Dərc edilib: 12-05-2016

https://www.nuh.az/7759-.html

Mirkazım Kazımovun deputatlığı

12.05.2016 17:12:45

Cəmiyyət

 

 Seyid başqasının əmək haqqını yeməz, amma Mirkazım Kazımov yeyib

 

Milli Məclisin deputatı, Qasid mətbuat yayımı firmasının prezidenti, YAP Siyasi Şurasının üzvü Mirkazim Kazımovun adı geniş ictimaiyyətə ancaq son dövrlərdə bəlli olub. Baxmayaraq ki, o, 16 ildir qanunverici orqanda oturur, baxmayaraq ki, üç dəfə parlament seçkilərində “qalib gəlib” və yəqin ki, hələ bundan sonra çox seçkiləri də “udacaq”... Ancaq onu “bu böyük işlər” - YAP fuinksioneri olmaq, qanunverici orqanda oturmaq, təxminən 50 min seçicisi olan bir seçki dairəsini təmsil etmək məşhurlaşdırmayıb, onu jurnalistlərin halal zəhmətini, yuxusuz gecələri hesabına qazandıqları qəpik-quruşları mənimsəmək məşhurlaşdırıb. Mirkazım Kazımovun adındakı “mir”  titulundan göründüyü kimi seyidlər nəslinə mənsubdur. Təbii ki, onun seyid kökünə, ata-babasına böyük ehtiramımız var, amma onu da bildirək ki, seyidlik sadəcə fəxri ad deyil, o, zaman-zaman halallıq, düzlük, haqq tərəfdarı olmaq, xalqı müdafiə etmək, İmam Hüseynin ədalət, əyilməzlik yolunu davam etdirmək deməkdir. Məhz bu cəhətlər seyidləri hər zaman fərqləndirib, cəmiyyətdə onlara nüfuz və ehtiram qazandırıb. Amma mən hər gün qəzetlərdə Mirkazım Kazımovun jurnalistlərin ağır, əzablı əməyini mənimsəməsi haqqında yazıları oxuyanda xəcalət çəkirəm. Hamı bilir ki, jurnalistlərin böyük əksəriyyəti öz ailələrini çətinliklə dolandırır, məşəqqətlər içində yaşayırlar. M.Kazımov da onlara çatacaq vəsaiti mənimsəməklə neçə-neçə jurnalist ailəsində qocanı, körpəni ac qoyub, onları ehtiyacın qoynuna atıb. Mən özüm bir jurnalist, bir qələm adamı kimi Seyid Mirkazımın bu əməlindən xəcalət çəkirəm, fikrimcə, imam, peyğəmbər varisinin qələm adamının qəpik-quruşuna göz dikməsi dinimizə, müsəlman adına kölgə salır?

 

Quranı-kərim qələmi müqəddəs sayaraq, and olsun qələmə demişdir.

 

Mirkazım Kazımovun parlament fəaliyyəti göz qabağıdadır. Bunu tam əminliklə deyirəm, əgər bu adam jurnalistlərin əmək haqqını mənimsəməsə idi, MM-də belə bir deputat olduğunu heç kəs bilməyəcəkdi. 2005-ci ildə onun deputat seçkisi dövründəki təbliğat-təşviqat işləri kampaniyasını yəqin ki, heç kəs unutmayıb. Cəlilabad rayonun Günəşli kəndində seçicilərlə görüşə gələndə onu kənddən biabırçı şəkildə qovmuşdular. Həmin dövrdə rayonun ən böyük kəndlərindən olan Üçtəpə kənd sakinləri də o cür hərəkət etmişdilər: “Bu adam indiyədək nə bir xeyirdə, nə də bir şərdə görünüb, biz ona necə səs verək?”- demişdilər. Elə həmin zamandan 67-saylı dairənin sakinlərindən inciyərək görüşlərdən bilmərrə imtina edən Mirkazım Kazımov rayonla da əlaqələrini kəsib. Yalnız seçkilər vaxtı gedib bəyanat verməklə kifayətlənir: “Siz istəsəniz də, istəməsəniz də mən deputat olacağam”. Əlbəttə, Mirkazım Kazımov düz deyir, o, həmin vaxt necə uğurla deputatlığa başlayıbsa, artıq üçüncü dəfə həmin müvəffəqiyyətlə baryerləri aşıb keçib. Xatirimdə deyil, bir neçə il öncə Mirkazım Kazımovla görüşdə ondan rayonla bağlı, seçiciləri qarşısında götürdüyü öhdəliklərlə əlaqədar hansı işləri gördüyünü xəbər aldım. O, çox könülsüz halda, bir-iki kəndin adının dəyişdirilməsi məsələsini qaldırdığını və Novoqolovka kəndində iki, yoxsa üç artezian quyusu qazdırdığını dedi. Bu da üç çağırış deputatının gördüyü iş... Ən acınacaqlısı isə yuxarıda dediyim kimi seyidin başqasının haqqını yeməsidir... Bu da bizim deputatın üç seçki dövründə gördüyü işlər. Ən başlıcası isə bu adam jurnalistlərin əmək haqqını mənimsəyib...

 

 NUH.az 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib