Dərc edilib: 13-08-2023

https://www.nuh.az/35113-.html

RUS ORDUSU BAKIDA (28 İYUL 1723-CÜ İL)

13.08.2023 12:31:08

Maraqlı

 

Müstəqil araşdırmaçı Aydın Kazımov yazır

 

Üç yüz il əvvəl, 1723-cü ilin iyul ayında general-mayor Matyuşkinin komandanlığı ilə rus ordusu dörd polkla dənizdən daxil olaraq Bakını işğal etdi.

XVII əsrin sonu XVIII əsrin əvvəllərində bu ərazilərdə qüdrətli Azərbaycan Səfəvilər dövləti yerləşirdi.

Mən Rusiya səlnaməçisi S.M.Solovyovun 1989-cu ildə çap edilmiş “Rusiya tarixi barədə” və digər çap edilmiş nəşrlərdən istifadə edərək araşdırma apardım. Məlum oldu ki, hələ yarandığı dövrün ilk vaxtlarında, 944-cü ildə Rusiya Azərbaycana  Bərdəyə hücum edərək burada kütləvi qırğınlar törətmiş və yerli əhalini qarət etmişdi.

XVII əsrin 50-60-cı illərində rus kazakları İvan Kondirevin başçılığı ilə burada qarətlər törətmiş, əraziləri viran qoymuşlar.

1668-ci ildə isə rus kazakları Stepan Razinin başçılığı ilə iki minlik dəstə ilə Dərbəndə və sonradan Bakıya daxil olur. Onlar bütün sahil boyu əraziləri zəbt və qarət edir. Əhalinin bir hissəsini isə əsir götürürlər. Bu dövrdə artıq Rusiya qüdrətli dövlətə çevrilmişdi. 1721-ci ildə orada imperiya yaradılır. Rus çarı I Pyotr təxminən əlli il sonra Razinin yolu ilə hərəkət etmək qərarına gəlir. Bu dövrdə Fars adlanan dövləti Səfəvilər sülaləsindən olan Hüseyn Şah (1694-1722-ci illər) idarə edirdi.

1722-ci ildə burada əfqanlar şaha qarşı üsyan edərək onu əsir götürürlər.  Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Osmanlı imperiyası öz qoşunlarını Cənubi Qafqaza yeritdi. Osmanlılar  tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru Bakını işğal etməyə tələsdirdi.

Rusiya hakimiyyətsiz dövlətin vəziyyətindən istifadə edərək ordusunu bu ərazilərə daxil etməyə başlayır. Rus ordusu Həştərxanda cəmləşir. Pyotr işlərlə özü tanış olmaq qərarına gəlir. Çar I Pyotr ordusunun bir hissəsini Gilana yola salır. 18 iyul 1722-ci ildə isə I Pyotr və Yekaterina gəmilərlə Xəzər dənizinə daxil olurlar. Piyada ordu isə digər gəmilərlə onları müşayiət edir. Süvari ordu isə Xəzərsahili ərazilərlə hərəkət edərək, kumıkların ərazisi Tarok qalasını tutaraq, Azərbaycanın Dərbənd şəhərinə yaxınlaşır.

16 avqustda rus ordusu Dərbəndə yürüş edir. Sultan Mahmud ruslara müqavimət göstərir. Lakin onun paytaxtı Utemiş ruslar  tərəfindən yerlə-yeksan olunur, nəticədə Dərbənd ruslara müqavimətsiz təslim olur.

Taroku və Dərbəndi əldə edən ruslar Bakı istiqamətində hərəkət edirlər, onlar Bakını müqavimətsiz əldə edəcəkləri qənaətinə gəlirlər. Rus ordusunun gəmiləri tələskənliklə hazırlandığından tam hazır deyildi və pis vəziyyətdə idilər. Rus ordusunu təmin edən unla yüklənmiş 12 gəmi və sonradan göndərilmiş 30 ərzaqla yüklənmiş gəmilərin dənizdə üzmələri çətinləşir. Pyotr vəziyyətlə əlaqədar hərbi şura çağırır və ərzaq çatışmazlığı ilə əlaqədar Bakıya daxil olma missiyasının dayandırılması qərarını verir. O bir qarnizonu Dərbənddə saxlatdırır, özü isə geri  Həştərxana qayıdır. Beləliklə, 1722-ci ildə I Pyotr Bakıya daxil ola bilmir və buranı işğal etmək mümkün olmur.

1722-ci ilin noyabr ayında polkovnik Şirov müttəfiqlik adı ilə Rəştə daxil olur.

Bakının dənizdən mühasirəsi 1723-cü ilin iyulunda başladı. 4 günlük güclü bombardmandan sonra bakılılar təslim oldular. İyulun 28-də Bakı qarnizonunun rəisi Dərgah Qulubəy təslim olduqlarını elan etdi.

 1723-cü ilin iyul ayında general-mayor Matyuşkinin komandanlığı ilə rus ordusu dörd polkla dəniz vasitəsi ilə Bakıya daxil olur və buranı zəbt edir. Buranı zəbt edən Matyuşkin knyaz Baryatinskini komendant təyin edərək Həştərxana qayıdır. I Pyotr bundan çox sevinir, türklərin Xəzərətrafı ərazilərə daxil olmasının qarşısının alınması münasibəti ilə ona öz minnətdarlığını bildirir. Matyuşkinə general-leytanant rütbəsi verilir.

Fars dövləti bu vəziyyətlə barışır, 12 sentyabr 1723-cü ildə isə müqavilə bağlanır və Xəzərsahili ərazilər  Gilan, Mazandaran, Astarabad, Bakı, Dərbənd Rusiyanın nəzarətinə keçir.

Zəbt etdikləri əyalətlərdə möhkəmlənmək məqsədi ilə illər əvvəl ermənilərin müraciətlərini nəzərə alan Pyotr müsəlman əhalsinin sayının azaldılmasını, xristianların, əsasən də ermənilərin buraya köçürülməsində görürdü.

Bu dövrdə Türkiyə Rusiyanın işğalı ilə barışmır və Təhmasib ilə Rusiyanın bağladığı müqaviləni qeyri-qanuni hesab edərək, bütün ərazilərin Türkiyəyə keçməsini tələb edirdi.

Türkiyə 1724-cü ildə qeyd edilən məsələ barədə diplomatik danışıqlar aparırdı və Rusiyaya müharibə  elan etməsə də, müharibəyə hazırlaşırdı.

31 mart 1725-ci ildə I Pyotr vəfat edir.

Sonralar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ilə əlaqədar Pyotrun qardaşı qızı olan çar Anna İvanovnanın (1730-1740-cı illər) hakimiyyəti dövründə zəbt edilmiş Xəzərsahili ərazilər Rəşt müqaviləsi (1732-ci il) və Gəncə razılaşmalarına (1735-ci il) əsasən Rusiya tərəfindən geri qaytarılır. 

Cəmi 12 il sonra  1747-ci ildə Nadir şahın ölümündən sonra, onun imperiyası dağılır və Azərbaycanda 20-dək xanlıqlar və bir neçə sultanlıq yaranır.

XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925-ci illər) hakimiyyətə gələrək xanlıqları mərkəzi hakimiyyətə tabe etmək niyyətində olmuşlar. Lakin buna nail ola bilmirlər. Rusiya-İran mühasibəsi nəticələrinə görə bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürülür. Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatılır.

Rusiya azərbaycanlılara qarşı məkrli siyasətini davam etdirir. Rusiya-İran (1826-1828-ci illər) və Rusiya-Türkiyə (1828-1829-cu illər) müharibələrinin gedişində, həm də sonralar ruslar İran və Türkiyədən erməniləri Azərbaycana köçürürlər.

Elçin Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü” nəşrində bu barədə geniş məlumat verilir. Burada bildirirlir ki, təkcə 1828-1830-cu illər ruslar Qarabağın dağlıq hissəsinə 200 min, 1877-1879-cu illərdə Cənubi Qafqaza 85 min, 1896-1908-ci illərdə isə bu regiona 400 min ermənini köçürmüşlər. Elə bunun nəticəsində XX əsrin əvvəllərində və sonunda silahlanmış ermənilər azərbaycanlılara qarşı soyqırım həyata keçirirlər. 1918-ci ilin mart ayında on minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilir.

Nəhayət, 1918-ci ilin may ayının 28-də Azərbaycanda Xalq Cumhuriyyəi müstəqil dövlət yaradılır, erməni təcavüzünün qarşısı alınır. Lakin 1920-ci ilin aprel ayında Azərbaycan bir daha işğala məruz qalır.

Sovet dövründə 1990-cı ilin 20 yanvar tarixində Bakıya rus ordusu yeridilir və burada kütləvi qırğınlar törədilir.

1991-ci ildə isə Cumhuriyyətin varisi kimi Azərbaycan öz müstəqilliyini bərpa edir.

1992-1993-cü illərdə erməni silahlı birləşmələri Azərbaycanın ərazilərinin bir hissəsini müvəqqəti olaraq işğal edir.

Nəhayət, 2020-ci ilin oktyabr-noyabr aylarında şanlı Azərbaycan Ordusu ermənilər tərəfindən işğal edilmiş ərazilərimizi azad edərək Respublikanın ərazi bütövlüyünü təmin etdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib