Dərc edilib: 26-08-2023

https://www.nuh.az/35212-.html

Qırmızı sovet ordu hissələri Təbriz küçələrində...

26.08.2023 14:01:27

LIVE
Qırmızı ordu hissələri Təbriz küçələrində.
1941-ci il avqustun 25-də Britaniya və SSRİ qoşunları İrana qarşı “Countenance” (rusca: согласие) əməliyyatına başladılar. İran İkinci dünya müharibəsində öz bitrəfliyini elan etmişdi, amma müttəfiqlərə nəzarətlərində olan İran lazım idi.
Britaniya qoşunları İraq ərazisindən, sovet qoşunları isə Azərbaycan və Türkmənistandan İrana girdilər. Qəfil yaxalanan şah ordusu, demək olar ki, müqavimət göstərmədi. Britaniyalılar və sovetlər avqustun 29-da Sənəndəc, bir-iki gün sonra Qəzvin yaxınlığında birləşərək Tehrana doğru hərəkət etdilər. İngilislərin heç sevmədikləri Rza şah sentyabrın 16-da taxtdan əl çəkməyə məcbur edildi, yerinə 22 yaşlı oğlu Məhəmməd Rza keçdi. Rza şah Cənubi Afrikaya sürgün edildi və 1944-cü ildə Yoxannesburq yaxınlığında vəfat etdi.
İran müharibənin sonuna qədər müttəfiqlərin nəzarətində qaldı. Lend-liz vasitəsilə SSRİ-yə edilən yardımın 1/3 hissəsi “İran dəhlizi”nin payına düşürdü.
İngilislər 1946-cı ilin martında İrandan çıxdılar. SSRİ-nin çıxışı isə daha mürəkkəb oldu. Stalin İran Azərbaycanında və İran Kürdüstanında dövlət qurumları yaratmaq, sonra da onların xahişi ilə bu əraziləri SSRİ-yə birləşdirmək niyyətində idi.
İran SSRİ-nin bu hərəkətlərindən yenicə yaranan BMT-yə şikayət etdi. Bu, BMT tarixində bir dövlətdən daxil olan ilk şikayətdir. Qurum SSRİ əleyhinə bir sənəd qəbul etməsə də (3 saylı qətnamə SSRİ-dən qoşunlarını çıxarmağı tezləşdirməyi xahiş edirdi), Qərb ölkələrinin və xüsusən ABŞ-ın qəti mövqeyi, həmin vaxt ABŞ-ın atom bombasının olması, SSRİ-nin isə olmaması Moskvanı 1946-cı ilin mayında qoşunlarını İrandan çıxarmağa məcbur etdi.
“Tarixçi” teleqram kanalım

NUH informasiya agentliyi səhifəsindən çap edilib