Dərc edilib: 25-12-2022

https://www.nuh.az/33339-.html

72 yaşlı Ramiz Zeynalova görə, bəlkə Konstitutsiyanı dəyişək..?

25.12.2022 18:37:16

Hadisə

29 ildir  BDYPİ-nin rəisi olan  Ramiz Zeynalovla onun “qara kassiri” Afiyəddin Leysanovun əməlləri…
Bu gün  Azərbaycanda  vətəndaşları dövlətdən narazı salan ən birinci qurum, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir ( BDYPİ). Hətta illər öncə Ulu Öndər Heydər Əliyev müşavirələrin birində  bu qurumun rəhbərliyini kəskin, sərt  tənqid elədi və qanunsuzluqlara son qoymağı tələb etdi. Amma BDYPİ-nin işində heç bir müsbət dəyişiklik baş vermədi. Məlumdur ki, BDYPİ-nə 1994-cü ilin avqust ayından bu günədək  polis general-mayoru Ramiz Zeynalov rəhbərlik edir. Birincisi, bu qurumda baş verən kütləvi rüşvətxorluqdan Ramiz Zeynalovun xəbəri olmaya bilməz. İkincisi, 29 ildir  BDYPİ-nə rəhbərlik edən, təqaüd yaşı çoxdan keçmiş,  72 yaşlı Ramiz Zeynalov hansı keyfiyyətlərinə görə, vəzifədə qalmaqda davam edir? Məlumdur ki, dövlət qulluğunda çalışmanın yaş həddinə görə müəllimlər, məktəb direktorları, sıravi dövlət məmurları  təqaüdə göndərilir. Bəs, Ramiz Zeynalova nə üçün bir söz deyən yoxdur..?Bəlkə referendum keçirək, ölkə Konstitutsiyasını dəyişib, Ramiz Zeynalova nəsə xüsusi bir status-zad, toxunulmazlıq verək..? Bəlkə, onun vətən qarşısında xüsusi xidmətləri var..? Hamıya bəllidir ki, BDYPİ neçə illərdir ki, Ramiz Zeynalovun rəhbərliyi altında sürücülük vəsiqəsi satmaqla, nömrə biznesi ilə, son illər evakuator biznesi, cərimə meydançası bazarı açmaqla  və s neqativ əməllərlə məşğul olur. Məlumdur ki, avtomobil qəzalarından ölən ( 1000 nəfərə görə) vətəndaşların sayına görə, Azərbaycan bəlkə də dünyada birinci yeri tutur. Bizimlə söhbət edən soydaşımız deyir ki, Rusiyada 2 il imtahandan keçə bilmədiyim üçün sürücülük vəsiqəsi ala bilmədim, amma Bakıya gələn kimi 2 aydan sonra “prava” aldım. Bəli, BDYPİ-nin tabeçiliyində olan Qeydiyyat-İmtahan Şöbələrində ( el arasında MERO deyirlər) açıq bazarda olduğu kimi “prava” alveri gedir. Nömrə alverindən tutmuş, sürücülük vəsiqələrinə qədər hər şeyin alınıb-satıldığı MERO-larda sürücülük vəsiqəsi almaq istəyənlər rayonlarda 1000, Bakıda 1200 manat rüşvət verməlidirlər. Təəsvvür edirsiniz, elə nömrələr var ki, az qala bir villanın qiymətinədir. İndi  xırda bir hesablama aparsaq bəlli olar ki, 29 ildə Ramiz Zeynalov nələr qazanmayıb. Əlbəttə, bütün mediada  Ramiz Zeynalovun daş karxanalarından, beton zavodlarından, otel və villalarından yazılır. Və qarşı tərəf  bunu təkzib etmir. Bütün bunları dövlət məmuru olan Ramiz Zeynalov bəlkə maaşla  əldə edib..? Onu da qeyd edək ki,  Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan avtomobillərə görə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi hesablara gedir. Və sürücülərə heç bir qəbz verilmir. Dəfələrlə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyi qarşısında tələb qoyub. Amma heç bir müsbət nəticə yoxdur, əksinə vəziyyət günbəgün pisləşir. Cənab Prezidentimiz, islahatlar aparır, korrupsiyaya görə həbslər olur, 30 illik  Qarabağ problemini 44 günə həll edir.Amma  BDYPİ  məsələsi az qala Qarabağ problemindən çətinə düşüb. Necə ola bilər ki, dəstə-dəstə icra başçıları həbs olunur, amma əməlləri onlardan az olmayan Ramiz Zeynalova əlavə vaxt verilir. Təsəvvür edin ki, hələ yeni il gəlməyib, sürücülük vəsiqələri  yeni qiymətlə 1300  manata satılır.Bax, bu  biabırçı İDARƏÇİLİYİN BAŞINDA Ramiz Zeynalov dayanıb. Məlumdur ki, təkcə BAŞLA iş bitmir, bu şəbəkənin bir GÖVDƏSİ, obrazlı desək, Ramiz Zeynalovun vuran qolu da var. Söhbət  Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin  ( MERO ) rəisi  Afiyəddin Leysanovdan gedir.  Mediada “nömrə kralı”,  “vəsiqə baronu”  kimi ad çıxardan bu adam vaxtilə  Meyvəli bazar deyilən yerdə  MERO-nun tabeçiliyindəki  quruma rəhbərlik edirdi. O  vaxtdan pullar onun cibinə leysan  kimi  axmağa başladı. Əlbəttə, Ramiz Zeynalovun  nəzarəti altında. Hazırda isə Afiyyədin Leysanov Bakı MERO-nu açıq bazara döndərib.  Onun müəyyən etdiyi tariflərə görə, ən ucuz  avtomobili qeydiyyata salmaq 1500 manatdan başlayır və  25.000 manata qədər davam edir. Söhbət tək  avtomobilin qeydiyatından  gedir. 1500-5000 manata qədər orta klass avtomobillər, ondan yuxarı  isə  25.000 manata qədər  olan lüks klass sinifinə aid olan avtomobillərdi. Bu qiymətlərin üstünə də Afiyəddin Leysanovun  nömrə  tariflərini  əlavə etsək…Avtomobil nömrələrinin qiymətləri isə çox şeydən asılıdır.Nömrələrin qiymətləri  nömrənin, seriyanin cüt olmağından, şirkətin  balansına qeydiyyat olan avtomobillərin AA, AZ  və  sair  seriyalarda olan nömrələr isə 20.000 manatdan başlayır   200.000 manata qədər artır. Biz  oxuculara  avtomobilin dövlət qeydiyyatına alınması ilə bağlı  dövlət rüsumunun  cədvəlini  təqdim edirik ki, qoy Leysanovun və onun tabeliyindəki qurumların nümayəndələrinin qapısı ağzında canı və üstəlik pulu çıxan sürücülər görsün ki, Leysanovlar onları necə talayır. Biz bir media olaraq Prezidentimizə,  DİN rəhbərliyinə üz tutaraq  xahiş edirik ki, bu xalqı Leysanov kimilərin zülmündən xilas etsinlər. Bu xalq bu zülmə layiq deyil. Bu xalq  44 günlük savaşda öz həqiqi kimliyini sübut etdi. Leysanovların yeri isə  Ədalət məhkəməsidir.
NUH.az

72 yaşlı Ramiz Zeynalova görə, bəlkə  Konstitutsiyanı dəyişək..?

72 yaşlı Ramiz Zeynalova görə, bəlkə  Konstitutsiyanı dəyişək..?






NUH informasiya agentliyi səhifəsindən çap edilib