Dərc edilib: 03-06-2023

https://www.nuh.az/34633-.html

Sabah Gəncə qiyamından 30 il ötür....

03.06.2023 13:28:08

Cəmiyyət

Sabah - iyunun 4-də AXC hakimiyyətinə qarşı Gəncə qiyamının (1993) 30 ili tamam olur. İyun hadisələri heç şübhəsiz, Azərbaycanın ən yeni tarixinə silinməz möhürünü basıb. “4 iyun qiyamı” adlanan hadisələr illər keçdikcə yenə də müzakirə obyektidir. 


Məlumat üçün qısaca deyək ki, həmin vaxt Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Keçmiş korpus komandiri olan Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub. “Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətinin yıxılması ilə nəticələnib.

Hər il 4 iyun hadisələrinin ildönümü ərəfəsində məsələyə müxtəlif mövqelərdən münasibətlər bildirilir, müəyyən fikirlər söylənilir. Bu da 4 iyun hadisələrinin ölkənin ictimai rəyində maraq kəsb etməsinin sübutudur. Bəs 30 il sonra da həmin olaylarla bağlı cavabı tapılmayan sual qalırmı? 

 

Deputat Aydın Mirzəzadə bütün gecəni aeroportda kimi gözləyib? - TƏFƏRRÜAT - VİDEO

Aydın Mirzəzadə

 

Hakim partiyanın deputatı Aydın Mirzəzadə 30 il əvvəlki hadisələrə qiymət verərkən “Yeni Müsavat”a qeyd etdi ki, 4 iyun qiyamı həmin dövrün ağır xarakteristikalarından biridir. Onun sözlərinə görə, bir-birinin ardınca hakimiyyətə gələn siyasi komandalar ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunub saxlanılmasında əhəmiyyətli problemləri həll etmək gücündə olmadılar: “Onların nə dövlətçilik, nə həyat təcrübləri var idi, nə də beynəlxalq proseslərdən xəbərdar idilər. Bu da vəziyyəti daha da çətinləşdirirdi. 1992-ci ildə AXC-Müsavat cütlüyü isə iqtidara gələndə öz üzərinə düşən siyasi məsuliyyətin ağır yükünü dərk etmədi, getdikcə siyasi böhran yarandı, ölkədə qarmaqarışlıq baş verdi, bu qüvvələr Azərbaycanın strateji xəttini müəyyənləşdirə bilmədi, nəticədə gərginlik daha artdı”.

A.Mirzəzadə xatırladır ki, o zaman həm hakim komandada olan siyasi qarşıdurma, həm ordudan ayrı-ayrı adamların öz siyasi məqsədləri üçün alət kimi istifadəsi nəticədə 4 iyun qiyamına gətirib çıxardı: “Hətta həmin dövrdə Azərbaycan dövlət müstəqilliyini itirməyə yaxın idi. Lakin o ağır vəziyyətdən çıxmağı Ulu Öndər Heydər Əliyevin qayıdışı həll etdi. Əgər 4 iyun hadisələri davam etsəydi, Heydər Əliyev faktoru olmasaydı, Azərbaycanın torpaqlarının bir  hissəsi bu gün də işğal altında olacaqdı, sərvətləri böyük dövlətlər tərəfindən mənimsəniləcəkdi. Məhz Ulu Öndərin gəlişi ölkəni çox ağır problemlərdən xilas etdi və dövlətçiliyin möhkəmlənməsi prosesi getdi. Daha sonra cənab İlham Əliyev bu siyasi kursu davam etdirdi, ölkəmizin inkişafı, yüksəlişi sürətləndi, nəhayət, üç il əvvəl Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olundu və bu gün Azərbaycan beynəlxalq aləmdə öz yeri, sözü, nüfuzu olan bir dövlət olaraq qəbul edilir”. 

 

ILK XƏBƏR: Qulamhüseyn Əlibəyli: "Soçi Bəyanatı rəsmi Bakının siyasi xəttinə uyğun bir sənəd kimi qiymətləndirilməlidir"

Qulamhüseyn Əlibəyli

1992-ci ilin noyabrından 1993-cü ilin iyununadək mərhum prezident Əbülfəz Elçibəyin parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışmış Qulamhüseyn Əlibəyli isə qeyd etdi ki, qiyamı yatırmaq mümkün idi. Onun sözlərinə görə, 4 iyun hadisələri bir çox xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən hazırlanmışdı və aparıcı Rusiya idi: “Qiyamda iştirak edənlər də Rusiyaya bağlı adamları idi. Azərbaycanın o dövrkü hakimiyyəti barışdırıcı mövqe tutdu, qiyamı yatırmaq əvəzinə, amnistiya qəbul etdi. Ancaq qiyam silahlı qüvvələrdə olmuşdu və onu yatırmaq üçün elə silahlı qüvvələr cəlb edilməli idi. Təəssüf ki, bu məsələdə hakimiyyət qətiyyətsizlik göstərdi. Dövlətə və xalqa qarşı qiyam qaldırılıbsa, həmin silahla da qiyamçılar məhv edilməli idi”.

Q.Əlibəyli hesab edir ki, 4 iyun qiyamı nəticəsində demokratikləşmə prosesində geriləmə oldu: “Əgər bu hadisələr olmasaydı, neft müqavilələrinin bağlanması nəzərdə tutulurdu, artıq bp ilə kontraktlar hazır idi, əlverişli şərtlərlə sənədlər imzalanacaqdı. Əfsus ki, heç biri olmadı və xeyli geri düşdük...” 

 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib