Dərc edilib: 11-02-2024

https://www.nuh.az/36317-.html

Tehranda rus səfirliyinə hücum zamanı məşhur şair və dramaturq Qriboyedov öldürülür

11.02.2024 22:06:20

LIVE

11 fevral 1829-cu il. Tehranda rus səfirliyinə hücum zamanı səfirliyin əməkdaşları, eləcə də səfir, məşhur şair və dramaturq Aleksandr Qriboyedov öldürülür.

 

Qacarlar dövründə səfirliklər Təbrizdə yerləşirdilər. Amma Qriboyedov öz etimadnaməsini şaha təqdim etmək üçün Tehrana yollanır. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq, şahın təbəələri bir il müddətində Rusiya ərazisinə köçə bilərdilər. Bu maddədən əsasən ermənilər yararlanırdılar. Rusiya səfirliyinin Tehranda olduğu zaman da xeyli erməni müraciət edərək köçmək üçün yardım istəyir. Onlardan biri də şah hərəmxanasının xədimi, baş xəzinədar mirzə Yaqub Markaryan olur. Xədim İran dövlətinin xeyli sirlərindən agah idi və onun səfirliyə sığınması sarayda narahatlıq doğurur. Amma Türkmənçay müqaviləsinə görə buna mane olmaq üçün əsas yox idi. Belə olduqda, mirzə Yaqubun guya xəzinədən oğurluq etməsi bildirildi və bu əsasla Qriboyedovdan onun geri verilməsi istənildi. Amma səfir imtina etdi. Şahın qohumu Allahverdi xanın hərəmxanasından iki erməni qadının da qaçıb rus səfirliyinə sığınması gərginliyi daha da artırdı. Türkmənçay müqaviləsinə görə Qacarlar gümüş pulla 20 milyon rubl təzminat ödəməli idilər. Bu təzminat İranda vergilərin artırılmasına, əhalinin güzərənanın pisləşməsinə, dolayısı ilə ruslara nfrətin güclənməsinə səbəb olmuşdu. Qriboyedovun başqa yekəxana hərəkətləri ilə yanaşı “xalxın arvadları”nı qaytarmaması narazılığı daha da artırdı. Fevralın 11-də qəzəbli kütlə Rusiya səfirliyi yerləşən evə hücum etdi. Kazaklardan ibarət konvoy səfirliyi müdafiə etməyə çalışdı, amma qüvvələr bərabər deyildi. Maltsev soyadlı bir nəfərdən başqa 35 nəfərlik konvoy və 3 səfirlik işçisinin hamısı öldürüldü. Tanınmaz hala düşən Qriboyedovun cəsədi əlindəki çapıq izindən tanındı. Fətəli şah üzrxahlıq etmək üçün nəvəsi Xosrov mirzəni (Abbas Mirzənin oğlu) bahalı hədiyyələrlə, o cümlədən 88,7 karat çəkisi olan “Şah” almazı ilə Peterburqa göndərdi. Almaz XV əsrdə Hindistanda tapılmış və bir müddət Böyük Moğollara məxsus olmuşdu. Nadir şahın Hindistan səfərindən sonra İrana gətirildi. Baş verən hadisə Fətəli şahın üzrxahlığı, sağ qalan Maltsevin Qriboyedovun özünü yekəxana aparması barədə şahidiyi, eləcə də Rusiyanın özünün maliyyə vəziyyətinin ürəkaçan olmaması üzündən yeni Rusiya-İran müharibəsinə səbəb olmadı. Çar I Nikolay hətta İranın maliyyə vəziyyətini nəzərə alaraq təzminatın ödənilməsində 5 illik fasilə verməyə razı oldu. “Şah” almazı hazırda Rusiyanın Almaz fondunda saxlanılır.

"Tarixçi" teleqram kanalı https://t.me/yadigarsadigli

Yadigar Sadıqlı  

NUH informasiya agentliyi səhifəsindən çap edilib