Dərc edilib: 14-01-2017

https://www.nuh.az/9237-.html

Kərəm Həsənovun qaz turbası...dəmir yolu biznesi

14.01.2017 14:49:08

Cəmiyyət

Azərbaycandakı sənədsiz yaşayış evləri və digər tikililərin rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı  cənab İlham Əliyevin tapşırığından 5  ildən artıq  vaxt  keçsə də, bu məsələ hələ də həllini tapmayıb. Xatırladaq ki, dövlət başçısı  bu problemi 2011-ci il martın 9-da Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə səsləndirib. Həmin tədbirdə prezident aidiyyəti qurumlara məsələnin tez bir zamanda həll edilməsi barədə tapşırıq verib. Prezident bu problemin əhalinin sosial vəziyyətinə və mülkiyyət hüquqlarının qorunması işinə mənfi təsir göstərdiyini söyləyərək məsələnin maksimum dərəcədə əhalinin xeyrinə həll etməyi tapşırmışdı.

Ölkə başçısı həmin müşavirədəki çıxışında bu məsələni son dərəcə konkret qoymuşdu:”Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də  göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər”.


Bəli, atalar demişkən, “Pir mənimdir kəramətinə bələdəm”.

Cənab Prezident 5 il öncə  xalqın xeyrinə təşəbbüs irəli sürəndə  Əmlak Məsələləri  Dövlət Komitəsində və Daşınmaz Əmlakın Dövlət  Reyestri Xidmətində çalışan məmurların  kəramətinə gözəl bələd idi.

Bilirdi ki, bəzi  məmurlar  tamah ucabatından  bu təşəbbüsə imkan verməyəcək.

Əlimizdə olan xeyli sayda materiallar bunu təsdiqləyir.

Vətəndaş 10 ilə yaxındır  fərdi  evində yaşayır, evinə pasport qeydiyyatına alınıb, hüquqi qeydiyyatla bağlı məhkəmə qərarı var. Üstəlik icra hakimiyyətinin sərəncamı ilə vətəndaş  evinə hüquqi qeydiyyata alınıb və fərdi yaşayış evinin layihəsi təsdiq edilib. Prezidentin də  qəti tapşırığı öz yerində. Daha nə lazımdır, cənablar..?

NUH.az-a  daxil olan  sənədlərdə DRX  tərəfindən vətəndaşa cavab verilir ki, fərdi yaşayış evi  guya qaz turbasına yaxındır, yaxınlıqdan dəmir yolu keçir və s.

Onda sual oluna bilər ki, yaşayış massivindəki digər evlərə  necə və neçə min manata “kupça” verilib..? Deməli rüşvət veriləndə qaz turbasına, dəmir yolu xəttinə göz yumulur, verilməyəndə, yaxud rüşvət az olanda ortaya çeşidli səbəblər çıxır. Həm də bu səbəblər ona görə gülməlidir ki, həmin qaz turbasının, dəmir yolu xətiinin daha çox  yaxınlığında xeyli sayda dövlət idarələri tikilib, orada məmurlar çalışır. Bəs bu necə olur? Deməli, söhbət rüşvətdən gedir. Özü də hansı miqdarda..?

Bütün bunlardan əlavə axı ortada məhkəmə araşdırması var, icra hakimiyyətinin sərəncamı var, məhkəmə dövlətin adından qərar çıxardıb. Bəs, bunları hara yazaq..?

Bir sözlə, Reyestr Xidmətinin məmurları qaz turbasını, dəmir yolu xəttini özlərini üçün şəxsi qazanc mənbəyinə çevirib və Prezidentin  5 il öncə verdiyi tapşırığı qulaqardına vururlar.

Məlumat üçün qeyd edək ki,  ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb.

Bu bəyənmədiyimiz əcnəbilərin kəraməti, bu da bizim harınlamış  milli məmurların kərəməti...

 

 

   NUH.az 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib