Dərc edilib: 27-01-2020

https://www.nuh.az/22295-.html

Lənkəranda Hadı Rəcəblidən başqa digər namizədlərin hüquqları pozulur – Deputatlığa namizəd faktlar açıqladı

27.01.2020 10:09:31

Region

“Lənkəran rayonunda deputatlığa namizədlərin seçiciləri ilə görüşünə müdaxilələr var”.

 

 Bu sözləri “Kivnews.com” portalına açıqlamasında 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin professoru, elmlər doktoru Nəsrulla Məmmədov bildirdi.

“Hadı  Rəcəbli Girdənli kənd “Royal” şadlıq sarayında seçiciləri ilə görüş təşkil edib. İcra nümayəndələri, bələdiyyələr, seçki məcəlləsinə zidd olaraq seçki mətəqələrinin sədrləri, onların üzvləri, müəllimlər zorla avtobuslara mindirilərək görüşə aparılırlar. Hətta onlara hədə-qorxu gəlinir ki, görüşə gəlməsələr işdən azad ediləcəklər.  Bəzi yoldaşlar gəlib məndən üzrxahlıq edib gedirlər. Bildirirlər ki, sizi dəstəkləyirik, amma Hadı Rəcəblinin görüşünə getməsək, bizi işdən çıxaracaqlar”, deyə namizəd bildirdi.

Nəsrulla Məmmədov qeyd etdi ki,  Lənkəranda seçki ilə bağlı  qeyri-qanuni işlər gedir: “Rayonda xüsusilə icra başçısının birinci müavini Möhübbət Babayevin “fəaliyyəti” aşkar şəkildə hiss olunur. Bizim üçün heç bir şərait yaradılmır. Sanki partizan hərəkatı kimi fəaliyyət göstəririk. Bu soyuqda gedirik hansısa kəndə sakinlərlə görüşmək istəyirik, amma dərhal yuxarı təşkilatlar narahat olur ki, bunlar artıq cəmiyyətlə görüşürlər. İcra nümayəndələri, bələdiyyələr insanlarla görüşümüzə təsir göstərir. İcra başçısı ilə görüşəndə özü bildirdi ki, şadlıq saraylarının rəhbərləri ilə görüşüb müqavilə bağlayın və görüşlər keçirin. Amma həmin yoldaşlara müraciət edəndə  bildirirlər ki, biz işimizi icra hakimiyyəti ilə razılaşdırmalıyıq və görüşün keçirilməsinə yer ayırmaqdan boyun qaçırırlar. Seçki prosesində icra başçısının birinci müavini Möhübbət Babayev xüsusilə əl-ayağa düşüb. Birtərəfli mövqe tutaraq Hadı Rəcəblinin xeyri üçün digər namizədlərin hüquqlarını tapdalayır. Artıq o dərəcəyə çatmışam ki, bu günlərdə prezidentə video müraciət edəcəm. Vəziyyət olduqca dözülməzdir. İnsanlar qorxudularaq Hadı Rəcəblinin xeyrinə iş aparılır”.

“Bir ziyalı, professor olaraq  ölkəmizin irəli getməsinə çalışmışam, ölkə başçısının siyasətini ikiəlli dəstəkləyirəm.  Bizlər ölkə başçısının kadr siyasətinin daha da irəli getməsinə çalışırıq. Geriyə yol yoxdur, ölkəmizin daha da çiçəklənməsi naminə cənab prezidentin siyasətini dəstəkləyirik”, deyə deputatlığa namizəd Nəsrulla Məmmədov son olaraq fikirlərini bildirdi.  


NUH informasiya agentliyi səhifəsindən çap edilib