Dərc edilib: 19-11-2022

https://www.nuh.az/32771-.html

Xankəndi separatçıları yeni təxribat hazırlayır - dekabrın 20-22-də...

19.11.2022 09:40:35

LIVE

Oyuncaq rejim “referendum”a gedir; məqsəd “fövqəladə şura” yaradıb Kremlin emissarını ora “sədr” təyin etməkdir - cavabımız nə olacaq?

Qarabağda müvəqqəti yerləşmiş Rusiya “sülhməramlı” kontingentinin çətiri altına sığınan, üstəlik, Fransa kimi qatı ermənipərəst dövlətlərin mənəvi-siyasi dəstəyindən ruhlanan və özlərini cəzasız hiss edən separatçı ünsürlərin Azərbaycan əleyhinə “dövlətcik” oyunu davam edir.

“Yeni Müsavat” xəbər verir ki, cəmi 20 min erməninin yaşadığı “Şeytan yuvası”nda indi də “konstitusiya islahatları”na şıdırğı hazırlıq gedir. Erməni nəşri “Hraparak” bu xüsusda yazıb: “Artsax”da “konstitusiya” ilə bağlı “referendum” keçirməyə tələsirlər. Əvvəlcə “referendum”un gələn ilin yazında təyin edilməsi nəzərdə tutulurdu, lakin son günlərdə vəziyyət dəyişmiş kimi görünür və “konstitusiya referendumu”nun tarixini ilin sonunadək, dekabrın 20-dən dekabrın 22-nə kimi təyin etmək əhval-ruhiyyəsi var".

Qəzet daha sonra qeyd edib: “Dünən (srağagün - red.) ”artsax parlamenti"nin növbədənkənar iclası keçirilib, onun gündəliyində “Ailə Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” və “referendum haqqında” qanuna dəyişikliklər edilməsi haqqında" qanun layihələri olub. Layihə 44 günlük müharibədən sonra Ermənistana köçmüş məcburi köçkünlər və “Artsax” sakinləri üçün referendumda iştirak etmək imkanı verir. Yəqin ki, Ermənistanda vahid seçki məntəqəsi fəaliyyət göstərəcək və o, Ermənistandakı “artsax”ın operativ qərargahında yerləşəcək".

Məlumatlara görə, iclasda “seçki məcəlləsinə dəyişiklik və əlavələrin edilməsi” təşəbbüsü də irəli sürülüb. Nəticədə separatçı anklavda “seçkilər”də səsvermə hüququ “təkcə qeydiyyat yerində deyil, həm də yaşayış yeri üzrə” veriləcək. O halda nə vaxtsa Qarabağda yaşamış, lakin oranı tərk etmiş ermənilər də səsvermədə iştirak edə biləcəklər. Daha bir məkrli hədəf də elə budur: separatçı liderlər “səs verənlərin” sayının Qarabağdakı ermənilərin faktiki sayından qat-qat çox olduğunu iddia edəcəklər.

“Hraparak” onu da bildirir ki, “referendum”dan sonra “artsax”da “parlament” və “prezident” seçkiləri ayrıca keçiriləcək: “Gələn ilin 1-ci yarısında ”parlament", 2024-cü ildə isə “prezident” seçkiləri olacaq".

Əlbəttə ki, Azərbaycan dövləti bu seçki tamaşalarına göz yumsa. Təbii ki, belə şey olmayacaq. Separatçıların ağlı yəqin özlərinə, bir də Rusiya hərbi kontingentinə və Qərbdəki havadarlarına gedib. Ancaq indi 44 günlük müharibədən öncəki dönəm deyil. Bakı özünü yenidən arxayın hiss eləməyə başlamış separatçı-kriminal tör-töküntülərin cilovunu yığmaq, bu qəbildən hoqqalarını önləmək üçün yetərincə resursa malikdir.

