Dərc edilib: 07-04-2016

https://www.nuh.az/7036-.html

Daş karxanasından Prezident Aparatına baş məsləhətçi

07.04.2016 12:32:44

Siyasət

 

 İcra başçılarının çoxunun tərcümeyi-halına nəzər salanda  adamı  soyuq tər basır.

 

60-70 minlik, bəzən 100-150 minlik  rayona rəhbər təyin olunan şəxslərin nə vaxtsa hansısa kənddə, yolqırağında kafe midiri, kooptorqda müdir müavini, daş-çınqıl karxanasında  rəis,  yaxud  “zavqar”  işləmələri  biabırçılıqdan başqa  bir şey deyil.

Axı, hansısa kənddə yol qırağındakı kafe  nədir ki, orda müdir müavini, yaxud müdir vəzifəsi ola..?

Ona görə də icra başçısı təyin olunan şəxs  rayona da “ yol qırağı”  kimi baxır,  rayonu  karxana  kimi işlədir.

Mənim üçün maraqlıdır ki,  icra başçısı təyin olunan şəxsin sənədləri, “delo”su  ölkə başçısına  çatana kimi mühüm  instansiyalardan keçir.

Necə olur ki, belə təsadüfi adamlar  prezidentin etimadını qazana bilir, mühüm vəzifələrə  təyin olunurlar və sonda öz əməlləri ilə  ölkə başçısının da imicinə kölgə salırlar.

Yaxşı yadımdadır, mərhum prezident Heydər Əliyevin səhhətində problem olduğu vaxt icra başçılarından biri  iclasda “Mən ürəyimi cənab Heydər  Əliyevə verməyə hazıram” təklifini verəndə ölkə başçısı bunu pis  qarşıladı və “Mənə heç kimin ürəyi lazım deyil” cavabını verdi. Bu olaydan bir-iki həftə sonra məlum oldu ki, müvafiq dövlət qurumları  həmin icra başçısının fəaliyyətini yoxlayırmış və külli miqdarda yeyinti var imiş. Bir müddət sonra həmin icra başçısı 7 il müddətinə həbs olundu.

Sözümün canı odur ki, icra başçısı kimi  mühüm vəzifəyə  normal, savadlı, təcrübəli şəxsləri seçib təyin etmək lazımdır ki, nə vətəndaşlarımız əziyyət çəksin, nə də  dövlətimizin imicinə zərbə dəysin.

Son bir neçə ayda  “MTN işi” ilə bağlı baş verən rüsvayçılıq da kadr siyasətindəki  ciddi pozuntunun nəticəsidr. Bunu açıq etiraf etmək lazımdır.

Söhbət “MTN işi”ndən, ümumiyyətlə, kadr məsələsindən düşmüşkən, Yardımlı rayon icra hakimiyyətinin  başçısı  Sevindik Hətəmovun tərcümeyi halı da bu köntektdə  yaxşı  “nümunə”  ola bilər..?

Daş karxanasında  çalışan bu şəxs  birdən birə  Prezident Adminstrasiyasına  necə tullandı..? Özü də PA-da  baş məsləhətçi...

Doğrudanmı, PA-ı kadrları daş-çınqıl  karxanasında axtarır..?

Digər tərəfdən, layiq olmayan şəxsləri mühüm vəzifəyə təyin edəndən sonra həmin şəxslərdə “böyük iştah” yaranır və daha böyük vəzifələrə təyin olunmaq üçün  hər yola əl atırlar.

Daş karxanasından PA-a, oradan isə  Yardımlıya icra başçısı təyin olunan Sevindik Hətəmov artıq kənd rayonuna sığmadığını düşünərək  paytaxtın rayonlarından birinə icra başçısı təyin olunmaq istəyir. Bunun üçün keçmiş MTN şefi  Eldar Mahmudovun  ən yaxın adamı olan, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi  Akif Hacıyevlə  məsləhətləşərək  “şef”lə  görüşüblər.

Eldar Mamudov isə Hətəmovun  Binəqədi  rayonuna icra başçısı təyin olanacağına söz verib. Ancaq  bildirib ki, icra başçısının birinci müavini Akif  Hacıyev olmalıdır. Görüşdə başqa məsələlər də müzakirə olunub. Ancaq fələyin gərdişi bu planı yarımçıq qoyub.

Sözün qısası, yararsız kadr siyasəti sonda çirkin qrup  oyunlarına, intriqalara yol açır ki, bu da  dövlətçiliyimizə ziyan vurur.

Əlbəttə, bizim  bu yazıda qeyd etdiklərimiz  icra başçılarının hamısına olmasa da çoxuna aiddir.

 

NUH.az-ın Baş redaktoru  Kamran Məhərrəmli

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib