Dərc edilib: 30-07-2016

https://www.nuh.az/8175-.html

Ə, niyə ayağa qalxmırsınız?

30.07.2016 16:40:15

Cəmiyyət

Rasət PİRİSOYU

 

İşıq bahalaşmışdı. Çörək də bahalaşdı. Mən hələ işığın bahalaşmasından  sonra ərzaq dükanlarında qiymətlərin necə böyük sürətlə kəllə çarxa vurduğunu   demirəm.  Necə deyərlər, bütün qapılar bağlanıb, bütün pənəcərələr örtülüb.

Azərbayan əhalisinin bəlkə də  90  faizi  qorxu içərisindədir. Kiminin  xəstəsi var, kiminin kredit borcu, kimi də uşağına təhsil vermək üçün bilmir haranın daşını başına töksün…

Bu yandan da əhalinin  təşkilatlanmış   0,0000000001   fazi də  (vaxtı ilə bu faiz əhalinin tam böyük əksəriyyətini təşkil edirdi)   adamların üstünə düşüb:  «Ə, niyə ayağa qalxmırsınız?»    Əhali isə  öz gündəlik facələrində bu adamların   heç olmasa  söz səviyyəsində sistemli bir addım  atdığının şahidi olmurlar. Eləcə hardasa, hansı qəzetdəsə,  hansı sosial şəbəkədəsə,   hansısa elektron xəbər agetliyindəsə  fəryadlarını yayıblar,  bu faciələrin səbəbkarı olan nəhəng  məmurlar ordusunun hansısa    nümayəndəsinin  ünvanına bir - iki atmacalı söz deyiblər, vəssalam.

 

Adamlar isə tənhadır!    Öz problemlərinin içərisindən baş qaldırıb   ətrafa baxa bilmir. Məsələn, bilmir  hörmətli  İsa Qəmbər kimdir,   möhtərəm Arif Hacılı  kimdir,  cənab   Əli Kərimli kimdir…     Adamlar 90-cı illərin əfsanəsi olan bu adamları demək olar ki,   tamamilə unudub.   Hətta REAL hərəkatının sədri vicdan cəfakeşi (hələlik vican cəfakeşi, sonrasina sonra baxarıq) İlqar Məmmədovun  türmədə olması  çox az  adama məlumdur. Adamlar professor  Cəmil Həsənlini  belə indii   düz - əməlli xatırlamır. Halbuki bir neçə il əvvəl böyük   əksəriyyət olmasa da, ölkədə müəyyən kəsim  Cəmil müəllimin odlu -  alovlu  çıxışılarının  xətası çıxacağından  qorxur, ürəklərində Cəmil müəllimin halına acıyırdılar.  Doğrudur, Cəmil  müəllim yenə də həmin  çıxışları edir, amma daha bu əvvəlki kimi  adamlarda  Cəmil müəllimin taleyi ilə bağlı  narahatlıq yaratmır. 

Çünki adamlar dərdlərinin   içərisindən   baş qaldırıb ətrafa baxmaq iqtidarında deyil…

Məsələn biri elə  mən…İşıqlarımız bir ildən çoxdur elə belə, amma  bir  10  gün  olardı ki, əməlli -  başlı «morqat» edirdi.  Zəng edib xəbər  vermədiyim  yer  qalmamışdı.    199 qəza xəttinə… Azərişıq ASC-in mətbuat xidmətinin  pozitiv  rəhbəri  Tanrıverdi Mustafayevə   (əlimi ürəyimin başına qoyub arxayınlıqla deyə bilərəm ki,  Azərişıq ASC-in mətbuat xidməti  işləmir), Binəqədi İcra hakimiyyətinin  qaynar xəttinə…  Binəqədi  işıq idarəsinin   qəza xidmətinə… Kimə deyirsən?  Çıxıb qonşularımdan soruşudum;  «Sizin evinizdə də  işıqlar «morqat»  edir?…» Deyirdilər: «Bəli…»  Deyirdim: «Bəs qəza xidmətinə niyə zəng eləmirsiniz…»   Üzümə elə əlacsızlıqla baxdılar ki, ürəyim ağrıdı.    

Mən adətən gecələr işləyirəm. Gecələrin birində «morqat»  elə bir oyun   çıxardı ki,  stolüstü    lampamda  dalbadal dəyişdiyim   iki «lampoçka»   partladı.  Bütün gecəni   qəza  xidmətinə   zəng edib   işıqların   vəziyyətini,  başma gələnləri, qorxudan  soyuducunu xəttə  qoşmamağımı,   aristonu işlətməməyimi  (bir aristonumun   meydi balkonumdadır),  kirin içərisində itb batdığımızı   izah etdim. Ən nəhayət  mənə hardasa komissiyaların yaradıldığını, tezliklə  qəzanın aradan qaldırılacağını,  şəxsən mənim mənzilimə baş  çəkəcəklərini   xəbər verdilər.

        Yeri gəlmişəkən, deyim ki, qəza xidmətinin  növbətçiləri özləri mənə etiraf edib ki, Binəqədinin   8-ci mikrorayonunun  hər yerində bu vaqeə özünü göstərir.

        Bundan iki gün sonra gəldilər. Təqribən  bir saatlığa işıqları söndürdülər. İşıqları qaydasına salıb getdilər. Amma mənim mənzilimə baş çəkmədilər. Mən  Binəqədi işıq qəza xidmətinə  zəng edib  «morqatın»  səbəbini   soruşanda, xəttin o başındakı  dedi ki, problem  binalarda gedən təmir işləri ilə bağlıdır,  adamlar  təmir işləri aparmaq üçün  qeyri -  qanuni   («qeyri -  qanuni…  ha?»  - R.P. ) şəkildə xəttə qoşulur, bu da öz növbəsində  xəttə texniki nasazlıqlar  yaradır.

        Bizim binada isə, yalan olmasın,  hər gün  təmir gedir. Özü də təmir  işlərini   əsasən  qaçqınlar   qaçqınların  zəbt etdikləri evlərdə aparırlar.

        Bu bəlkə də  çoxlarına adi məsələ kimi görünəcək.  Amma belə deyil.  Adamdan kifayət qədər böyük eneri  aparan problemdir.   Xəstəxanalardakı,  hüquq mühafizə sistemindəki,  məhkəmələrdəki,  banklardakı,   nəqliyyatdakı,   mətbuatdakı,  təhsildəki…     kütləvi  problemlər bir yana dursun,     ölkədə  həm də yarım saata, uzaqbaşı bir saata həll oluna biləcək  belə  adi prolblemlər bəs qədərincədir, adamları  hər gün dəli - divanə etmək gücündədir.   

        İndi ölkədə  əhalinin  90 faizdən çoxunun başı belə problemlərə qarışıb.  Böyük əksəriyyət əhalinin  başına   hansı  ictimai, siyasi, mədəni   torbalar  hörüldüyündən  tam xəbərsizdir.    İndi küçəyə çıxıb    soruşsaq ki, sentyabrın 26-da  ölkədə nə baş verəcək,  bəlkə  də aldamların  ondan doqquzu  məsələdən xəbərsiz olacaq.    Bəlkə də dindarlar deyəcək:  «qurban olduğum Mehdi  zühur edəcək»,   müxalifətçilər  deyəcək, «biz  bu rejimə qalib gəlib, ölkədə demokratik  idarəçiliy bərpa edəcəyik»,   kasıblar deyəcək,  «suyun da qiymətini qaldıracaqlar»,   qaçqınlar deyəcək    « ermənilər   Rusiyanın tələbi ilə  Qarabağdakı   beş  rayonu bizə  qaytaracaq!»,    qocalar deyəcək:  «pensiyalar  artırılacaq!...»…    

        Ölkədəki  ictimai,  siyasi,  mədəni problemlərin həllini  öz  boyunlarına götürən   qüvvələr isə  adamlarla sistemli iş aparmaq,  insanları  öz hüquqları uğurunda mübarizəyə hazırlamaq,   adamları  birləşdirən    mexanizmlər  axtarıb  tapmaq əvəzinə  (özü də müntəzəm olmaq şərti ilə) əhalinin   üstünə yeriyəcək:  «Ə, niyə ayağa qalxmırsınız?!»  

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib