1934-cü il martın 12-də Estoniya hökuməti fövqəladə iclas keçirib. General Yohan Laydoner baş nazir Konstantin Pyatsın yanında görünəndə nazirlər təəccüblə bir-birinə baxıblar. Pyats ölkədə altı ay müddətinə hərbi vəziyyət elan ediləcəyini və Laydonerin baş komandan təyin ediləcəyini bildirib. Həmin gecə kursantlar Tallin küçələrinə çıxaraq baş nazirin siyasi rəqiblərini həbs ediblər.
Pyats tərəfdarlarının çevrilişi qansız baş tutub. Sonrakı altı il ərzində, 1940-cı ildə Sovet İttifaqının qoşunları gələnə qədər, siyasətçi kiçik Baltik respublikasını sakitcə idarə edib, orada avtoritar rejim qurub. Lakin Stalin ondan istifadə etdikdən sonra “dəli” elan edərək sakitcə öldürüb.
Konstantin Pyats 1874-cü ildə anadan olub, Riqada pravoslav ilahiyyat seminariyasında təhsil alıb, sonra Tartuda imperator Yuryev universitetinin hüquq fakültəsinin tələbəsi olub, Tallində işləyib (o vaxt şəhər Reval adlanıb). 1901-ci ildə Konstantin gənclərlə birlikdə şəhər sakinləri arasında kifayət qədər populyarlaşan “Vestnik” qəzetini nəşr etməyə başlayıb. Üç il sonra isə o, Tallin şəhərinin vitse-meri olub.
Bununla belə, Pyats üçün əsl siyasət 1905-ci ildə onun qəzetində Sankt-Peterburq fəhlə deputatları şurasının müraciəti dərc edildikdən sonra başlayıb. Hakimiyyətin reaksiyası çevik və sərt olub: redaksiya dağıdılıb və gənc siyasətçi hərbi səhra məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib. Pyats möcüzəvi şəkildə qaçmağı bacarıb. O, əvvəlcə İsveçrəyə, sonra Finlandiyaya gedib.
Şayiələrə görə, o, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının növbəti qurultayına gəlib və Stalinlə görüşüb. Bu epizod Estoniya prezidentinin taleyində mühüm rol oynayıb. 1909-cu ildə vətəninə qayıdan siyasətçinin populyarlığı o qədər sürətlə artıb ki, 1918-ci ilin fevralında Pyats Estoniya müvəqqəti hökumətinin baş naziri təyin edilib və onun ilk qərarlarından biri ölkənin müstəqilliyini elan etməsi olub.
Suverenliyini elan edən gənc ölkə parlamentli respublika modelində dövlət qurmağa başlayıb. 4 il ərzində Estoniyada 23 hökumət mövcud olub. Lakin əbədi böhran istedadlı siyasətçi Pyatsin xeyrinə işləyib. 1920-ci illərdə o, iki dəfə Estoniyanın baş naziri olub, birinci dəfə bu 22 ay, ikinci dəfə isə 8 ay davam edib.
Qalan vaxtlarda mühafizəkar fermerlər partiyasından Estoniya parlamentinin üzvü seçilib, eyni zamanda gənc respublikanın biznes kapitanlarından birinə çevrilib. Pyats həm də mahiyyəti yalnız bu əsrin əvvəllərində açılan gizli işlər də həyata keçirib.
2004-cü ildə eston tarixçisi İlmyarv Maqnus 1920-1940-cı illərdə Baltikyanı dövlətlərin xarici siyasətindən bəhs edən və məxfi sənədləri özündə əks etdirən “Səssiz kapitulyasiya” kitabını nəşr edib. Araşdırmaya görə, Pyats SSRİ səfirliyindən 4000 dollar maaş alıb. O zaman bu, böyük məbləğ idi, hətta baş nazirin maaşı bundan aşağı olub. Pyatsin işi iqtisadiyyatın vəziyyəti haqqında məlumatları Sovet İttifaqı rəhbərliyinə ötürmək və lazımi islahatların aparılması üçün lobbiçilik etmək olub.
Böyük depressiya Estoniyanı uzun sürən siyasi böhrana sürükləyib və bir çoxları Pyatsı müxtəlif qüvvələri birləşdirməyə qadir fiqur kimi görüblər. Çünki o, ilk müstəqil hökumətin birinci rəhbəri və Estoniya tarixində yeni dövrü elan edən insan olub. Beləliklə, 1931-ci ildə o, yenidən baş nazir olub.
Pyats tərəfdarlarının ümidlərini yalnız qismən doğruldub. O, həqiqətən də bir-birinə dözə bilməyən mühafizəkarları və sosial-demokratları birləşdirə bilib, lakin yeni hökumət respublikanın iqtisadi problemlərini həll edə bilməyib və koalisiya dağılıb. Bu hadisələr fonunda “Vabadussõjalaste liikumine” təşkilatı - “Estoniya qurtuluş müharibəsi veteranları liqası” sürətlə populyarlıq qazanıb.
Lakin bu gediş SSRİ-ni narahat edib. Nəticədə general Yohan Laydoner və baş nazir Konstantin Pyats Sovet İttifaqının köməyi ilə hərbi çevriliş edib. “Veteranlar liqası” ləğv edilib, rəhbərləri və ən fəal üzvləri dövlət çevrilişi hazırlamaqda ittiham edilərək həbsə alınıblar. Bir neçə gün sonra Pyats bütün digər partiyaları, müstəqil mətbuatı, nümayişləri və tətilləri qadağan edib.
Sovet kəşfiyyatçısı Pavel Sudoplatov öz xatirələrində qeyd edib ki, Pyats prezident kimi də sovet agentlərinin təsiri altında qalıb və məhz onun Estoniya elitasının nümayəndələri ilə işi 1940-cı ildə respublikanın qansız işğalına imkan verib.
28 sentyabr 1939-cu ildə, II dünya müharibəsi başlayandan qısa müddət sonra Tallin və Moskva “Qarşılıqlı yardım müqaviləsi” imzalayıblar, ona əsasən, Estoniya ərazisində 25 min hərbçidən ibarət sovet hərbi bazaları peyda olub.
Estoniyada kommunistlər hakimiyyətə gəldikdən sonra o, bir neçə ay formal dövlət başçısı olaraq qalıb və yeni hökumətin bütün fərman və qərarlarını öz imzası ilə təsdiq edib. 1940-cı il iyunun 29-da Pyats öncə ev dustaqlığına göndərilib, təxminən bir ay sonra isə Ufaya sürgün edilib.
Bəzi tədqiqatçılar hesab edir ki, Stalin onun şəxsi həyatının toxunulmazlııa şəxsən zəmanət verib. Lakin almanların SSRİ-yə hücumundan sonra Pyats dindirilib, oğlu repressiyaya məruz qalıb. Tezliklə eks-prezident ruhi xəstə hesab edilib və buna görə də məcburi müalicə üçün Kazandakı həbsxana tipli klinikaya göndərilib.
Onun diaqnozu belə idi: “Estoniyanın prezidenti olduğunu deyir”.
Daha sonra psixiatriya xəstəxanasında Pyatsa baxan tibb bacılarından biri keçmiş prezidentin Stalini tez-tez xoş sözlərlə xatırladığını və Estoniyanın SSRİ-yə qoşulmasından sonra onun həyatını xilas etdiyinə görə ona təşəkkür etdiyini deyib.
Pyats orada 10 il keçirib. Yalnız 1952-ci ildə əmlakı müsadirə olunmaqla 25 il həbsə məhkum edilib. Keçmiş Estoniya lideri Tver vilayətinin Buraşevo kəndindəki psixiatriya xəstəxanasına köçürülüb, 1956-cı ildə orada vəfat edib və onun qalıqları yalnız 1990-cı ildə aşkar edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün