Dərc edilib: 21-07-2017

https://www.nuh.az/11599-.html

Məcburi köçkün XƏBƏRDAR ETDİ: O binanın qarşısında özümə od vurub yandıracam

21.07.2017 14:14:57

Hadisə

“Mənə zəng edib başımın altına yastıq qoymaqdansa, problemimlə maraqlanıb onu həll etsinlər”. Bu sözləri Kivnews.com portalına Cəbrayıl rayonundan məcburi köçkün, hazırda Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin 4 ünvanında yerləşən uçub-dağılmış Tikinti Mexanikləşdirmə İdarəsində (UMS Trest) müvəqqəti məskunlaşmış, yayda istidən, qışda isə evinin içinə tökülən yağış sularından əziyyət çəkən Həsənova Adilə Bilal qızı bildirdi.

Qeyd edək ki, ötən gün məcburi köçkünün ürəkdağlayan müraciətini dərc etmişdik. (Yazı ilə tanış olmaq  üçün bu linkə daxil olun: http://kivnews.com/?p=95710 ) Həmin müraciətdə dövlət qurumlarının vətəndaşın ərizələrinə laqeyd münasibətini qeyd edərək vurğulamışdıq ki, məcburi köçkün Sabunçu rayonu Ramana qəsəbəsində məcburi köçkünlər üçün yeni tikilən binada mənzil tələb edir. Çünki Adilə Həsənova iki övladı ilə 1993-cü ildən baxımsız, heç bir şəraiti olmayan, uçub-dağılmış idarə binasında məskunlaşıb. Hər qış yağan yağış onun yaşadığı otağa tökülüb. Amma ümid edib ki, bəlkə Cəbrayıl rayonu alındı geri qayıtdım. Lakin Cəbrayılın alınması uzandığından, artıq məcburi köçkünlər üçün tikilən binalardan ev tələb edir: “Bu illər ərzində çox əziyyətlər çəkdim. Heç kim mənim şəraitimlə maraqlanmadı. Amma dünən Sizə etdiyim müraciət onları silkələdi”.

Qeyd etdiyimiz kimi, dünən Kivnews.com portalında Adilə Həsənovanın ürək parçalayan müraciətindən sonra bu vaxta kimi edilən rəsmi müraciətlərə cavab verməyən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nəhayət dilləndi. Adilə Həsənova bildirir ki, məqalədən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon Şöbəsindən ona zəng  ediblər: “Mən bilirəm ki, Sabunçu Qaçqınkomu heç kimə ev vermir. Onlardan heç şikayətim də yoxdur. Sadəcə olaraq dərdimi onlara da dedim. Onlara da bildirdim ki, Qaçqınkom mənim kimi şəraitsiz birinə mənzil vermirsə kimə verir? Mən hədə-qorxu gəlmirəm, demək istəyirəm ki, artıq həyatdan bezmişəm. Ramana qəsəbəsi Şuşa şəhərciyində tikilən yeni 50 mənzilli binada  məni evlə təmin etməsələr, o binanın qarşısında özümə od vurub yandıracam. Sonra rəsmi şəxslər deməsin ki, bizim Adilə Həsənovanın yaşayışından xəbərimiz olmayıb. Mənə zəng edən yoldaş Dövlət Qaçqınkomun sözünü mənə çatdırır ki, bəs mərhələli şəkildə məni də evlə təmin edəcəklər. Hansı mərhələdən söhbət gedir? 20 ildir mərhələli şəkildə evlər verilir, köməkliklər edilir. Bu illər ərzində mənə heç bir köməklik olunmayıb. Ona görə də, mərhələli şəkil mənə lazım deyil. Bina tikilib, hazır mənzillər var, məni evlə təmin etsinlər. İmkanı olan, şəhərdə bir neçə yerdə evi olanlara mənzil verməkdənsə, mənim kimilərinə mənzil verilməlidir”.

Adilə Həsənova qeyd etdi ki, Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilən əvvəlki binalarda mənzil alıb yaşamayanlar var: “Həmin mənzil sahiblərinə sərf etmir gəlib qaçqın binasında yaşasınlar. Çünki onların villaları, bahalı evləri var. Amma hansısa gücün sahəsində məcburi köçkünlər üçün tikilən binadan da mənzil əldə ediblər. Mənim deməyimə ehtiyac yoxdur, Qaçqınkom yaxşı araşdırsa, hər şeyi görər”.

Adilə Həsənova son olaraq bildirdi ki, məcbur olsa başqa dövlət səfirliklərinə müraciət edəcək: “Mən dövlətimi, dövlət başçımı çox sevirəm. Bilirəm ki, o, hər zaman bizlərin problemi ilə maraqlanır. Sadəcə olaraq bütün müraciətlər ona verilmir deyə, mənim kimi imkansızlar qapılar gəzir. Mən dövlətimizin adına ləkə gətirmək istəmirəm. Amma çıxış yolum qalmayanda, buna gedəcəm. Başqa dövlətlərdən sığınacaq istəsəm, məni heç kim qınamasın”.

Kivnews.com

1442210515_0

NUH informasiya agentliyi səhifəsindən çap edilib