Dərc edilib: 02-06-2016

https://www.nuh.az/7868-.html

Kommunistlərin möhür QALMAQALI

02.06.2016 11:32:27

Maraqlı

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovdur. Bununla belə Telman Nurullayev iddia edir ki, AKP-nin rəhbəri onun özüdür. Telman Nurullayevin sözlərinə görə, AKP-nin möhürü Rauf Qurbanovda deyil.

Rauf Qurbanov isə bu iddialara bir daha cavab verib.

O, Modern.az-a açıqlamasında deyib ki, Nəriman Nərimanovun 146-cı ildönümü və 9 May faşizm üzərində qələbə münasibəti ilə keçirilən tədbirlərdə rəhbəri  olduğu partiya aktiv iştirak edib. “Bizim həmin tədbirlərdə iştirakımız, mediada məlumatlarımızın dərc olunması bütün qaranlıq qalan məsələlərə aydınlıq gətirir. Bu, AKP-yə kimin rəhbərlik etdiyinin göstəricisidir”.

Partiya sədri bildirib ki, bu cür insanlar (Telman Nurullayev və onun ətrafını nəzərdə tutur) AKP sıralarından çıxarılmış şəxslərdir.

 

“Mən heç onların adlarını da çəkmək istəmirəm. Belə adamlar sarı mətbuatda çıxışlar edirlər, özlərini kommunist elan edirlər. Lakin qısa müddətdə onların iç üzü açılır.

Mən artıq bu adamları bizim üçün problem hesab etmirəm. Onlar siyasətdə, ictimai sferada qəbul olunmurlar”.

Rauf Qurbanov partiyanın möhürünün kimdə olması məsələsinə isə belə aydınlıq gətirib:

“Parlament seçkilərində bizim partiyanın namizədlərinin adı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilmişdi.  Onların mənsub olduğu partiya, tutduğu vəzifələr göstərilmişdi. Bu gün Kommunist Partiyası adından çıxış edən o adamlarının hansı birinin adı orada idi?!

Heç birinin. Onların ümumiyyətlə sənədləri də qəbul olunmadı və seçkidə iştirak etmədilər. Möhür məsələsində də müəmmalı bir şey yoxdur.

Onların dediyi möhür o zaman Firidun Həsənovda olub. Amma onun qeydiyyatdan keçirdiyi partiyanın möhürü 2000-ci ildə ləğv olundu. Biz və Ramiz Əhmədov qeydiyyatdan keçdik və parlament seçkilərində iştirak etdik. Deputat mandatı qazandıq. Bu, sadə bir məntiqdir. Lazım olsa, mən də partiyamızın möhürünü təqdim etməyə də hazıram”.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib