Dərc edilib: 18-05-2016

https://www.nuh.az/7793-.html

Cinlər kəndinin adı bundan sonra İşıqlı olacaq

18.05.2016 17:05:06

Cəmiyyət

Yenə  Milli Məclisimizin üzvləri  ad  dəyişməklə bağlı  müzakirələrə başladı.

 

Bu ad dəyişmək məsələsi təkcə camaatımızı deyil, hətta bəzi deputatları da bezdirib. Yaxşı yadımdadır, bir dəfə Milli Məclisin üzvü Fəttah Heydərov bu məsələyə münasibət bildirərkən dedi ki, əşi, yığışdırın bu ad qoyma,  ad dəyişdirmə məsələsini...

 

Ancaq nə etməli ki, başqa işi-gücü olmayan deputatlarımız güc veriblər ad dəyişdirməyə. Özü də məsələni belə əsaslandırırlar ki, guya yerlərdən xeyli sayda vətəndaş müraciət edir ki, kəndimizin adı xoşumuza gəlmir ona görə də kəndimizin adını dəyişdirin. Beləliklə, Milli Məclisin üzvləri yığışıb zəhmətkeşlərin müraciətini müzakirə edir və kəndin yüzillik, bəlkə də minillik adı bir dəqiqənin içində dəyişir.

 

Milli Məclisin  iclasında  xeyli kənd və qəsəbə adlarına baxıblar, daha doğrusu, əl gəzdiriblər.

 

Bu barədə  məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, Tovuz rayonunun “Aşağı Ayıblı” kəndinin adı “Əyyublu” sözü, “Qazqulu” sözü “Qazıqulu”, “Azaplı” sözü “Azaflı”, “Girdan” sözü “Hunanlar”, “Oskən” sözü “Öskən”, “Cinlər” sözü “İşıqlı” ilə əvəz ediləcək.

 

Vallah, mən dünyada belə gülməli şeyə rast gəlməmişəm. Guya Cinlər kəndinin sakinləri yazır ki, kəndimizn adının CİN-lə bağlı olmasından qorxuruq. Xahiş edirik ki, kəndimizin adını dəyişdirib İşıqlı qoyasınız. O biri kəndlərin sakinləri də eləcə, hansısa bəhanə ilə doğma kəndlərinin adını dəyişdirməyi guya tələb edirlər...

 

Əşi, birincisi, yazıq kəndçilərin başı elə qarışıb ki, nəinki kəndlərinin adları, hətta öz adları da çoxdan yadlarından çıxıb. Heç adları yadlarına da düşmür. Kənd yerlərində camaat bir-birini daha adı ilə çağırmır, başqa cürə çağırır. Camaat “uje” bir-birinə, “əə, xiyar”, “əə, monqol oğlu monqol”, “əə...” deyə müraciət edir. Belə olan halda kəndin adı heç yada düşər..?

 

İkincisi, Cinli kəndinin camatı niyə yüz, iki yüz ildir cindən qorxmurdu, indi cin yadlarına düşdü? 

 

Üçüncüsü, bir soruşan yoxdur ki, əşi, bu CİN  köpək oğlu camaata neyləyib ki, ondan belə qorxurlar?

Bəlkə, işıqlarını kəsib?

Bəlkə, sularını, qazlarını kəsib?

Bəlkə, suyun qiymətini qaldırıb?

Bəlkə, pensiyalarını vermir?

Bəlkə, pay torpaqlarını əllərindən alıb baha qiymətə ona-buna satıb?

 Əə, bəlkə kəndin yolunun qırağında “quşxana” işlədən cinin böyük oğludur?

Əə, bəlkə, gözəllik salonu adı altında qızları bir yerə yığıb diskoteka təşkil eləyən cinin ortancıl qızıdır?

Əə, köpək uşağı, cin yazıqdan niyə qorxursunuz?

Əə, işıq idarəsinin, qaz idrəsinin, su idarəsinin müdirindən, bələdiyyə sədrindən niyə qorxmursunuz?

Əə, cin köpək oğlu bəlkə cavan xanımları yoldan çıxardır?

Bəlkə ci sizin ananıza, xalanıza sataşıb..? 

Bir sözlə, suallar çoxdur, ancaq cavab verən yoxdur.

Bir də Qovların adının dalına şəhər yazmaqla, Ayıblını Əyyublu etməklə nə dəyişəcək, ay......

Belə yerdə rəhmətlik nənəm deyərdi ki, adın adlara qalsın...və ayıbını yer örtsün...

 

 Kamran  Məhərrəmli 

NUH informasiya agentliyi səhifəsindən çap edilib