınca yazını yazdığım günün gecəsini boğularaq yatmışdım. Bütün gecəni yuxudan ayılıb yalnız onun haqqında düşünmüşdüm, heç rahatlıq tapmamışdım.
Rəfiqəsinin söylədiyinə görə, bir dəfə ölümün astanasından qayıtmışdı, Salatın. Atışma zamanı xəndəkdən qalxıb nə baş verdiyini öyrənmək istəyibmiş və güllə onun saçlarının arasından keçibmiş. Atası, rəfiqəsi nə qədər onu növbəti gedişdən saxlamaq istəsələr də, növbəti şansın bir daha verilməyəcəyini söyləsələr də, oğlunu, yaxınlarını düşünməsini istəsələr də o, evinə-eşiyinə sığışa bilmirdi. Sanki ölümə tələsirdi.

Salatın ixtisasca geofizik idi. Jurnalistikaya olan marağı onu öncə 1984-cü ildə "Bakı" qəzetinə, dörd il sonra isə "Molodyoj Azerbaydjana" qəzetinə gətirib çıxarmışdı. 1988-ci ildə dırnaqarası rejim daxilində qardaş respublikalar kimi qolboyun yaşadığımız xalqların əslində, qardaş deyil də, mənfurcasına özünün olmayan torpaqdan pay ummasını müşahidə edincə ziyalılarımız baş verən olaylara qarşı susmadılar. Onların çılğınlığı, patriotizmi Sovetləri bərk narahat edirdi. Həmin illərdə - Dağlıq Qarabağ problemi başlayanda Ali Sovetin deputatı olmuş Xalq artisti Rəşid Behbudov belə ərazi məsələləri üstündə SSRİ prezidenti Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü Hindistan səfəri zamanı Şaumyanın orada basdırıldığını faktlarla sübut edən kaseti Qorbaçova verir. İllərdir oyun içində yaşayan xalqın gözləri açılmağa başlayır. Elə bu səbəbdən vəzifəsindən, mənsəbindən asılı olmayaraq əsl vətənpərvərlərin daxilində rejimə, yalançı xalq qardaşlığına qarşı nifrət oyanır. Hamı öz səngərində, öz cəbhəsində vətəninə xidmət etməyə başlayır. Eləcə də Salatın Əsgərova 1988-ci ildən "Molodyoj Azerbaydjana" qəzetində ard-arda gedən məqalələri ilə od püskürürdü. Üstəgəl, qulağının eşitdiklərinə yox, hələ gördüklərinin də şahidi olunca nifrəti, üsyanı yerə-göyə sığmırdı. Elə bu səbəbdən də istədiyi, sevdiyi adamların "getmə" deməsinə rəğmən yolundan dönmür. Ürəyinə daş bağlayaraq başladığı döyüşü sona qədər davam etdirməyə qətiyyət nümayiş etdirir.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omonçular" idi. O, "Molodyoj Azerbaydjana" qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında, təkcə azərbaycanlı döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid edirdi. Yazı belə bir məntiqi yekunla bitirdi:

"SSRİ prezidentinin DQMV-də qanunsuz silahlı birləşmələrinin tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, o zaman prezident idarəçiliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevrilməlidir? Bu suallara mütləq cavab alınmalıdır. Başqa cür ola bilməz".
1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya, batalyon komandiri, podpolkovnik Oleq Larionovun yanına getməyi qərara alır. Deyilənə görə, sonuncu gedişində əynində hərbi paltar ilə evdən çıxmışdı, oğlu yuxuda olduğu üçün onun alnından öpüb evini tərk etmişdi. Yaxınlarının onu yoldan çəkindirmələrinə baxmayaraq fikrindən dönməmişdi, Salatın. Hətta dünyanın ən böyük məhəbbəti olan övlad məhəbbəti belə, onu qapıdan geri qaytara bilməmişdi. Başına 10 min rubl mükafat vəd edilən Larionovun əlindən erməni terrorçuları zəncir çeynəyirdi. Eyni dini mənsubiyyətə malik birisinin niyə azərbaycanlıları qoruduğunu anlaya bilmirdi daşnaklar. O səbəbdən də batalyon rəhbərini aradan götürmək üçün günlərlə pusquda dayanırdılar. Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469" markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulur. Həm avtomatdan, həm də snayperlə açılmış güllələrdən avtomobil deşik-deşik olur. Sonra araşdırmaçılar avtomobil üzərindən 113 güllə yeri saymışdılar. Larionov canı üstündə olana qədər, gülləsi bitənə qədər döyüşmüş, mayor İqor İvanov, serjant İ.Qoyek yerindəcə keçinmişdi. Əslində, onlar bronejiletdə idilər və düşmən onları öldürmək üçün hədəf nöqtələrini yaxşı bilirdi. Avtomobilin qapısını açan qatillər canı hələ də üzərində olan Salatın Əsgərovanın gicgahından vuraraq onu öldürürlər.

Aylar öncə Litva jurnalisti Riçard Lapaitisin Azərbaycan Televiziyasında Azərbaycan qadın əsirləri haqqında söylədikləri indi də qulağımda cingildəməkdədir. El-aləm, dünya hansı vəhşiliklərin başımıza gətirildiyindən xəbərdardı. Sadəcə maraqlar üzərində qurulmuş bəşəri münasibətlər həqiqət önünə örtük çəkir. Lapaitsi əsirlikdən dönən qızcığazların nə vəziyyətdə olduğunu və onların qısa müddət ərzində həkimlərin gözü qarşısında öldüklərini söyləyirdi. Qızların başına gətirilən oyunlar, canı üstündə olan igidləri yarıb orqanlarını çıxarmaq... yəni vəhşiliyin həddi-hüdudu yoxdurmu...Və mən düşünürəm ki... bu qədər ağrı-acı, qaçqınlıq, köçkünlük, repressiya, sürgün görmüş bir xalqın kişili, qadınlı bəzi nümayəndələrinin eyni dam altında bir-birini həzm etməmələrini görüncə, günü-gündən tirajlanan ailə zəminində baş verən qətl hadisələrini oxuyunca özümüzə yazığım gəlir. Yəni bizə unutqanlıq, şərəfsizlik dərmanı içiriblərmi, anlamıram. Hardan hara gəldik...

Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd indi Salatınkənd adlanır. Ora illərdir azərbaycanlı ayağı dəymir. Yağı düşmən yeriyir üzərində. Biz də yaddaşmızı çeynəməklə, şoulara baxıb ömür çürütməklə məşğuluq. Yazıq bizə...
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
4 aprel 2026 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
2 aprel 2026 12:38
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
1 aprel 2026 21:37
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
