Dərc edilib: 22-06-2022

http://www.nuh.az/31796-.html

Bakıda avtobusda terror, planı pozan “stəkan”, dəli olan erməni terror..

22.06.2022 14:03:26

LIVE

Yenixeber.org: 1984-cü il sentyabrın 8-də, saat təxminən 13:50-də Bakıda 106 saylı marşrut üzrə fəaliyyət göstərən “İkarus-28001” markalı (iki salonlu) avtobusda partlayış baş verdi. Kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində dörd sərnişin xəsarət aldı və onlardan biri, Fatma Surxalizadə həlak oldu.


Hadisəni araşdıran Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının diqqətini avtobusun salonunda tapılan stəkan şəkilli metal əşya cəlb edir. Aydın olur ki, çuqundan hazırlanan, hündürlüyü 200 mm, diametri 100 mm, divarının qalınlığı 8 mm, altlığının qalınlığı isə10 mm olan, qapağı yivlə bağlanan bu əşya partlayıcı maddənin qabı rolunu oynayıb. 

Bakının bütün zavodlarını gəzən müstəntiqlər həmin əşyanı hazırlayan tornaçını tapırlar. Məlum olur ki, tornaçı onu sifarişlə hazırlayıb və 15 manat zəhmət haqqı alıb. Sovet dövründə iş vaxtında dövlətin materiallarından, dövlətin dəzgahından istifadə edib belə sifarişlər yerinə yetirmək adi hal idi və buna xalq arasında “çax-çux” deyirdilər.

Tornaçının verdiyi məlumatlar əsasında sentyabrın 19-da sifarişçi – 1959-cu ildə Bakı şəhərində anadan olmuş Henrix Surenoviç Vartanov həbs edildi. O, əvvəlcə bombanı özünün düzəltdiyini söyləyir, amma istintaq eksperimenti zamanı məlum olur ki, bunu bacarmır. Çarəsiz qalan Henrix cinayət ortağının ələ verir.

Sentyabrın 21-də cinayətin ikinci iştirakçısı, 1960-cı ildə Bakı şəhərində anadan olan, Neft və Kimya institutunun elektromexanika fakültəsinin birinci kurs tələbəsi İqor Mixayloviç Maxovski həbs olundu. İstintaq eksperimenti zamanı Maxovski bomba düzəltmək bacarığını sübut edir. 

İfadələrdən aydın olur ki, Vartanov və Maxovski cinayətdən iki ay əvvəl, iyul ayında Dənizkənarı bulvarda tanış olublar. Bu tanışlıq sırf təsadüfün nəticəsidirmi, yoxsa Vartanov Maxovskinin elektromexanika fakültəsində oxuduğunu bilərək onunla tanışlığa can atıbmı, təəssüf ki, əlimizdə olan materiallar bu suala cavab vermir. Eləcə də Vartanovun nə vaxtdan və nə səbəbdən belə bir cinayət planlaşdırması da aydın deyil. Amma aydın olan odur ki, Henrix tezliklə öz planını İqorla bölüşür və o da heyrətamiz tələskənliklə razılıq verir. 

Vartanovun partlayıcı maddələr haqqında məlumatı bəsit idi. O, sadəcə detonator kimi kibrit kükürdündən istifadə etməyi düşünürdü. Məhz Maxovski təklif edir ki, partlayışın gücünü artırmaq üçün kükürdə manqan və maqnezium əlavə edilsin. Cütlük maqnezium əldə etməkdən ötrü Bakı hava limanına gedir və pul müqabilində istifadədən çıxarılmış təyyarə təkəri diski alırlar. Bu disk yeyə ilə sürtərək, maqnezium tozu əldə olunur. 

Amma stəkan formalı qabın hazırlanması üçün üçüncü şəxsin köməyi lazım idi. Həmin qabın çuqundan hazırlanması da Maxovskinin təşəbbüsü olur. O bildirir ki, çuqun “daha kövrək və asan parçalanan” metaldır. Buna görə də parlayış zamanı parçalanacaq və qəlpələri xeyli insanı yaralayacaq. “Stəkan”ın ölçülərini də İqor hazırlayır. 

Vartanov Xalkovski adlı bir tornaçı tapır və Makovskinin çəkdiyi eskizi göstərərək, sifariş verir. İstintaq zamanı məlum olur ki, tornaçı sifarişi başdansovdu yerinə yetirib. “Stəkan”ın divarı da, altlığı da, qapağı da sifarişdə olduğundan daha qalın hazırlanır.  Ustanın bu başdansovdu yanaşması cinayət zamanı daha az adamın xəsarət almasına səbəb olacaq.

“Stəkan” sentyabrın 6-da sifarişçiyə təhvil verilir. Maxovski isə “Slava” zəngli saatından, üç ədəd “Element-373” batareyalarından və başqa məmulatlardan istifadə edərək, saat mexanizmli bomba hazırlayır. Mexanizmin (partlayıcı maddəsiz) dəqiq işlədiyi iki dəfə sınaqdan keçiriləndən sonra terror aktını törətmək qərara alınır.

İstintaq materiallarına görə, sentyabrın 8-də təxminən saat 12-də Henrix Vartanov Montin qəsəbəsində kolxoz bazarının yanındakı dayanacaqda 106 saylı marşrutla hərəkət edən, 90-11 АГТ dövlət nömrə nişanlı avtobusa minir və onunla Əzizbəyov heykəlinin yanındakı dayanacağa qədər gəlir. Avtobusu tərk edərkən isə bombanı oturacağın üstünə qoyur.

Avtobus əks istiqamətdə hərəkət etdikdə Cəfər Cabbarlı kinoteatrının qarşısındakı dayanacaqdan bir qədər sonra, təxminən Politexnik İnstitutunun (indiki Texniki Universitet) qarşısında partlayış baş verir. İki salondan ibarət avtobusda cəmi 19 adam vardı, onlardan 12-i partlayışın baş verdiyi  birinci salonda idi. 

Tornaçının sifarişi başdansovdu yerinə yetirməsi, onu daha qalın hazırlaması nəticəsində “stəkan” parçalanmadı. Onun, sadəcə, qapağı qopdu. Buna görə də nisbətən az adam xəsarət aldı: bir nəfər ağır, iki nəfər orta ağır və bir nəfər yüngül yaralandı. Ağır yaralanan 37 yaşlı Fatma Kamil qızı Surxalizadə istintaqa ifadə də verə bildi, amma sonra vəfat etdi. 

İstintaq zamanı aydın oldu ki, Henrix Vartanov şizofreniya səbəbindən ordu sıralarında xidmətdən erkən buraxılıb. Bakıda keçirilən ekspertizadan sonra o, Moskvaya, Serbski adına psixiatriya xəstəxanasına göndərildi. Burada verilən rəy onun şizofreniya xəstəsi olduğunu təsdiq etdi.

Azərbaycan Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə kollegiyasının 1985-ci il mayın 15-də çıxardığı hökmə əsasən Vartanov Henrix Surenoviç cinayət məsuliyyətindən azad edilərək, xüsusi tipli psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərildi. Maxovski İqor Mixayloviç isə 15 il müddətinə azadlıdan məhrum edildi. Onların sonrakı taleyi barədə məlumat yoxdur… 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib