Mayın 12-də Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən Rumıniya Senatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu” mövzusunda konfrans keçirilib.
APA xəbər verir ki, konfransda Rumıniya Parlamentinin Deputatlar Palatasının və Senatının üzvləri, Parlamentdə təqdim olunan partiyaların fraksiya rəhbərləri, Rumıniya Hökuməti nümayəndələri, Rumıniyadan seçilmiş Avropa Parlamentinin deputatı, Rumıniyada akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri və nümayəndələri, “SOCAR Petroleum SA” şirkətinin, “Yunus Emre” İnstitutunun Buxarest ofisinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi və əməkdaşları,ictimai-siyasi xadimlər, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, İran azərbaycanlılarının icmasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib, daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri çıxış sözü ilə açan Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Rumıniya Senatının prezidenti Mirça Abrudean çıxışında mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət verib. O, keçən ildə Azərbaycana baş tutan səfərini və Prezident İlham Əliyev ilə səmimi görüşünü xatırlayaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı fayda, dostluq və strateji tərəfdaşlıq əsasında inkişa etdiyini bildirib. Senatın prezidenti Azərbaycanda müşahidə etdiyi hərtərəfli inkişaf, rifah və sabitliyi xüsusi vurğulayaraq, Cənubi Qafqazda Azərbaycan rəhbərliyinin səyləri nəticəsində bərqarar olan sülhün Avropa, o cümlədən Rumınıya üçün əhəmiyyətindən danışıb.
AR Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov ikitərəfli münasibətlərin yaxın keçmişinə toxunub, iki ölkə arasında enerji, logistika və s. sahələrdə həyata keçirilən birgə layihələrdən bəhs edib, o cümlədən Rumıniya dövlətinə və xalqına Buxarest şəhərində Ulu Öndərin abidəsinin qoyulmasına və xatirəsinin yaşadılmasına görə təşəkkürünü ifadə edib.
Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, baş nazirin keçmiş müavini Marian Neakşu Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluğun möhkəmləndirilməsində əsas simalardan biri olduğunu qeyd edib. “Heydər Əliyev Buxarest ilə Bakının yaxınlaşmasının strateji zəruriliyini anlayır, ölkəmizi regionda əsas tərəfdaş kimi qiymətləndirirdi. Bu irs bu gün də praqmatizm və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rumıniya-Azərbaycan münasibətlərinin gələcək inkişafına ilham verməyə davam edir”,-deyə Marian Neakşu qeyd edib.
AR Milli Məclisində Rumıniya ilə dostluq qrupunun sədri Azay Quliyev parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrdəki roluna toxunub, Rumıniya dostluq qrupunun üzvlərinin Qarabağda azad olmuş ərazilərə səfərini xatırlayaraq, Rumıniya tərəfinin davamlı olaraq beynəlxalq təşkilatlar müstəvisində Azərbaycanın maraqlarını dəstəklədiyini qeyd edib.
Avropa İttifaqı Parlamentinin Rumıniyadan seçilmiş üzvü, Rumıniya Milli Mühafizəkar Partiyasının (PNCR) sədri Kristian Terheş çıxışında regionda, o cümlədən Ukrayna və İranda baş verən gərginliklər fonunda əhəmiyyətini daha da artırmış Orta dəhlizin əhəmiyyətinə toxunub, bu layihənin Vaxtilə Ulu Öndərin irəli sürdüyü uzaqgörən strategiyaya əsaslandığını vurğulayıb. Bu baxımdan o, Orta dəhlizin Azərbaycan və Rumıniyasız mövcud ola bilməyəcəyini, ölkəmizin önəminin Avropada artıq dərk edildiyini, ikitərəfli əlaqələrin Ümummilli Liderin qoyduğu təməl üzərində inkişaf etdiyi bildirib.
Rumıniyalı senator Kristian-Auqustin Nikulesku-Tsıqırlaş çıxışında keçən ilin avqust ayında Azərbaycana, xüsusən ölkəmizin Qarabağ bölgəsinə səfərini xatırlayıb. O, səfər zamanı Qarabağda şahidi olduğu miqyaslı bərpa-quruculuq işləri, dağıdılmış ərazilərin yenidən canlandırılması və müasir infrastrukturun sürətlə qurulması barədə yüksək qiymətləndirici fikirlər səsləndirib və bu prosesin regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. “İqtisadi sahədə Azərbaycan Respublikası Cənubi Qafqazda bizim ən mühüm tərəfdaşımızdır və bizi uzunmüddətli layihələr, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq birləşdirir”,- deyə senator bildirib.
Tədbirdə Rumıniya parlamentində AUR (“Rumınların Birləşməsi uğrunda Alyans”) fraksiyasının sədr müavini Nikolae Vlahu, Rumıniya Müsəlmanlarının müftisi Murat Yusuf, Rumıniya İnformatika üzrə Araşdırmalar və İnkişaf Milli İnstitutunun (ICI) baş direktoru Adrian-Viktor Vevera və digərləri çıxış ediblər.
Sonra Azərbaycan xalqının Ümummilli Liderinin zəngin və mənalı ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub, həmçinin tədbir iştirakçılarına Rumıniya Senatının foyesində Ulu Öndərin xatirəsinə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini Rumıniyada rəsmi səfərdə olan Moldova Parlamentinin sədri İqor Qrosu ziyarət edib. O, Ulu Öndər Heydər Əliyev ilə bağlı xoş sözlər söyləyib, onun Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında müstəsna rolunu vurğulayıb.


