Dərc edilib: 15-07-2017

https://www.nuh.az/11522-.html

"Qiymət artımı beynəlxalq təşkilatların təzyiqi ilə əlaqədardır" (EKSPERT)

15.07.2017 14:04:20

İqtisadiyyat

Tarif Şurası tərəfindən "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinin artırılması qərarı ölkədə ajiotaja səbəb olub. Benzinin bahalaşmasının başqa sahələrdə də qiymət artımı üçün əsas olacağı ilə bağlı ciddi narahatlıq var. Hökümət bahalaşmaya qarşı hansı tədbirlər görə bilər? 

Məsələni "Qaynarinfo"ya şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli sosial vəziyyətin yaxşılaşdırılması yollarından danışıb, indiki vəziyyətdə atılan heç bir addımın köklü dəyişikliyə səbəb olmayacağını bildirib:

"Hökümətin əlində olan instrumentlər sosial vəziyyətin qorunması üçün ancaq sosial müavinətlər və maaşların artırılması olur. Güman etmirəm ki, bu addım atılacaq. Çünki, dövlət büdcəsindən maliyyələşənlərin maaşlarının artırılması, müavinət və təqaüdlərin qaldırılması üçün maliyyə mənbələri yoxdur. Dövlət büdcəsinin icrası onu göstərdi ki, kifayət qədər kəsr var. Ona görə güman etmirəm ki, hökumət bu yolla aztəminatlı ailələri qoruya biləcək. Ola bilər ki, hansısa bir addımlar atılacaq, amma bu da köklü dəyişikliklərə gətirib çıxarmayacaq. Fikrimcə, hökumətin yeganə çıxış yolu inhisarçılığın ləğvi və rəqabət mühitinin stimullaşdırılması, sahibkarlığa dəstək göstərilməsi və məmur sahibkarlığından imtina edilməsi olardı. Bu şəkildə iqtisadi fəaliyyət arta bilər, təbii ki, rəqabət yüksək olsa, daxildə istehsal olunan məhsulların qiyməti kəskin artmaz. İndiki durumda enerji daşıyıcılarının qiymətinin artması zəncirvari qiymət artımın gətirib çıxaracaq və əhalinin pis olan vəziyyəti daha da pisləşəcək. Ölkədə 1 milyon 500 minə yaxın muzdla çalışan, 1 milyon 300 minə yaxın isə təqaüd alan var. Bunların 900 mini dövlət sektorundadır və hazırkı vəziyyətdə maaşların artırılması qeyri-mümkün görünür. Əgər yığılan vəsaitlərin bir qismini bu yöndə istifadə etsələr, belə bu, çıxış yolu deyil. Unutmayaq ki, özəl sektor da var. Əgər onların gəlirləri aşağı düşsə, işçilərinin maaşını artıra bilməyəcək və sahibkar belə vəziyyətdə ayaqüstə qalmaq haqqında fikirləşəcək".

 

Ekspert gec-tez dizel yanacağının da qiymətinin artırılacağını istisna etməyib: 

"Təbii ki, bu da artacaq. Adətən elə olur. Dizel yanacağı ilə benzin arasında kəskin fərq olması mümkün deyil, çünki heç bir ölkədə belə bir vəziyyət müşahidə olunmur. Bu, SOCAR-ın nə qədər benzin və ya nə qədər dizel istehsalından asılı olacaq. Bazara nə qədər dizel yanacağı çıxarıldığı, nə qədər təmin edə bilir və ya öhdəlikləri tam açıqlansa, o zaman qəti söz deyə bilərik. İqtisadi göstəricilər onu göstərir ki, dizelin qiymətini artırmağa məcbur olacaqlar. Ehtimal edirəm ki, gec-tez bu, baş verəcək".

Nazim Bəydəmirli artımın səbəbini daxili proseslərlə deyil, xarici təşkilatlardan alınan kreditlərə qoyulan şərtlərlə və həmin beynəlxalq qurumların təzyiqləri ilə əlaqələndirib: 

"Mən qiymət artımını doğru addım saymıram. Görünür hökumətin beynəlxalq təşkilatlardan aldığı kreditlər səbəbindən bu addımları atıb. Beynəlxalq qurumlar kreditlər verən zaman ölkədəki tariflərinin hansı dərəcədə olduğunu və ən etibarlı mənbə olaraq kommunal xidmətlərə görə əhalidən nə qədər vəsait toplandığını araşdırır. Görünür onlar bizim iqtisadiyyatımıza etibar etmir deyə, daha çox həmin tariflər hesabına vəsaitləri geri qaytarmağa yetərli olduğunu düşünürlər və hökumətlərə də bu tariflərə "əl gəzdirməyi" tövsiyyə edirlər. İlkin olaraq kreditlərin geri qaytarılmasının ən asan yolunu borc verilən ölkədə tariflərin, vergi və rüsumların artırılmasında görürlər. Bu da istənilən halda iqtisadi fəallığı azaldır və ölkəni beynəlxalq qurumlardan asılı vəziyyətə salır. Ona görə hesab edirəm ki, hökumət xaricdən cəlb edilən kreditlərin müqabilində həmin qurumların verdiyi tövsiyyələri yerinə yetirməyə məcbur ediliblər. Çünki, bu gün ölkədə qiymətin artırılmasına heç bir iqtisadi səbəb yoxdur. Qeyd etdiyim ki, bunun yeganə səbəbi beynəlxalq qurumların diktəsidir ki, deyirlər "kredit istəyirsənsə, bunu etməyə məcbursan".

Ekspert həmçinin qiymət artımının heç bir məntiqə sığmadığını bildirib:

"Qiymətlərin artırılmasının qonşu dövlətlərlə müqayisəsini qüsurlu sayıram. İqtisadiyyatı stimullaşdırmaq üçün digər addımlar atıla bilərdi. Heç kim bizim ölkədən başqa ölkəyə maşınlarla ucuz benzin daşımır ki, bunun qarşısı alınacaq deyək. Ona görə xam neftə tələbat azaldığından normal məntiqlə enerji daşıyıcılarının qiyməti aşağı düşməli idi. Qonşu ölkələrlə müqayisə aparılırsa, əhalinin gəlirləri və digər faktorlar da nəzərə alınmalıdır. Digər bir tərəfdən isə qonşu ölkələrdə əhalinin gəlirlərinin artması qiymətin qaldırılmasına gətirib çıxartmır. Adətən həmin ölkələrdə bu və ya digər tədbirləri vergi və rüsumların artırılması hesabına, iqtisadiyyat çox inkişaf edirsə, ekologiyanı qorumaq üçün insanların bundan daha az istifadəsini təmin etmək məqsədilə edirlər. Yəni, müxtəlif ölkələr müxtəlif məqsədlərlə bunu edir, amma bizdə bu qərar məntiqlə o iqtisadi məsələlərin heç biri ilə uyğunluq təşkil etmir".

NUH informasiya agentliyi səhifəsindən çap edilib