Azərbaycan gələn aya planlaşdırılan təxribata qarşı indidən hansı ön tədbirləri görməlidir? Saxta referendumla bağlı rəsmi Bakı Rusiyadan bunu önləməyi tələb eləməlidir, yoxsa özü hərəkətə keçməlidir? Seçki tamaşalarını pozmaq üçün hansı ssenarilər ola bilər?

Pənah Hüseyn pensiya yaşına çatdı Yeni Sabah

Pənah Hüseyn 

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn TV Musavat-a bildirib ki, Qarabağ ərazisində saxta referendum keçirilməsinə hazırlıq çox ciddi məsələdir: “Buna əhəmiyyətsiz baxa bilmərik, seyrçi qalmalı deyilik. Fransa Senatının qətnaməsi, ABŞ Konqresində baş verənlər, referendum keçirilməsi və bu kimi addımların atılması, Ağdam və Xocalıda mühəndis-istehkam qurğularının tikilməsi gərginliyi artıran hallardır. Əgər bunu Rusiya etmirsə, deməli, bu terrorçu dəstələr zərərsizləşdirilməlidir. Buna Azərbaycanın hüquqi əsasları da var. Ona görə siyasi-hərbi addımların atılmasının vacibliyini qeyd edirəm”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, separatçı rejim nəzarət etdikləri ərazidə saxta “referendum” keçirib “idarəetmə sistemini” dəyişməyi planlaşdırır. Onun sözlərinə görə, məqsəd qondarma “prezident idarəetmə sistemini” ləğv edib, “fövqəladə şura” yaratmaq və Rusiya tərəfindən göndərilmiş, öyrədilmiş ünsür Ruben Vardanyanı da “fövqəladə şuranın”"sədri" təyin etməkdir: “Belə olan halda qondarma rejimin ”parlamenti" də fəaliyyətini dayandırır və bütün “hakimiyyət” Ruben Vardanyanın, yəni Rusiyanın tam əlinə keçir. Rusiya da iki ildir yerləşdiyi Qarabağ ərazisində nə siyasəti aparıbsa, onu daha da dərinləşdirəcək. Yəni münaqişəyə yekun nöqtənin qoyulması uzanacaq. Müəyyən mənada proses və mövcud səhnə bizim üçün aydındır. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə mövcud status-kvonun “seçki”, “referendum” yolu ilə dəyişdirilməsinin 10 noyabr razılaşmasına zidd olduğunu öncədən qarşı tərəfə bildirməliyik".

Cavanşir Abbaslı: "Nüvəsi ilə dünyanı səksəkədə saxlayan Putin, hətta Xersonun getdiyini görsə, dəhşətli silaha əl ata bilər” Pravda.az

Cavanşir Abbaslı

AĞ Partiya başqanının müavini Cavanşir Abbaslı isə təklif edir ki, erməni həyasızlığını daha çox görməmək üçün elə dekabrın 22-nə qədər antiterror əməliyyatı həyata keçirib, onların “referendum arzuları”nı gözlərində qoymaq lazımdır: “Xankəndidə mitinq keçiriləndə bu cür təxribatçı hərəkətlərin davam edəcəyini təxmin etmək olardı. Eyni zamanda, Vardanyan Xankəndiyə gələndən sonra bunun boş plan olmadığını bilirdik. Belə bir ”referendum"un yazda planlaşdırıldığı barədə xəbərlər yayılmışdı. İndi isə məlum olur ki, separatçılar tez-bazar bu şounu həyata keçirmək eşqinə düşüblər. Sanki nəyəsə tələsirlər. Bu da təsadüfi deyil. Çünki proseslərin durmadan sülh sazişinə doğru getdiyini onlar da görməmiş deyil. Paşinyanın artıq sülh sazişini uzatmaq üçün baş vurduğu yollar demək olar ki, tükənib. Sülh sazişi imzalanarsa, hakimiyyətini itirmək qoxusunu tam burnunun ucunda hiss edəcəyini yaxşı bilir"

NUH informasiya agentliyi səhifəsindən çap edilib