Ukraynanın Jitomir vilayətinin Berezina kəndində partlayışlar nəticəsində Azərbaycanın "SOCAR Energy Ukraine" şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsi ciddi zərər görüb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev-Jitomir yolunun hər iki tərəfində yerləşən yanacaqdoldurma məntəqələri kəndin təxminən bir kilometrliyindədir.
Sakinlərin bildirdiyinə görə, kəndin girişində mebel fabrikində və digər müəssisələrdə olan partlayışlar həyəcan siqnalları verilmədən, anidən baş verib. Bunun Rusiya ordusuna məxsus diversiya qrupları tərəfindən törədildiyi ehtimal olunur.


Hadisə günü "SOCAR"a məxsus yanacaqdoldurma məntəqəsində növbədə olan menecer Nataliya Çernyakova bildirib ki, partlayışların dalğası obyektə ciddi zərər verib və ötən 2 gün ərzində bərpa işləri aparılır.
"Bu, adi iş günlərindən biri idi. Çöldə sakitlik hökm sürürdü. Sonra hamımız çox böyük partlayış səsi eşitdik. Dumandan heç nə görünmürdü. Hər şey tüstü içində idi. Daha sonra hər şeyin zədələndiyini gördük. İnsanlar çox qorxdular. Axşam saat 18 radələri idi. Ərazidə əməkdaşlar və mən vardım. YDM-in fasadı tamamilə dağıdılıb, çoxlu zədələnmiş texnikamız var, mərkəzi divarlar, kondisionerlər, mikrodalğalı sobalar əyilib, ventilyasiya sistemi sıradan çıxıb", - o, əlavə edib.
"SOCAR Energy Ukraine" şirkətindən bildirilib ki, hər iki məntəqəyə dəyən zərərin miqdarı hesablanır.