Dərc edilib: 11-05-2016

https://www.nuh.az/7746-.html

Əliməmməd Nuriyev Oqtay Gülalıyevdən sübut istəyir

11.05.2016 10:08:01

Cəmiyyət

“Söhbət bizim kimisə məhkəməyə verməyimizdən getmir. Yalan və böhtanla danışan bir insandan sadəcə olaraq məsələyə məsuliyyətli yanaşmasını tələb edirik. İstənilən məsələylə bağlı açıqlama verərkən onun sübutlarını da istəyirik”.

Bu sözləri Modern.az saytına hüquqşünas Əliməmməd Nuriyev Milli Şuranın üzvü Oqtay Gülalıyevin İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına qarşı irəli sürdüyü ittihamlarına cavab verərkən söyləyib.

 Ə.Nuriyev deyib ki, artıq müvafiq dövlət orqanları əsassız korrupsiya ittihamı ilə bağlı maraqlanırlar:

“İrəli sürülən korrupsiya  ittihamı cəfəngiyat və yalandan ibarətdir. Bunun heç bir əsası yoxdur. Əgər əsası varsa, sübutlarını tez bir zamanda gətirsin.

Sübut etsin görək kim kimin üzərində qələbə çalıb? 50+1 axı kimlərdir ? Orada iştirak etmək arzusunda olanlar varmı?

O fikri söyləmişik ki, koalisiyanın fəaliyyətinə kölgə salınır və korrupsiya ittihamı irəli sürülür. Vəziyyətin araşdırılması ilə bağlı müvafiq qurumlar cəlb oluna bilər.

Onlar artıq bu məslə ilə bağlı maraqlanırlar. Onlar maraqlanırlar ki, bu 400 min manat məsələsi nədir?

İstənilən KİV-də gedən məsələyə bağlı faktlar yoxlanılır. Bunlar yoxlanılmalıdır. Burada söhbət dövlət vəsaitinin  mənimsənilməsi ittihamından gedir”.

Əliməmməd Nuriyev Oqtay Gülalıyev haqda “biz belə “qəhrəmanları” çox görmüşük” deyib:

“Bəzi siyasi qruplar var ki, koalisiyanın öz yedəklərində aparmaq istəyirlər. Heç kimə imkan verməyəcəyik ki, koalisiyadan siyasi platforma kimi istifadə etsinlər. Bunu kimsə yatsa yuxusunda belə, görməyəcək.

Koalisiyada kimsə mənim fikrimi qəbul etmirsə və düşünürsə ki, koalisiyada  siyasətlə məşğul olmalıdır, o zaman biz məsafələrimizi müəyyən edə bilərik”.

Ə.Nuriyev qurumun bundan sonra da siyasətdən tam uzaq duracağını bəyan edib:

 Koalisiyanın böyük əksəriyyəti belə düşünür ki, koalisiya siyasətlə məşğul olmamalıdır. Konkret məqsədlər istiqamətində fəaliyyət göstərilməldidir. Bunu anlamayan və bilmək istəməyən varsa, bizim onunla yollarımız bir yerdə ola bilməz.

Əgər kimsə koalisiyaya qarşı irəli sürülən 400 min manat rüşvət ittihamını sübut edə bilirsə, buyursun. Amma təəssüf ki, bunu sübut etmək mümkünsüzüdür. Çünki koalisiya şəffaf fəaliyyət göstərir, büdcəsi ilə bağlı bütün hesablar öz əksini tam açıq şəkildə tapır.
Koalisiya haqqında neqativ fikirlər söyləyən şəxslər son 4-5 il ərzində onun  inkişafına hansı töhfəni veriblər? Əlbəttə heç bir”

Qeyd edək ki, Milli Şuranın üzvü Oqtay Gülalıyev  İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının bəzi üzvlərini hökumətə satılmaqda, hakimiyyətdən qeyri-qanuni yolla 400 min manat almaqda və saxtakarlıqda ittiham edib.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib