- Bakcell süni intellekt təlimi təşkil etdi
- Şabranda qazi və hamilə arvadının öldüyü qəzanın DETALLARI
- Azərbaycanda doğum səviyyəsi hansı rayonda nə qədərdir? – Tam siyahı
- Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır
- NАR- ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış etdi (YENİLƏNİB)
SiyasətBu gün, 19:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gəlib.
Qaynarinfo xəbər verir ki, Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.
***
Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub.
Qaynarinfo xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan Prezidenti və Macarıstanın Baş naziri birgə foto çəkdiriblər.
***
Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü olub.
Qaynarinfo xəbər verir ki, Viktor Orban həm Macarıstana işgüzar səfər etməsinə və səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərə, həm də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştiraka dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Baş nazir vurğuladı ki, ölkəsinin Türk Dövlətləri Təşkilatında müşahidəçi dövlət olaraq bu tədbirə ev sahibliyi etməsi Macarıstanın təşkilat çərçivəsində əməkdaşlığa sadiq olduğuna böyük əhəmiyyət verməsinin növbəti göstəricisidir.
İkitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu bildirən Viktor Orban Macarıstan iqtisadiyyatının çətin vaxtlarında Azərbaycanın dost ölkə olaraq göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayaraq, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd etdi.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasının keçirilməsini vacib bir addım kimi qiymətləndirdi. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlətimizin başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla vurğuladı.
Söhbət zamanı Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğu, mütəmadi şəkildə məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəklədiyi qeyd edildi. Azərbaycanın və Macarıstanın beynəlxalq səviyyədə öz ölkələrinin milli maraqları əsasında müstəqil siyasət aparan dövlətlər olduqları vurğulandı. Cəbrayılın Soltanlı kəndinin, həmçinin məktəb tikintisi layihəsinə görə Macarıstana təşəkkür bildirildi.
Humanitar sahədə uğurlu əməkdaşlığa toxunuldu, azərbaycanlı tələbələrin Macarıstanda təhsil almaları və onlara təhsil təqaüdlərinin ayrıldığı qeyd edildi.
Söhbət zamanı enerji, investisiyalar, əczaçılıq, qida sənayesi və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.
***
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.
Qaynarinfo xəbər verir ki, əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış etdi.
Baş nazir Viktor Orbanın bəyanatı
-Mən hər birinizi salamlayıram və Prezident Əliyevi Budapeştdə xüsusilə səmimiyyətlə salamlayıram.
Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.
Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər.
Macarıstanın qonşusu olan ölkədə artıq üç ildir ki, müharibə gedir. Bu günədək Macarıstanın iqtisadiyyatının itkisi 20 milyard avrodan artıqdır. Hər kəsə məlumdur ki, müharibə başlayan gündən bəri Avropa İttifaqı müharibəni genişləndirmək seçimini etmişdir, nəinki sülhü bərqərar etmək. Bundan əlavə, Avropa iqtisadiyyatı olduqca mürəkkəb vəziyyətdədir. Çünki sanksiyalar bazar iqtisadiyyatını və Avropanın inkişafının təməlini sarsıtmışdır. Bazar iqtisadiyyatı, əlbəttə ki, Avropa iqtisadiyyatının təməl prinsipləri idi və bunlar artıq sarsılmış vəziyyətdədir. Deyə bilərəm ki, bu gün Avropa iqtisadiyyatının gəmisi kompas olmadan səyahət edir. Onu da qeyd etmək istəyirəm ki, biz mütəmadi olaraq enerji böhranı şəraitində yaşayırıq. Biz Amerikadan fərqli olaraq, Avropada qaza 3-4 dəfə daha çox pul ödəyirik və bu şəraitdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq çətindir.
Biz dənizə çıxışı olmayan bir ölkəyik. Bizim nailiyyətimiz ondan ibarətdir ki, biz Rusiya ilə enerji münasibətlərini qoruyub saxladıq. Bizim üçün istisna tətbiq edilmişdir. Ancaq Ukrayna bizə məhdudiyyətlər tətbiq edir. Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı. Ancaq biz əlimizdən gələni edəcəyik ki, iqtisadiyyatımızın dayanıqlılığı təmin olunsun.
Xanımlar və cənablar, beləliklə etibarlı tərəfdaşın dəyəri məhz bu cür ölçülür. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik.
Eyni zamanda, iqtisadiyyat məsələlərindən başqa, biz Azərbaycana yatırılan Macarıstan sərmayələri haqqında danışdıq. Biz sülh haqqında da danışdıq. Çünki sülh təkcə müharibə şəraiti üçün vacib deyil, iqtisadi baxımdan da vacibdir. Biz razılığa gəldik ki, bu müharibənin döyüş meydanında həlli yoxdur. Bu, yalnız danışıqlar masasında olmalıdır. Bu, təkcə Rusiya-Ukrayna müharibəsinə deyil, digər münaqişələrə də şamil edilə bilər.
Mən Prezident Əliyevi təbrik etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində razılıq əldə olunub. Ümid edirəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş tutacaq. Bu, olduqca vacib bir məsələdir.
Cənab Prezident, Sizi burada bir daha salamlayırıq.
X X X
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Baş nazir, əziz dost.
Hörmətli xanımlar və cənablar.
Cənab Baş nazir, ilk növbədə dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən Macarıstana tez-tez gəlirəm. Son dəfə 2023-cü ildə gəlmişəm. Siz də Azərbaycana tez-tez gəlirsiniz. Sizin son səfəriniz keçən ilin noyabr ayında olmuşdur. Yəni bu, onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir.
Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.
Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.
İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.
Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.
Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.
Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, Macarıstanın təşəbbüsü ilə sabah ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.
Çıxışımın sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq.
Sağ olun.
Oxşar xəbərlər
- Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşdü
20 may 2025 22:01
- Bakcell süni intellekt təlimi təşkil etdi
20 may 2025 17:39
- İlham Əliyev Macarıstana GETDİ
20 may 2025 14:40
- Prezidentdən korrupsiyaya qarşı mübarizə ilə bağlı MÜHÜM AÇIQLAMA
20 may 2025 12:30
- Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzaladı
19 may 2025 16:16
- Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin həyat hekayəsi
18 may 2025 21:05
- Ərdoğan niyə elə dedi? Azərbaycandan və Türkiyədən ETİRAZLAR
18 may 2025 12:24
- İlham Əliyev Tokayevə zəng etdi
17 may 2025 21:24
- Paşinyan və Əliyev arasında maraqlı dialoq – Kofe içə bilərik: Get, gəlirəm...
16 may 2025 22:51
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 2025 16:12
Xəbər lenti
- Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşdü
20 may 22:01
- Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır
20 may 21:41
- İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış etdi (YENİLƏNİB)
20 may 19:25
- Dilçilik İnstitutunun direktoru: - Tak çto -...
20 may 17:59
- Bakcell süni intellekt təlimi təşkil etdi
20 may 17:39
- İki direktora şiddətli töhmət verildi (SƏBƏB)
20 may 15:27
- İlham Əliyev Macarıstana GETDİ
20 may 14:40
- Prezidentdən korrupsiyaya qarşı mübarizə ilə bağlı MÜHÜM AÇIQLAMA
20 may 12:30
- Şabranda qazi və hamilə arvadının öldüyü qəzanın DETALLARI
20 may 00:43
- Azərbaycanda doğum səviyyəsi hansı rayonda nə qədərdir? – Tam siyahı
19 may 23:16
- Sarımsaq Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Marketlərdə 3,2 dəfə baha satılır
19 may 23:11
- NАR- ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
19 may 20:14
- Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi
19 may 19:35
- Keçmiş nazirin Azərbaycandan çıxışına STOP qoyuldu - Borc qalmaqalı
19 may 19:07
- Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzaladı
19 may 16:16
- Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib
19 may 12:56
- 19 May: Türkiyəni qurtaran böyük prosesin başlanğıc günü
19 may 11:12
- Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq
19 may 01:39
- Hər gün balıq yemək faydalıdırmı? – Cavabı həkimlər verdi
19 may 01:33
- Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır
19 may 01:25
- Türk xalqı qədər cahil toplum yoxdur - deyən Cəlal Şengör həbs oluna bilər
18 may 21:12
- Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin həyat hekayəsi
18 may 21:05
- Məktəbdə yıxılan müəllimənin qolu qırıldı- Direktor 1000 manat cərimələndi
18 may 18:51
- Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
18 may 17:16
- Mikаyıl İsmаyılovun köhnə 06-sı , yаxud аvtomobil kolleksiyаsı...
18 may 16:57
- Ərdoğan niyə elə dedi? Azərbaycandan və Türkiyədən ETİRAZLAR
18 may 12:24
- Müğənni Dəniz həbs edildi
18 may 01:00
- 3 ay ərzində 2 mindən çox insan ixtisara düşərək işini itirib
18 may 00:33
- 536-cı il niyə bəşəriyyət tarixinin ən qaranlıq dövrü olub? - Səbəb açıqlandı
18 may 00:17
- Deputat papağına görə iclasdan çıxarıldı - Fotolar
17 may 22:14
Video & Fotoqalereya
Video
Fotoqalereya