Dərc edilib: 28-10-2022

https://www.nuh.az/32489-.html

Şairə göydələn mavzoley tikdirən hökmdar – Türküstanın incisi

28.10.2022 08:26:15

Bir hökmdar düşünün ki, rəğbət bəslədiyi şair üçün müasir onmərtəbələr boyda mavzoley tikdirsin. Nadir hadisədir. Amma tarixdə belə bir hökmdar və bu cür böyük hörməti qazanan şair (alim, mütəfəkkir) olub. Hökmdar hamının tanıdığı Əmir Teymurdur. Alimi – Xoca Əhməd Yasəvini isə Qazaxıstanda və Özbəkistanda hamı tanısa da, o biri türk ölkələrində mütəxəssislər və maraqlanan insanlar tanıyır, uzaq ölkələrdə isə tanıyanlar ya bir olar, ya iki. 


554.JPG (39 KB)

Əhməd Yasəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlib. O, 12-ci əsrdə yaşayıb, 1166-cı ildə vəfat edib. Orta Asiya türkləri arasında İslamı yayıb, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olub.

Əhməd Yəsəvi sufizm cərəyanının banisidir. Əmir Teymur bu şəxsə böyük qiymət verib, vəfatından 233 il sonra onun məzarı üzərində möhtəşəm bir mavzoley tikdirib.

8.jpg (167 KB)

Yasəvi mavzoleyinin hündürlüyünə baxanda adamın başından, necə deyərlər, papaq düşər. İnanmaq çətindir ki, 14-cü əsrdə, konkret olaraq 1385-ci ildə bu qədər möhtəşəm bina inşa edilib. Mavzoley sonradan restavrasiya olunsa da, inşaat işlərinin mükəmməlliyi göz önündədir. O zamanlar bu qədər qranit kimi möhkəm kərpici necə bişiriblər, nədən hazırlayıblar, hələ də sirri çözülməyib.

18.jpg (147 KB)

Maraqlıdır ki, Əmir Teymur bu tikilini qazaxların xanı Toxtamışa qalib gəldikdən sonra, onun acığına tikdirib. Biz görmüşük ki, işğalçı haranısa qəsb edəndən sonra sökür-dağıdır, yandırır və yerində heç nə tikmir. Özbək fateh isə tərsinə edib və onun əsəri 622 ildir ki, öz əzəmətini qoruyub saxlayır.

16.jpg (359 KB)

Bələdçimiz Qəni danışır ki, mavzoleyin beton və ya daş bünövrəsi olmayıb, onu sonradan, tikilinin restavrasiyası zamanı əlavə ediblər. Ona qədər o böyüklükdə və ağırlıqda bina qamış və gildən hazırlanmış özül üzərində bərqərar olub. Mütəxəssislər bu sirri çözüblər: qamış və gil özül mavzoleyi şiddətli və xəfif zəlzələlərdən qoruyub.

6.jpg (143 KB)

Bu, “tay-kazan” adlanın qazanı Yasəvi mavzoleyinə Əmir Teymur şəxsən özü bağışlayıb və o vaxtdan qorunub saxlanır. Bələdçimiz deyir ki, qazan 3 ton maye tutur, o vaxt bunda şərbət hazırlayaraq camaata paylayırmışlar və bu mərasim həftədə bir dəfə olurmuş.

10.jpg (130 KB)

Bundan başqa, qazaxların “axsaq Teymur” adlandırdığı hökmdar mavzoleyə lampalar da bağışlayıb, onlar da göz bəbəyi kimi qorunur.

qapi.jpg (107 KB)

Mavzoleyin qədim taxta qapısının əsas hissəsi də sağ-salamat qalıb.

15.jpg (178 KB)

Ümumiyyətlə, özbəklər kimi, qazaxlar da öz tarixlərinə böyük hörmət qoyur, onunla qürur duyur, bacardıqca təbliğ edirlər. Yasəvi mavzoleyinin yerləşdiyi “Həzrət Sultan” tarixi memarlıq qoruğu böyük, ucsuz-bucaqsız bir kompleksdir.

14.jpg (163 KB)

Buraya nəqliyyatın girişi qadağandır. Ziyarətçi turistlər böyük bir məsafəni piyada gəzməlidirlər. Sadəcə, yorulanlar və yaşlı adamlar üçün avtokar xidməti nəzərdə tutulub.

13.jpg (208 KB)

Milli və qədim geyimlər geymiş aktyorlar kompleks ərazisində gəzişir, qədim bahadırların necə göründüyünü nümayiş etdirirlər.

17.jpg (204 KB)

Kompleksə 200-dən artıq obyekt daxildir. Qazaxlar tarixlə müasirliyi elə çulğaşdırıblar ki, nə vaxt tarixdən çıxıb müasir həyata, ondan da ora keçdiyini bilmirsən.

Kompleksin ərazisi başdan-başa hər gün sulanan və ciddi qulluq edilən ot örtüyünə malikdir və həmişəyaşıl çəmənlikdir.

12.jpg (198 KB)

Burada folklor ansamblları hər gün növbə ilə konsert verirlər, rəqqasələr milli rəqslər ifadə edirlər.

7c04f6c0-924a-485e-b28b-8e53667d0954.jpg (165 KB)

Ölkənin o biri vilayətindən gələn çalğıçılar öz yörələrinin melodiyalarını çalırlar.

4.jpg (151 KB)

Qoruqda çoxlu köçəri yurtaları (alaçıq-çadırlar) da tikilib və içərisində ziyarətçi müştərilərə iaşə xidməti göstərilir, qazax və özbək mətbəxinin təamları təqdim edilir.

Hər yanda səliqə-səhman hökm sürür. Ziyarətçilər isə aşıb-daşır. Buraya xarici turistlərlə yanaşı yerli adamlar da çox gəlir və insanlar öz kiçik uşaqlarını bu kompleksə gətirir, onlara öz ölkələrinin şanlı keçmişindən danışır, tarixi abidələri göstərirlər.

9.jpg (162 KB)

Qoruq ərazisində müasir Venetsiyanın küçələrindən birini andıran kanal da düzəldiblər. İçində qayıqla gəzmək olur. Kanaldakı su göz yaşı kimi dupdurudur, filtrasiya edilir və qorunur ki, heç kəs ora yad cism atmasın.

2.jpg (164 KB)

Ümumiyyətlə, bu şəhərdə turizm üçün böyük potensial var. Türküstanın qədim və köhnə hissəsindən az qala 2-3 dəfə böyük yeni şəhərdə tikilir və bu hissədə onlarla lüks otellər inşa edilib. Müasir Avropa şəhərlərini xatırladan Türküstanın qədim hissəsi isə region və dünya turistləri üçün çox cəlbedici hala gətirlib.

Xalid Kazımlı, Türküstan, Qazaxıstan

NUH informasiya agentliyi səhifəsindən çap edilib