Dərc edilib: 09-12-2016

https://www.nuh.az/8884-.html

Rəsulzadənin Nizaminin türk mənşəyi haqqında

09.12.2016 15:35:27

Maraqlı

Atif İslamzadə

Filologiya üzrə fəlsəfə doktoru       


Bütün Şərqdə ilk milli demoqrafik respublikanın qurucusu olan milli öndərimiz  M.Ə.Rəsulzadə zaman-zaman öz siyasi-ictimai və elmi-ədəbi fəaliyyətində türklüyümüzü bəyan etmişdir. Belə ki, hələ Türkiyə Cumhuriyyəti yaranmasından  beş il əvvəl yəni 1918-ci ildə Azərbaycan adlanan respublikanın əsas əhalisinin adının rəsmi sənədlərdə türk yazılmasına öz silahdaşları ilə birlikdə nail  olmuşdur. 

Halbuki indi türk deyəndə ilk dəfə yada düşülən Türkiyə türkləri, o zaman rəsmi şəkildə "osmanlı", türk dili isə osmanlı dili adlanırdı. Böyük  Məhəmməd Əmin "Azərbaycan şairi Nizami" monoqrafiyasında dahi mütəfəkkir şairi türk adlandırmaqla türk adının heç də müasir bir ad kimi siyasi leksikonda  qəbul olunmamasına, əksinə daha qədim olmasına da aydınlıq gətirir.

O, Nizami  Gəncəvi haqqında yazır: “Bütün dünya tədqiqatçılarının ümumi rəyinə görə  Nizami ən böyük bir qələm türküdür. Bu böyük türk, müasirlərindən şikayət edən  bir yazısında "bu həbəşlikdə türkcəmi anlayan yox" deyə oxucularla dərdini  bölüşdürərək aşağıdakı beytləri yazır:

Torkiyəm-ra dər in həbəş nə xərənd,

Lacərəm, duğba-ye xoş nə xorənd.

Türkcəsi;

Türkcəmi bu həbəşlikdə alan yox,

Dovğamı bir yemək deyə sayan yox.

Başqa bir yerdə Məmməd Əmin bəy Nizaminin türklüyünü öz misralarından  nümunə verməklə dəqiqləşdirir. Böyük N.Gəncəvi "Xosrov və Şirin"əsərinin sonunda yazır;

Əgər şod torkəm əz xərgəh nəhani,

 Xodayə, torkzadəmva to dani.

(Əgər türküm çadırdan gizlinə çəkildisə də,

Xudaya, türk balasını sən özün qoru.)

Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən   bəhs açır, ona "türküm" deyir, Afaqdan olan oğlu Məhəmmədi isə "türk balası"  adlandırır.

Nəsil şəcərəsinin ta kökü ilə götürülməsini də nəzərə alsaq Nizami məhz burada  özünün türk olduğunu, Afaq ilə izdivacdan doğulma övladının türk balası  olmasını qeyd edir. Ümumiyyətlə Nizami təfəkkürünün bədii məhsulları içərisində türk  sözü müxtəlif mənalarda işlənməklə bütöv bir gözəllik və ləyaqət məcmusu, epik-estetik baxışlar sistemidir. Məhəmməd Əmin bəy bu barədə yazır: "Heç bir əsərdə  türk məfhumu Nizamidə olduğu qədər sevgi və məntiqi bir silsilə ilə ifadə edilməmişdir. Şairin təhlil etməkdə olduğumuz “Xəmsə”sində bu müddəanın 80-dən artıq müxtəlif dəlil və əsaslarını tapmışıq".

Təbii ki, Nizamidə türk anlamının bu qədər geniş semantik səviyyəsi onun  türklüyə sevgi və məhəbbətindən irəli gəlirdi. "İskəndərnamə"də İskəndəri "rum  papaqlı türk" adlandıran şair "Kəbənin sultanı" qəsidəsində Muhamməd Əleyhissəlamı "ərəb bədənli türk" adlandırır.

Nizamidə böyük olanın, gözəl olanın, yaxşı olanın, bir sözlə yüksək keyfiyyətlər  təcəssüm etdirən anlamın "türk" sözü ilə işarələnməsini ciddi tədqiq edən təd- qiqatçı M.Ə.Rəsulzadə məntiqi şəkilə yekun qənaətini irəli sürür: "Nizaminin  türklüyünü inkar etmək onun 800 il sonra da təravətini mühavizə edən "türkcəsi"ni anlamayan faciəvi bir "həbəşlik” olardı".

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib