Dərc edilib: 14-12-2020

https://www.nuh.az/27082-.html

Böyük siyasəti ləyaqətlə tərk etmək üçün...

14.12.2020 16:12:11

Maraqlı

Hüseynbala Səlimov

Dünya liderlərinin az qala yarısının Co Baydeni ABŞ-ın prezidenti seçməsinə baxmayaraq hazırkı prezident Donald Tramp cığallıq etməkdə, hər gün seçkini özünün udması illə bağlı "acı” bəyanatlarla çıxış etməkdə davam edir. Biz bu sətirləri yazarkən D.Trampın hətta bir vaxt özünün təyin etdiyi hakimlərin çalışdığı Ali Məhkəməyə də iddia ilə müraciət edəcəyi bildirilirdi.
Hamı Trampı "orijinal” bir adam kimi tanıyır. Özünün prezidentlik müddətində o, kifayət qədər problem yaratsa da, amerikalılar yenə də ümid edir ki, Trampı Ağ Evdən güclə çıxarmağa ehtiyac qalmayacaq və bəzi rusiyalı müəlliflərin "amerikalı Jirinovksi” adlandırdığı bu adam özündə mənəvi güc tapıb məğlubiyyətini etiraf edəcək.
Elə də aydın deyil: Axı Tramp nəyə çalışır? Bəziləri yazır ki, hazırkı ABŞ prezidenti ona bütün prezidentlik müddətində yaşadılmış mənəvi əzab və iztirabların əvəzini çıxır – bəli, söhbət ötən seçkilərdəki "rus izindən” gedir.
Digərlərisə D.Trampın davranışındakı motivləri onun xarakterində axtarmağı məsləhət görür. Məlum olduğu kimi, ABŞ prezidenti özü haqqında çox yüksək, hətta izafi bir dərəcədə yüksək fikirdədir. 
Ona gəlir ki, məhz onun boynuna beynəlxalq münasibətlərin bütün arxitekturasını təzədən nəzərdən keçirmək və dəyişmək missiyası düşüb və bunun nəyə gətirib çıxardığı da məlumdur: NATO demək olar ki, iflic olmuşdu, İngiltərə kimi ölkə Avropa İttifaqını tərk etdi və bir neçə ölkə də onun seçimini təkrar etmək eşqinə düşmüş, ABŞ prezidentinin anti -qlobalizmi ilə zəhərlənmişdi...
Hamı bizimlə razılaşar ki, ikinci ambisiyalı nüvə dövləti heç bir tabu bilməyən Rusiyadır, özünün iqtisadi inkişaf templərilə çoxunda qısqanclıq yaradan Çin deyildir. Amma Tramp ABŞ-ın təzyiq vektorunu Rusiyadan Çinə tərəf çevirməyə çalışırdı. 
Bir daha qeyd edirik ki, bəlkə də gələcəkdə Çin də özünün geosiysi iddiaların bəyan edəcək, amma indi real olanı Çin təhlükəsi yox, Rusiya təhlükəsidir. Əlbəttə ki, bu sətirləri koronavirusa görə Çinə acıqlı olanlar etirazla qarşılayacaqlar, di gəl, reallıq budur ki, Səmaaltı İmperiya hələki özünün uzaq Afrikadakı bircə hərbi bazası ilə öyünə bilər.
Siyasi müşahidəçilərin əksəriyyəti Trampın hərəkətlərini qeyri-ciddi qəbul edir və hesab edir ki, o, bütün hallarda vaxtı çatanda sakitcə Ağ Evi tərk edəcəkdir. Amma bəzi amerikalı siyasi təhlilçilər qeyd edir ki, buna bənzər hal artıq ABŞ tarixində olubdur: bəli, Tramp da oxşar yolla hakimiyyətin dəyişməsi prosesini uzada bilər...
Amma qeyd etdiyimiz kimi, onun davranışı, bəyanatları daha çox qeyri-ciddi fonda qəbul olunur.
Real demokratikləşmə dərəcəsinə görə politoloqlar ölkələri liberal və totalitar demokratiyalara, əsl hüquqi demokratiyalara və elektoral demokratiya ölkələrinə bölürlər. Biz isə bu sistemdən üç alt – sistem ayırardıq: demokratik ölkələr, dayanıqlı demokratiya ənənələri olmayan ölkələr və bir də qeyri-demokratik ölkələr.
Aydın məsələdir ki, bu təsnifatda ABŞ-ı yalnız demokratik ölkələrin cərgəsinə, özü də ön cərgəsinə aid etmək olar. Amma bəzən elə olur ki, qeyri-demokratik insanlar öz eqolarını təmin etmək üçün, özlərinin qeyri –demokratik məqsədlərinə çatmaq üçün demokratiyadan və onun hüquqi prosedurlarından istifadə etməyə çalışırlar. 
Prinsipcə, D.Tramp da bunu edə bilər. Amma qanunlardan başqa əxlaq və mədəniyyət də var. 
Qanunlar bizə xoş gəlməyə bilər, amma biz əxlaqlı və mədəni adamlar kimi qalmalıyıq. Əlbəttə ki, ABŞ demokratiyası, xüsusən də onun seçki sistemi ideal deyil, amma demək ki, ABŞ-da seçki saxtalaşdırılır, bu, heç sözsüz ki, onun siyasi gerçəkliyini çox ciddi təhrif etmək olardı...
Müxtəlif ölkələrdə seçkilər zamanı çox sürprizlər, gözlənilməz hallar yaşanıb. Məsələn, İkinci dünya müharibəsindən dərhal sonra ingilislər U.Çerçillə və onun partiyasına səs vermədilər. Tarixçilər o vaxt böyük Çerçillin iki kəlam söylədiyini deyirlər. Bir hissəsinə görə, Çerçill belə deyib ki, özünün böyük oğullarına qarşı sayğısızlıq böyük millətlərin xüsusiyyətidir. Başqa birilərinə görə isə, o, deyibmiş: "Demokratiya elə budur! Məgər biz bunun üçün vuruşmurduqmu?”...

NUH informasiya agentliyi səhifəsindən çap edilib