Dərc edilib: 30-10-2022

https://www.nuh.az/32515-.html

Mingəçevirdə “Zəfər Parkı” salınır

30.10.2022 19:19:31

LIVE

Mingəçevirdə “Zəfər Parkı” salınır


İstirahət məkanında işlər yekunlaşmaq üzrədir 

 

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, eləcə də sakinlərin mənalı istirahətini təmin etmək məqsədilə Mingəçevir şəhərində “Zəfər Parkı” inşa edilir.

Şəhərin Heydər Əliyev prospektində istifadəsiz ərazidə salınan yeni parkda yaşıllaşdırma işləri aparılıb, piyada və köməkçi avtomobil yolları salınıb. Parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, müxtəlif növ ağac, kol və güllər əkilib.

Ümumilikdə, “Zəfər Parkı” təxminən 3 hektar ərazini əhatə edir. İstirahət mərkəzi modern layihə əsasında inşa olunur. Parkda şanlı qələbəmizi özündə əks etdirən lövhə, müasir standartlara cavab verən fəvvarə quraşıdırlır. Müxtəlif qurğuların, velosiped zolağının yaradılması da görülən işlərin sırasındadır.

Hazırda parkda son tamamlanma işləri gedir. Parkın ərazisində müasir işıqlandırma sistemi qurulub. Yerə tamet döşənib, çoxlu sayda söhbətgah və skamya quraşdılırıb.

Qeyd edək ki, ərazidə işlər əsasən Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizilk İdarəsi tərəfindən həyata keçirilir. İdarənin rəisi Əli Ağamirov günün demək olar ki, böyük bir hissəsini tikinti meydançasında olur, parkın müasir tələblər səviyyəsində inşası istiqamətində müvafiq tapşırıqlarını verir.

Bizimlə söhbət zamanı Əli Ağamirov bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin 8 noyabr tarixinin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi ilə əlaqədar Sərəncamından sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində “Zəfər Parkı”nın inşasına başlanıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın sivil ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər çaldı. Bu qələbə xalqımızın birliyi, qəhrəman əsgər və zabitlərimizin Vətən sevgisi, iradəsi, əzmi ilə qazanıldı. Mingəçevirdə “Zəfər Parkı”nın yaradılması barədə ideya səslənəndən bəri kollektivimizin üzvləri işlərin ən yüksək səviyyədə görülməsi üçün əllərindən gələni edirlər. Qələbəmizin rəmzi olan “Zəfər Parkı”nda əməyi keçən hər bir əməkdaşımız bundan hədsiz qürur duyur. Gördüyünz kimi, parkın ərazisində həmişəyaşıl ağaclar, bəzək kolları və güllər əkilib, müasir işıqlandırma sistemi, fəvvarə quraşdırılıb. Əlbəttə, görülən işlər bununla yekunlaşmayacaq və bundan sonra da davam etdiriləcək. Çalışırıq ki, burada həm sakinlərin mənalı istirahət etmələri üçün lazımi şəraiti yaradaq, həm də haqları heç nəylə ödənilməyəcək şəhidlərimizin ruhu qarşısında cüzi də olsa öz mənəvi borcumuzu yerinə yetirək. İnşallah, Zəfər gününədək işləri yekunlaşdırmaq niyyətindəyik. Əminəm ki, sakinlərin səbrsizliklə açılışını gözlədikləri “Zəfər Parkı” qısa vaxt ərzində həm mingəçevirlilərin, həm də şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olacaq”.

Azər

 

No description available.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib