Cənab Zeynal Nağdəliyev, Sizin Ağsu RİH-də baş verənlərdən xəbəriniz varmı ?
Lerikin keçmiş ( 2007-2021-ci illər ), Ağsunun indiki ( 2021-ci ildən ) icra başçısı Rövşən Bağırovun əməllərindən bəhs edən, “ Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu. İcra başçısı Rövşən Bağırov öz “qara kassir”inə BƏRAƏT almaq istəyir..” və “Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?” başlıqlı məqalələrdə dövlət qurumları qarşısında bir neçə sual qoymuşduq. Təəssüf ki, müvafiq dövlət qurumları hələ də susmaqda davam edir.
Qısa xatırlatma üçün bildirək ki, birinci məqalədə 2024-cü il sentyabr ayında Ağsu RİH-də keçirilən əməliyyat zamanı icra başçısı Rövşən Bağırovun “sağ əli”, “qara kassası”, Ağsu RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlunun həbs olunmasından bəhs etmişdik. ( Barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb).
Və məqalədə haqlı olaraq sual vermişdik:
Ağsu RİH-də keçirilən əməliyyatdan 2 ay öncə Prezident İlham Əliyevin 24 iyun 2024-cü il tarixli sərəncamı ilə Sənan Feyzullayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdu. ( Mənbə: https://e-qanun.az/framework/57114 ).
Və 2 ay sonra həbs olundu.
Məgər rüşvət almaq, korrupsiya əməli DÖVLƏTƏ QULLUQDUR ?
Əlbəttə, cənab Prezident irili-xırdalı minlərlər, on minlərlə məmuru şəxsən tanıya bilməz. Bu mümkün də deyil. Bəs həbs olunan Sənan Feyzullayevin medal alması üçün “xeyir-duanı”, təqdimatı kim verib ?
Biz, yeri gəlmişkən, bu sualla Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, hörmətli Zeynal Nağdəliyevə müraciət edirik.
Cənab Nağdəliyev, Sizin Ağsu RİH-də baş verənlərdən xəbəriniz varmı ?
Sonda onu qeyd edək ki, cənab başçısının, yəni Rövşən Bağırovun daha bir əməli ilə bağlı NUH.az-a məlumat daxil olub.
Daxil olan məlumata görə, icra başçısı Rövşən Bağırov Rusiyadan saxta diplom almış ( Elm və Təhsil Nazirliyində təsdiq olunmayan ) şəxsləri rayonda dövlət qurumlarına vəzifəyə təyin edib. Nəyin müqabilində..?
Hörmətli Zeynal müəllim !
Bu informasiyanı yoxlamaq üçün bizim istintaq qrupumuz-filan yoxdur. Göstəriş verin informasiya yoxlanılsın və məlumat təsdiqini taparsa, günahkar şəxslər cəzalandırılsın.
Hörmətli cənab Nağdəliyev !
Ulu Öndər deyirdi:
“ “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Yəni mərhum Ulu Öndər dövlətə və dövlətçiliyə təhlükənin dəqiq yerini göstərib.
Ümid edirik ki, nəhayət müvafiq dövlət qurumları Ağsu RİH-də baş verənlərlə bağlı qərarını verəcək.
Bizi izləyin. NUH.az