Dərc edilib: 16-02-2023

https://www.nuh.az/33948-.html

"Milyonlarla pul silənlər var" - Deputatla sensassion MÜSAHİBƏ

16.02.2023 23:02:03

Müsahibə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları- tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva cinayət törətməkdə təqsirləndirilir. İttihama görə, Səbuhi Hüseynov vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib. İddia olunur ki, cinayət əməlində ona İnstitutun kadrlar şöbəsinin müdiri işləmiş həyat yoldaşı Gülüstan İsayeva köməklik göstərib. Təqsirləndirilən şəxslər ümumilikdə 92 min manat mənimsəmədə ittiham olunurlar. Təqsirsizlik prezumpsiyasına görə həmin şəxsləri ittiham etmək, onlar barədə hər hansı hökm çıxarmaq niyyətində deyilik. Bu məsələ ilə hüquq mühafizə orqanları, məhkəmələr məşğul olur. Ancaq bu hadisədən də göründüyü kimi elmi tədqiqata büdcədən ayrılan pulların təyinatı üzrə xərclənməsinə ciddi şübhələr var. Yaranan suallara aydınlıq gətirmək üçün millət vəkili Etibar Əliyevə müraciət etdik. 


- Cənab Əliyev, Azərbaycanda dövlət büdcəsindən elmi tədqiqata ayrılan pullar təyinatı üzrə xərclənirmi?

- Mən o informasiya ilə tanışam. Məsələ ilə hüquq-mühafizə orqanları məşğul olduğundan bu barədə şərh vermək istəmirəm. Sualınıza gəlincə, Elmin İnkişafı Fondu tədqiqatlar üçün milyonlarla manat vəsait ayırır. Mən təklif etmişdim ki, onun qrantlarının obyektiv monitorinqi keçirilsin. Tədqiqatlara ayrılan vəsaitlər nəticəli olmalıdır. Mən düşünürəm ki, iki elmi işçi o qədər böyük vəsaiti sərbəst şəkildə, istədikləri kimi mənimsəyə bilməzlər. Bu, mənim qənaətim, şəxsi mövqeyimdir. O qədər böyük vəsait onlara verilibsə, hər halda, o vəsaitin kim tərəfindən verildiyi,- həmin inistut tərəfindənmmi, ya Elmin İnkişafı Fondu tərəfindənmi- bilinməlidir. Əgər Elmin İnkişafı Fondu tərəfindən verilibsə, tədqiqata ayrılan bütün vəsaitlərin monitorinqi aparılmalıdır. Bu pulların istiqaməti üzrə xərclənib, xərclənməməsi kimi amillər yoxlanılmalıdır. Ümumyyətlə, mən düşünürəm ki, elmə ayrılan vəsaitin həcmi bir o qədər də çox deyil. Təbii ki, bu pullar təyinatl üzrə xərclənməlidir.

- Bu pulların üzərində ictimai nəzarət niyə mövcud deyil?

- İctimai nəzarət sıfır səviyyəsindədir. Bu vəsaitlərin xərclənməsində heç bir ictimai nəzarətdən söhbət gedə bilməz. "İctimai iştirakçılıq haqqında" haqqında qanun qəbul olunub. Bir çox təşkilatlarda ictimai nəzarət şuraları yaradılıb. Amma akademiya sistemində və bir çox müəssisələrdə bu cür şuralar fəaliyyət göstərmir. QHT-lərin monitorinq aparmaq imkanı yoxdur.

- Əgər ölkədə alim pul silməklə məşğuldursa, orada elmin inkişafından danışmaq mümkündürmü?

- Təkcə elm sahəsində deyil, başqa sahələrdə də milyonlarla pul silənlər var. Elə korrupsiya materialları var ki, on milyonlarla manat vəsait mənimsəyibblər. Hər halda araşdırma aparılmalıdır ki, bu hansı şəraitdə baş verib. Korrupsiya hallarıı alimlərin üzərinə fokuslamaq düzgün deyil.

- Bəs beynəlxalq təcrübədə necədir? Tədqiqatlara pullar necə ayrılır? O pullar necə xərclənir?

- Beynəlxaq təcrübədə böyük vəsaitlərin üzərində nəzarət mexanzmi var. Orada alimlər, müstəqil ekspertlər nəticələr üçün müəyyən məsuliyyət daşıyırlar. Nəticələr ictimailəşdirilir, nəticələrin hesabatı aparılır. Cəmiyyətin də baş verənlər haqqında məlumatı olur. Amma təəssüflər olsun ki, bizdə layihələrin böyük əksəriyyəti, xüsusilə elm və digər sahələrdə qapaılı şəkildə keçirlir. Bu baxımdan, layihələrin qiymətləndirilməsi çətinlik yaradır.

- Ümumiyyətlə Azərbaycanda elmi nəticələr o qədər də gözə dəymir. Bu nə ilə bağlıdır? Biz elmlə məşğul ola bilmirik, yoxsa necə?

 
- Bəli, elmi nəticələr cəmiyyətə açıq olmalıdır. Cəmiyyət bilməlidir ki, dövlətin ayırdığı vəsaitin nəticəsi necə olub. Fizika, geologiya, arxeologiya, həmçinin ədəbiyyat sahəsində nəticə nədən ibarət olub, onu dəyərləndirə bilsinlər. Amma əfsus ki, bizdə institutional bir qurum yoxdur ki, bu nəticələri dəyərləndirsin. Bütün hallarda, əgər bir tədqiqata böyük vəsaitlər xərclənirsə və alimlər onun əhəmiyyəti olduğunu hesab edirlərsə, bu, cəmiyyətə izah olunmalıdır.

- Elmin populyarlaşdırılması sıfır dərəcəsindədir. Bunun qarşılığında da gənclərimizdə narkomaniya və s. kimi "underground" meyillər yayılır. Nəyə görə biz öz elm adamlarımızı, öz elmi tədqiqatlarımızı populyarlaşdıra, onu ictimai obraza çevirə bilmirik?

- Elmin populyarlaşdırılması ayrıca bir sahədir. Elə də asan bir sahə deyil, çox mürəkkəbdir. Bir çox ölkələrdə yüz illərdir ki, elmin populyarlaşdırılması həyata keçirlir. Elmin populyarlaşdırılması elmi cəmiyyətə açmaq, başadüşülən formada təqdim etməkdir. Hər kəs böyük formullaları, düsturları, qrafikləri anlaya, dərk edə bilməz. Populyarlaşmanın önəmli tərəfi ondan ibarətdir ki, elmi gənclər sadə formada anlaya bilsinlər. Populyarlaşmaq həm də gənclərdə elmə sevgi yaradır. Bir məsələni qeyd edim ki, bizim alim korpusu elmi əsərləri sadə formada çap etmək iqtidarında deyil. Maraq yoxdur, universitetlərin həvəsi yoxdur.

- Türkiyə telekanallarında Celal Şengör, İlber Ortaylı, Erhan Afyonçu kimi elm adamları hər gün efirlərdədir. Bizim Celal Şengörümüz niyə yoxdur?

- Bu da maraqlı sualdır. Əvvəla, televiziya kanalları bu tip mövzulara maraqlı olmalıdır. Amma təəsüflər olsun ki, indi televiziya rəhbərlərinin çoxusu bu işlərdən xəbərsizdirlər və cəmiyyətin maariflənməsində maraqlı deyillər. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, o sadaladığınız elm adamları, onların çox geniş mütaliələri və çox dərin intellektləri var. Bu şəxslər emləri əlaqələndirə bilirlər və daha sonra sadə formada izah edirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib