Dərc edilib: 14-07-2017

https://www.nuh.az/11503-.html

Prezidentin xoşniyyətli təşəbbüsü və Həsənov Kərəmin “kəramət”i

14.07.2017 13:28:39

İqtisadiyyat

Bəs, Kərəm Həsənovun rəhbəri olduğu komitə niyə vətəndaşı dağa-daşa salır?.. Məqsəd nədir?..


Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı Prezident İlham Əliyevin tapşırığından 6 ildən artıq vaxt keçsə də, bu məsələ hələ də tam həllini tapmayıb.
Xatırladaq ki, dövlət başçısı bu problemi 2011-ci ilin martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib.
Həmin tədbirdə Prezident aidiyyəti qurumlara məsələnin tez bir zamanda həll edilməsi barədə tapşırıq verib.
Prezident bu problemin əhalinin sosial vəziyyətinə və mülkiyyət hüquqlarının qorunması işinə mənfi təsir göstərdiyini söyləyərək məsələnin maksimum dərəcədə əhalinin xeyrinə həll etməyi tapşırmışdı.

Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu:”Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.

Bəli, atalar demişkən, “Pir mənimdir kəramətinə bələdəm”.  Ölkənin Prezidenti 6 il öncə xalqın xeyrinə təşəbbüs irəli sürəndə Əmlak Məsələləri Dövlət Komitəsində və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çalışan məmurların, o cümlədən Həsənov Kərəmin kəramətinə gözəl bələd idi. Bilirdi ki, bəzi məmurlar tamah ucbatından bu təşəbbüsə imkan verməyəcək. Əlimizdə olan xeyli sayda materiallar bunu təsdiqləyir.  Məsələn, bir neçəsini konkret faktlarla ortaya qoyaq ki, Kərəmin kəraməti bəlli olsun.

 

“Qarabağ Müharibəsi veteranı” Zahid Novruzov hüquqi yardım üçün Qafqaz Hüquq Mərkəzinə etdiyi müraciətdə bildirir: “25 ildir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayıram. Bütün müvafiq təşkilatların, Suraxanı icra hakimiyyətinin, yerli bələdiyyənin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azərsu”, “Azəriqaz” və digər bütün aidiyyəti təşkilatların rəsmi icazəsi ilə Hövsan  qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10/1 ünvanda yerləşən 80 kv/metr torpaq sahəsi üzərində 1 mərtəbəli qeyri-yaşayış obyekti tikmişəm.

Tikinti başa çatandan sonra obyektə “texniki pasport” almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) müraciət etdim”. ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Şəhər Ərazi İdarəsinin rəis müavini Xəyalə Mərdanova 12 noyabr 2012-ci ildə  cavab məktubunda (№123020643193) vətəndaşa yazır ki: “Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, torpaq sahəsi Bələdiyyə ərazisinə aid deyil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür”.

 

Ortaya xeyli suallar çıxır: Əgər həmin ərazi SOCAR-a məxsusdursa, Suraxanı icra hakimiyyəti, bələdiyyə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu”, “Azəriqaz” tikintiyə necə icazə verib?…  Vətəndaşın müraciəti əsasında “LEGİON”-un apardığı araşdırma zamanı müvafiq qurumlar həmin ərazinin SOCAR-a dəxli olmadığını bildirdilər.

Bəs, Kərəm Həsənovun rəhbəri olduğu komitə niyə vətəndaşı dağa-daşa salır?.. Məqsəd nədir?..
Şikayətçi Zahid Novruzov bu suala belə cavab verdi: “Mənə müvafiq sənədlər vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi məndən 5 min manat rüşvət tələb etdi. Mən rüşvət verməkdən imtina etdim. Mənim 60 yaşım var, Qarabağda döyüşmüşəm, veteranam, mən niyə məmurlara rüşvət verməliyəm? Mən buna görəmi mənfur  ermənilərlə vuruşmuşam?”

 

İndi isə Kərəm Həsənovun başqa bir arqumentinə göz ataq. Vətəndaş 10 ilə yaxındır Sabunçu rayonu, Bəşir Bünyatov küçəsində fərdi evində yaşayır, evinə pasport qeydiyyatına alınıb, hüquqi qeydiyyatla bağlı məhkəmə qərarı var. Üstəlik İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş evinə hüquqi qeydiyyata alınıb və fərdi yaşayış evinin layihəsi təsdiq edilib. Prezidentin də qəti tapşırığı öz yerində.

Daha nə lazımdır, cənablar?… ƏMDK vətəndaşa yazır ki, “Fərdi yaşayış eviniz qaz borusuna yaxındır, yaxınlıqdan dəmir yolu keçir və s.” ona görə də eviniz özəlləşdirilə bilməz. Onda sual oluna bilər ki, əgər Sabunçu rayon Məhkəməsinin Qətnaməsi əsassız və qanunsuzdursa, niyə Kərəm Həsənov Apellyasiya Məhkəməsinə şikayət etməyib?

Bundan başqa,  yaşayış massivindəki digər evlərə necə və neçə min manata “kupça” verilib?..
Deməli rüşvət veriləndə qaz borusuna , dəmir yolu xəttinə göz yumulur, verilməyəndə, yaxud rüşvət az olanda ortaya çeşidli səbəblər çıxır. Həm də bu səbəblər ona görə gülməlidir ki, həmin qaz  borusunun, dəmir yolu xəttinin daha çox yaxınlığında xeyli sayda dövlət idarələri- Sabunçu Məşğulluq İdarəsi, Gənclər Evi və s. tikilib, orada məmurlar çalışır.

Bəs bu necə olur? Deməli, söhbət rüşvətdən gedir. Özü də hansı miqdarda?..  Bütün bunlardan əlavə axı ortada məhkəmə araşdırması var, icra hakimiyyətinin sərəncamı var, məhkəmə dövlətin adından qərar çıxardıb. Bəs, bunları hara yazaq?..

Bir sözlə, Reyestr Xidmətinin məmurları qaz borusunu, dəmir yolu xəttini özlərini üçün şəxsi qazanc mənbəyinə çevirib və Prezidentin 6 il öncə verdiyi tapşırığı qulaqardına vururlar.
Məlumat üçün qeyd edək ki, ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. Bu bəyənmədiyimiz əcnəbilərin kəraməti, bu da bizim harınlamış milli məmurların kəraməti…
P.S. Sabunçuda qeyd etdiyimiz fərdi evin sahibi 7 min manat rüşvət verəndən sonra “kupça”sını ala bildi.

Araz Məmmədov

LEGİON

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib