Dərc edilib: 27-04-2022

https://www.nuh.az/31695-.html

“Azər həkim oğlumu bayram günü təmənnasız əməliyyat etdi”

27.04.2022 12:54:49

Müsahibə

Hərbi həkim, uzman neyrocərrah Azər Əkbərov haqqında film çəkilib. 


Ötən il uzunsürən xəstəlikdən dünyasını dəyişən həkimlə bağlı həmkarları, ölümdən xilas etdiyi xəstəsi və ailəsi danışıb. 2 il əvvəl uğurla əməliyyat etdiyi Şəmsi Abbasov Azər həkim haqqında  xatirələrini bölüşərək, həyatını ona borclu olduğunu bildirib: “Başımda yaranan şişə görə gözüm tamam tutuldu. Məni Azər Əkbərov əməliyyat edərək yenidən həyata qaytardı. Onun sayəsində görməm də bərpa oldu. Xəstəsinə çox can yandıran, diqqət göstərən həkim idi. Hətta biz yazmayanda belə, o özü əlaqə saxlayıb, səhhətimlə maraqlanırdı”.

Ş.Abbasovun bacısı Şəmsiyyə Abbasova A.Əkbərovun qardaşını bayram günü və təmənnasız əməliyyat etdiyini deyib: “Şəmsiyə görə Azər Əkbərovla əlaqə saxladıq. 31 dekabr, bayram günü idi. Azər həkim dedi ki, xəstənin vəziyyəti ağırdır, yubatmadan yanıma gətirin. Qardaşımı xəstəxanaya apardıq. Elə bayram günü də əməliyyat etdi. Hətta pula görə narahat olduğumuzu görəndə, “mənə pul yox, xəstə lazımdır”,-dedi”.

Filmdə Şəmsi Abbasovun anası Bahar Abbasova da müsahibə verərək, Azər Əkbərovun xəstələrinə qarşı çox qayğıkeş olduğunu söyləyib: “Əməliyyatdan sonra oğlumun səhhəti ilə bağlı Azər həkimlə tez-tez əlaqə saxlayırdıq. Heç vaxt zənglərimizə narazılıq etməz, səbirlə dinləyərdi. Hətta ölümündən bir gün əvvəl də ona zəng etdik. Özü ölüm yatağında ikən yenə də oğlumla maraqlandı, son tövsiyələrini verdi. 

Azər Əkbərov bizim kimi kasıbların həkimi idi. Oğlumdan başqa da pulsuz əməliyyat etdiyi çox xəstəsi var. Şəmsini əməliyyat edəndə dedim ki, bayram günüdür, amma siz ailənizin yox, bizim yanımızdasınız. O da cavabında bildirdi ki, bir xəstənin həyatını xilas etmək mənim üçün elə bayramdır”.

Filmdə A.Əkbərovun həkim yoldaşlarının da müsahibələri yer alıb. 

Qeyd edək ki, uzman neyrocərrah Azər Əkbərov ehtiyatda olan tibb xidməti mayoru, Gülhanə Hərbi Tibb Akademiyasının məzunu idi. O,  ağır və riskli beyin əməliyyatlarını uğurla icra edən yüksək dərəcəli mütəxəssis kimi tanınırdı. Uzun illər xərçəng xəstəliyindən əziyyət çəkən A.Əkbərov 2021-ci il noyabrın 24-də 42 yaşında vəfat edib. 

Könül Cəfərli 

NUH informasiya agentliyi səhifəsindən çap edilib