Dərc edilib: 21-12-2023

https://www.nuh.az/35914-.html

Rusiyada son 7 ildə 100 min azərbaycanlı vətəndaşlıq alıb - sevinək, yoxsa...

21.12.2023 09:45:21

LIVE

Azər Allahverənov: “Aidiyyəti strukturlar müəyyən strateji planları nəzərdə tuturlar, odur ki...”

2023-cü ilin 8 ayı ərzində (yanvar-avqust) 7 min 457 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu rəqəmlər Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi məlumatda əks olunub. 

2022-ci ildə 23 min azərbaycanlıya Rusiya vətəndaşlığı verilib. 

2021-ci ildə 30 min azərbaycanlı Rusiya pasportu alıb. 

2019-cu ildə 13 min 500 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. 

2017-ci ildə 10 397 azərbaycanlı Rusiya pasportu alıb. 

2016-cı ildən 2020-ci ilə qədər dövrdə 49 min 700 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu rəqəmləri topladıqda məlum olur ki, son 7 il ərzində 100 mindən çox  Azərbaycan vətəndaşı Rusiya pasportu alıb. 

Azərbaycanlıların Rusiyadan vətəndaşlıq almasına sevinəkmi, yoxsa bu, hansısa problemlərə yol aça bilər? İkincisi, müharibə aparan, sanksiyalar altında çabalayan bir ölkədə soydaşlarımızı vətəndaşlığa çəkən nədir, hansı səbəblərdir?


Azər Allahverənov: Azərbaycanın növbəti beynəlxalq uğuru qürurvericidir - "İki sahil"

Azər Allahverənov

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin mütəmadi açıqladığı statistik rəqəmlər var və burada həqiqətən də Azərbaycandan olan vətəndaşların Rusiya vətəndaşlığı əldə etməsi barədə geniş məqamlar öz əksini tapır: “Söhbət kifayət qədər böyük rəqəmlərdən gedir. Amma son on ilin statistikasını biz götürsək, bunlar daha çox 2022-ci ilə qədər olan dövrə şamil olunur. Çünki 2022-ci ilə qədər Rusiyanın Ukraynada müharibə aparması kimi planları və ya vətəndaşlığın əldə olunmasını ləngidən, ya da problem yaradacaq hər hansı digər amillər də nəzərə çarpmırdı deyə vətəndaşlar həmin dövrdə çox sayda müraciət ediblər. Yəni son 12 ildə. ABŞ-ın, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar var idi, bu sanksiyaların fonunda Rusiya iqtisadiyyatının bir çox sahələrində artıq müəyyən durğunluq yaşanmağa başladı. Bir çox istehsalat sahələri, tikinti layihələri dayandırıldı. Bu da nəticə etibarilə vətəndaşlıq əldə etmək istəyən insanların bu niyyətdən çəkindirən amilə çevrildi. Nə üçün bizim vətəndaşlar Rusiya vətəndaşlığını qəbul etmək istəyirdilər? Birincisi, qanunvericilik müəyyən mənada imkan verirdi ki, Azərbaycan Respublikası vətəndaşı qalaraq həm də RF vətəndaşlığını əldə etsinlər. Sonradan gördülər ki, çox sayda insan bunu tətbiq edir, müəyyən qadağalar tətbiq etdilər. Yəni öz vətəndaşlığınızdan çıxın, sonra RF-nin vətəndaşlığını əldə edin. Bu 2005-2009-cı illərə təsadüf edir. O vaxt baş nazir artıq Rusiyada əmək miqrasiyası sahəsində bir sıra yeniliklər tətbiq olunmağa başladı. RF vətəndaşı olmayan şəxslər 2007-ci ilin yanvarından etibarən apteklər şəbəkəsində spirtli içkinin satışını apara bilməzlər. İlin axırına yaxın da bəzi pərakəndə ticarət sahəsindən də vətəndaşlar uzaqlaşdırılmağa başladı. Nəticə etibarilə çox sayda əvvəlki miqrantlar, hansılar ki bu sahədə təmsil olunmuşdular, onlar işsiz qalmağa başladılar, müxtəlif variantlar axtarmağa çalışdılar. Tez bir zamanda RF vətəndaşlığını qəbul etməyə başladılar. Təqribən 10 minə yaxın həmvətənimiz RF vətəndaşlığını qəbul etdi. Qanunvericilik şərait yaratdı ki, insanlar bu imkandan maksimum yararlansın. Sonrakı mərhələdə, 2014-2015-ci illərdə artıq Rusiya yeni qaydalar tətbiq etməyə başladı. Yəni şəxs öz vətəndaşlığından çıxmalıdır. Belə olan halda, statistik rəqəmlərə çox ciddi şəkildə təsir etmədi, amma müəyyən azalmalar müşahidə edilməyə başladı. Bu, tək azərbaycanlılarla bağlı yox, digər respublikalardan olan şəxslərə də şamil olunur. Bir qayda olaraq bütün əcnəbilərə. O səbəbdən Rusiya hökuməti bir neçə ildən sonra 2021-ci ildə bu praktikadan imtina etdi. Rusiya prezidentinin xüsusi sərəncamı ilə yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, şəxs öz ölkə vətəndaşlığından çıxmaya bilər. Sanki Rusiya hökuməti marağını bir növ ifadə etmiş oldu. Sonrakı mərhələdə 2021-ci ilin sonu, 2022-ci ilin yanvar ayından etibarən iqtisadi sanksiyalar tətbiq olunmağa başladı. Bundan sonra artıq vətəndaşlıq üçün müraciət edənlərin sayında müəyyən azalma müşahidə edildi. Söhbət bizim vətəndaşlardan gedir. Baxmayaraq ki, Rusiya hökuməti Azərbaycan vətəndaşlığından çıxmaq kimi məsələni şərt olaraq qoymadı. Amma bizim qanunvericiliyə görə, əgər şəxs başqa bir ölkənin vətəndaşlığını əldə edirsə, bu  Azərbaycan vətəndaşlığına xitam verilməsi üçün əsas yaradır. Hətta bu səbəbdən də sonrakı mərhələdə RF vətəndaşlığını əldə edən şəxslərin də AR vətəndaşlığını əldə etməsi hallarına rast gəlməyə başladıq. Bu da RF vətəndaşlığını əldə etmək istəyənlər üçün əlverişsiz bir mühit yaratmış oldu. Bütün bunlar 10 il müddətində baş verən tendensiyalar idi”. 

A.Allahverənov əlavə edib ki, əmək qabiliyyətli şəxslərin başqa ölkənin vətəndaşlığını əldə etməsi müəyyən mənada əmək resurslarının itirilməsi deməkdir: “Çünki vətəndaşlığı olan şəxslər əmək qabiliyyətli şəxslərdir. Onlar Azərbaycanda əmək qabiliyyəti ilə məşğul olduqda öz ölkəsinə daha böyük fayda verə bilərlər. Digər tərəfdən, bizdə demoqrafiya sahəsində vəziyyət bir çox faktorlara görə kifayət qədər müsbət məcrada mövcud olmaqdadır. Bizdə yüksək emiqrasiya templəri, demoqrafiya ilə bağlı problem yoxdur. Bu yaxınlarda rəqəmlər də açıqlandı. İl ərzində 7-8 min, 10 min insanın Rusiya vətəndaşlığını əldə etmək istəyində olması narahatlıq doğuran məsələ də olsa, əmək bazarına təsir göstərə biləcək ciddi məsələ deyil. Hamısı əmək qabiliyyətli şəxslərdir. Amma bu tendensiya azalmağa doğru gedir. Son iki ildə bu tendensiya azalıb. 2022-ci ilin statistikası ilə mən tanış olmuşdum, 6700 nəfər şəxs var idi. Bu, azalmanı göstərir. Digər tərəfdən də Rusiya ilə aramızda sıx iqtisadi, həm də mədəni cəhətdən bağlılıq var. İstər-istəməz iki dövlət arasında miqrasiya mübadiləsi hər zaman yüksək olub. Ona görə mən düşünmürəm ki, bu, dövlət üçün ciddi problemlər yaradan hala çevrilsin. Digər tərəfdən də bizim bununla bağlı aidiyyəti strukturlar müəyyən strateji planları nəzərdə tutur. Ən azı əmək bazarı ilə bağlı olan proseslərdir, bunlar tam nəzarətdə saxlanıla bilən məsələlərdir. Əminəm ki, bu istiqamətdə işlər görüləcək”.       

Qeyd edək ki, dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova vətəndaşlarına Rusiya vətəndaşlığının qəbulunu sadələşdirib. Bununla bağlı o, fərman imzalayıb. Fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib