Dərc edilib: 30-06-2021

https://www.nuh.az/29160-.html

Roma İmperiyasını diz çökdürən xaqan Atilla

30.06.2021 00:05:37

Region

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən
 
Atilladan söhbət düşmüşkən... Rəsmi tarixşünaslığa görə, Sibirdən İtaliyaya qədər geniş əraziləri öz hakimiyyəti altında birləşdirib nəhəng bir imperiya (434–453) qurmuş Atilla 451-ci il aprel ayının 7-də Katalaun çölündə baş vermiş savaşda Roma ordusuna məğlub olmuş və geri çəkilmişdir. Bundan cəmi iki il sonra o, müəmmalı şəraitdə vəfat etmiş, qurduğu imperiya dağılmış, hunlar isə başqa xalqların arasında əriyib yox olmuşlar, onların izi-tozu da qalmamışdır.
 
Bu iddianın həqiqət olub-olmadığını aydınlaşdırmağa çalışaq... 
 
Romanın birinci çarı kimi sonuncu imperatorunun da adı Romuldur (475–476). Həmin Romulun atası Orest 449–452-ci illərdə Atillanın katibi olmuşdur. O, Atillanın ən yaxın adamlarından biri sayılırdı. 
 
476-cı ildə Odovakar (Odovacar) adlı german sərkərdəsi Romulu devirib Qərbi Roma imperiyasının varlığına son qoymuş və elə həmin ildə İtaliya kralı elan edilmişdir. Odovakarın atası Edeko da Atillanın ən yaxın adamlarından biri, hətta ola bilsin ki, xaqanın qohumu idi. Roma tarixçisi Priskus (410–473) Edekonu əsl hun adlandırır. 
 
Qeyd. Hun Edekonun oğlu Odovakarın adının mənasını araşdıraq. Qərbi hun dili türk dillərinin oğur qrupuna aid edilir. Oğur türk dilinin yeganə varisi sayılan çuvaş dilində isə öküzə “vakar” deyilir. Odovakarın qardaşının adı Hunulf (430–493) idi. Ola bilsin ki, bu ad “hun” və “alp” sözlərinin birləşməsindən yaranmışdır.
 
Haşiyə. Müqəddəs Roma imperiyasının imperatoru IV Otton Braunşveyq (1175–1218) hun Edekonun oğlu Odovakarın nəslindən sayılır. 1714-cü ildən 1901-ci ilədək Böyük Britaniya imperiyasını idarə etmiş Hanover kral sülaləsi də öz soykökünü Odovakara bağlayır. Həmçinin, 1740–1741-ci illərdə Rusiyanın formal imperatoru olmuş VI İoann Antonoviç (1740–1764) Odovakarın nəslindən hesab edilir.
 
493-cü ildə digər german qəbilə başçısı Teodorik (451–526) Kral Odovakara qalib gəlib İtaliyanın növbəti kralı oldu. Teodorikin atası Teodemir Atillanın əsas sərkərdələrindən biri idi. Maraqlıdır ki, Kral Teodorikin 520-ci ildə inşa etdirdiyi və bugün UNESCO-nun siyahısında olan mavzoleyi çadır formasındadır.
 
Bütün bu sadaladıqlarımızdan sonra belə bir sual verək: Roma imperiyası hunlara qalib gəlmişdir, yoxsa Xaqan Atilla Romanı yenmişdir?
 
Araz ŞƏHRİLİ
araşdırmaçı-yazar

NUH informasiya agentliyi səhifəsindən çap edilib